Təhsilhaqqı baha, təhlükəsizliyi zəif özəl məktəblər – ARAŞDIRMA
Valideynlər sual edir: “Bu qədər pul ödədiyim halda övladımın təhlükəsizliyinə nə dərəcədə zəmanət var?”
Bir çox özəl liseydə təhsil haqları yüksəkdir, lakin məktəblərin mühafizə sistemi ciddi tənqid olunur. Rəsmi statistikaya görə, 2025-ci ildə ölkədə təhsil müəssisələrinin əksəriyyətində təhlükəsizlik kameralarının sayı artırılıb, giriş-çıxışlarda nəzarət gücləndirilib. Lakin özəl liseylərdə tədbirlərin səviyyəsi bərabər deyil. Məktəblərdə şagirdlərin çantalarının yoxlanması aparılır, amma şagirdin özünün yoxlanmasına nadir hallarda rast gəlinir. Bu da valideynlər arasında narazılıq doğurur. Yada salaq ki, fevralın 2-də “İdrak” liseyində 10-cu sinif şagirdi ov tüfəngi ilə müəllimə atəş açıb. Liseydə baş verən hadisədən sonra təhsil ocağının illik ödənişi məsələsi də müzakirələrə səbəb olub.
“İdrak” liseyində oxumaq istəyənlər ildə 16 500 manat xərcləməlidirlər. Ümumiyyətlə, Azərbaycandakı özəl məktəblərdə illik təhsil haqqı 2 500–55 000 manat arasında dəyişir və qiymət təhsilin səviyyəsindən asılı olaraq fərqlənir.
Valideynlər sual edir: bu qədər pul ödədiyim halda övladımın təhlükəsizliyinə nə dərəcədə zəmanət var? Şagirdlərin çantalarının yoxlanması üçün xüsusi qurğu varmı? Bu suallarla bir neçə özəl məktəbə müraciət etdik.
Nəsrəddin Tusi adına özəl məktəbdən Musavat.com-a belə deyilib:
“Dünən polis əməkdaşları gəlmişdilər, tədbir keçirildi, söhbətlər aparıldı. Məktəbimizin girişində qorumamız var, ciddi şəkildə yoxlanılır. Məktəb balacadır, ailə kimidir. Turniket üçün məktəbimiz balacadır, uşaq sayı azdır. Uşaqların hamısı gözümüzün önündədir. Nəzarətimiz güclüdür. Telefonlar, saatlar icazə verilmir. Sinif rəhbərləri bütün uşaqları yoxlayır. Bu qaydalar 35 ildir məktəbimizdə tətbiq olunur, “İdrak” isə yeni açılanlardandır”.
Bakı İstanbul Liseyinin rəsmisi deyib ki, təhlükəsizlik qaydalarına ciddi riayət olunur: “Amma tək-tək şagirdlərin çantalarının yoxlanması vaxt tələb etdiyindən mümkün olmur. Ümumilikdə isə hər bir şagird ayrı-ayrılıqda ciddi nəzarət olunur, psixoloji vəziyyətinə uyğun addımlar atılır”.
“Hədəf” liseyindən bildirilib ki, 6 ünvanda lisey var və hər birində gələn-gedənlər yoxlanılır:

“İşə gələndə və gedəndə rəhbərliklə danışılır. Turniketlər hər yerdə olmasa da, sinif rəhbərləri nəzarət edir. Çantalar yoxlansa da yoxlanmasa da, ümumilikdə nəzarət güclüdür”.
Əlaqə yaratdığımız digər özəl məktəblər cavab verməkdən çəkindilər, o cümlədən “Müasir İnnovasiya liseyi”, “Kaspi”, “Baku Oxford School”, “Yaşam məktəbi (Zirvə)”.
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib ki, “İdrak” liseyindəki hadisənin qarşısını almaq üçün bir neçə qabaqlayıcı tədbir görülməlidir:

“Burada yenə də qeyd etmək istəyirəm: məktəbin fiziki təhlükəsizliyi və nəzarət mexanizmləri gücləndirilməlidir – bu birinci məsələdir. Digər tərəfdən, məktəbdə psixoloji mühitə diqqət artırılmalı, şagirdlərin rəqəmsal media üzərindən paylaşımlarına nəzarət olunmalıdır. Eyni zamanda bilirik ki, baş verən hadisə valideynə məxsus silahdan istifadə olunmaqla şagird tərəfindən törədilib. Deməli, silahın saxlanma qaydaları da burada pozulub. Mütləq şəkildə müəllim-şagird münasibətləri, müəllim-valideyn münasibətləri, həmçinin psixoloqun rolu və mühafizə tədbirlərinin artırılması məsələləri daim gündəmdə olmalıdır. Cəmiyyətdə mövcud olan aqressiyanın azaldılması istiqamətində ictimai maarifləndirmə işləri aparılmalıdır. Azərbaycan cəmiyyətində həqiqətən də aqressiv münasibətlər müşahidə olunur və bunlar, əlbəttə ki, zərərlidir. Ona görə də yenə qeyd etmək istəyirəm: medianın üzərinə vəzifələr düşür, ziyalıların üzərinə vəzifələr düşür, məktəbin üzərinə vəzifələr düşür, valideynlərin üzərinə vəzifələr düşür. Yəni bu, bütövlükdə kompleks yanaşma tələb edən bir məsələdir. Deməli, belə çıxır ki, bu hadisə istənilən halda məktəbin xaricində də baş verə bilərdi. Əgər şagird həmin cinayəti törətmək qərarına gəlibsə və müəllimə qarşı güc tətbiq etmək niyyətini formalaşdırıbsa, deməli, təkcə məktəbin seçilməsi onun qarşısını ala biləcək əsas amil deyil. Tutaq ki, məktəbdə təhlükəsizlik tədbirləri gücləndiriləcək, polis postu qoyulacaq, nəzarət artırılacaq və s. – bunların özü məsələni tam həll etmir. Məsələnin kompleks həlli üçün hər kəs üzərinə düşən vəzifəni və məsuliyyəti düzgün şəkildə yerinə yetirməlidir. Maarifləndirici materialların sayı artırılmalıdır. Sosial media üzərindən şagirdlərə nəzarət tədbirləri mütləq şəkildə genişləndirilməlidir. Məsələn, həmin şagirdin Tik-Tok səhifəsindəki paylaşımları müəyyən təhlükəli məqamlardan xəbər verirdi. Əslində, psixoloqların fəaliyyətinin daha effektiv qurulması istiqamətində ciddi işlər görülməlidir. Valideynlər öz məsuliyyətlərini dərk etməli, övladlarının tərbiyəsinə daha çox zaman ayırmalıdırlar. Təbii ki, müəllim fiziki xəsarət alıb. Amma eyni zamanda şagirdin gələcək həyatı ilə bağlı da ciddi suallar ortaya çıxıb. Şagird o, hadisənin fiziki qurbanı deyil. Amma bütövlükdə onun gələcəyi ciddi şəkildə təhlükə və sual altına düşüb. İstintaq aparılacaq, onunla bağlı məsuliyyət məsələsi də olacaq”.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl da mövzu ilə bağlı Musavat.com-a danışıb:

“Bu mənim sahəm deyil, amma münasibət bildirmək istəyirəm. Əvvəla, uşaqların tərbiyəsi, onların nəyə meylli olması məsələsi Elm və Təhsil Nazirliyinin qarşısında duran çox ciddi bir məsələdir və buna heç kim etiraz etmir. Əvvəllər sosial şəbəkələr yox idi, TikTok və digər platformalar mövcud deyildi. Şagirdlərin müxtəlif informasiyalara çıxışı bu qədər asan və geniş deyildi. İndi isə demək olar ki, dünyada baş verən ən pis hadisələr belə açıq şəkildə yayımlanır. Hətta bəzi hallarda zorakılıq, güc nümayişi müəyyən formada təbliğ olunur. Müxtəlif təhlükəli “çağırışlar”, meylilər haqqında informasiyalar yayılır və bu, xüsusilə uşaqlarda, yeniyetmələrdə, gənclərdə müəyyən təsir yaradır. Xüsusilə oğlan uşaqlarında fiziki güclə nəyisə həll etmək meyli formalaşa bilir. Ona görə də profilaktik tədbirlərin mütəmadi və sistemli şəkildə aparılması uşaqlar və yeniyetmələr arasında çox vacibdir. Təbii ki, bunu yalnız müəllimlər deyil, eyni zamanda psixoloqlar həyata keçirməli, məktəblərdə bu istiqamətdə maarifləndirici söhbətlər aparmalı və şagirdlərə düzgün bilik və istiqamət verməlidirlər. Bu konkret hadisə isə sona qədər araşdırılmalıdır. Cinayətin əsas səbəbi nədir, niyə məhz həmin müəllim hədəf seçilib – bu suallar mütləq cavablandırılmalıdır. Müəllimə qarşı zorakılığın motivi nə olub? Cinayət təqibində ən vacib məqamlardan biri motivin müəyyən edilməsidir. Çünki səbəbsiz cinayət olmur. Bu, ehtiyatsızlıqdan baş verən hadisə deyil, əvvəlcədən düşünülmüş plan olduğu ehtimal olunur və buna görə də motiv dərindən araşdırılmalıdır. Hətta bəzilərinin iddia etdiyi kimi, guya müəllim şagirdi sıxışdırıbsa belə, bu, heç bir halda zorakılığa, kiməsə xəsarət yetirməyə və ya daha ağır nəticələrə cəhd etməyə əsas vermir. Deməli, burada müəllimlərin psixoloji baxımdan, xüsusilə yuxarı sinif şagirdləri ilə profilaktik mövzularda mütəmadi söhbətlər aparması çox vacibdir. Bu cür hərəkətlərin sonunun nə qədər ağır nəticələrə gətirib çıxardığı həmin söhbətlərdə xüsusi vurğulanmalıdır”.
Ekspert bildirirlər ki, belə hadisələr dünyada da baş verib: “Norveçdə, ABŞ-da, Rusiyada və Tatarıstanda oxşar hallara rast gəlinib. Yeniyetmələr bəzən zorakılığı “cəsarət” və ya “etiraz” forması kimi qəbul edir və təqlid meyli göstərir. Profilaktik və maarifləndirici tədbirlər bu halların qarşısını almaqda xüsusi əhəmiyyət daşıyır. Məktəb mühitində zorakılıq meyllərinin təşviqi gələcəkdə daha ağır nəticələrə səbəb ola bilər. Əsas yük müəllimlər və valideynlər üzərinə düşür, psixoloqların sistemli fəaliyyəti vacibdir”.
Afaq Mirayiq,
Musavat.com

