Ramazanda uşaqların orucu: Mane olmaq günahdırmı?
Müqəddəs Ramazan ayının başlanmasına sayılı günlər qalıb. Fevralın 19-dan etibarən müsəlmanlar oruc ibadətinə başlayacaqlar. Ramazan ayı təkcə ac və susuz qalmaq deyil, həm də mənəvi saflaşma, səbir, nəfsə nəzarət və ibadət ayıdır. Bu ayda hər bir yetkin və sağlam müsəlman üçün oruc tutmaq dini borc sayılır.
Lakin hər il olduğu kimi, bu dəfə də valideynləri düşündürən əsas suallardan biri uşaqların oruc tutması ilə bağlıdır. Bəzi pediatrlar azyaşlıların uzun müddət ac və susuz qalmasının orqanizmə, xüsusilə də immun sisteminə mənfi təsir göstərə biləcəyini bildirirlər. Bu səbəbdən bəzi valideynlər övladlarına oruc tutmağı qadağan edir, bəziləri isə onların istəyinə anlayışla yanaşır.
Bəs dinimiz bu məsələyə necə yanaşır? Uşaqların oruc tutmaq istəyi dəstəklənməlidirmi, yoxsa qarşısı alınmalıdır? Həqiqətənmi uşaqlar üçün orucu günün yalnız bir hissəsində tutmaq kimi bir tövsiyə var?

İlahiyyatçı Fərid Abdulla mövzu ilə bağlı Musavat.com-a fikirlərini bölüşüb: “İslam şəriətində qız uşaqları oğlanlardan daha tez həddi-buluğa çatırlar. Şəriət baxımından qızlar namaza və oruca daha tez başlayırlar. Burada tam bərabərlik anlayışı yoxdur, çünki qızların fiziki inkişafı daha erkən baş verir. Qızlara 9-10 yaşdan etibarən oruc tutmağa icazə verilir. Lakin əgər uşaq davam etdirə bilməsə, su içə bilər. Burada məcburiyyət yoxdur. Mütləq oruc tutmalıdır deyə bir hökm yoxdur. Tövsiyə olunur ki, uşaqlar bacardıqları qədər oruc tutsunlar.
Elə uşaqlar var ki, günorta saatlarında acırlar və valideyn onlara yemək verir. Əgər uşaq səmimi şəkildə oruc tutmaq istəyirsə, onun qarşısını almaq düzgün deyil. Mane olmaq lazım deyil, bacarmadıqda özü bunu bildirəcək. Bu, valideyn üçün bir nemətdir ki, övladı ibadətə meyl göstərir.
10 yaşlı oğlan uşağı üçün oruc vacib sayılmır. Oğlanlar adətən 13-14 yaşlarında həddi-buluğa çatırlar. Amma nə qədər bacarırlarsa, tutsunlar. Əgər uşaq günorta saatlarında dözə bilməsə, su və ya çörək verilə bilər. Daha sonra ona axşam namazına qədər özünü saxlamağı tövsiyə etmək olar. Beləliklə, bədən tədricən öyrəşmiş olur”.
Afaq Mirayiq,
Musavat.com

