Gündəm 

Yanvarda hansı məhsullar və niyə bahalaşıb?

Azərbaycanda illik inflyasiya istehlak qiymətləri indeksi 2025-ci ilin yanvar ayına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,1 faiz, qeyri-qida məhsulları üzrə 3,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,6 faiz artıb.

Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, 2026-cı ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,5 faiz artım nümayiş etdirib.

Bu ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma makaronun, yulaf yarmasının, kolbasa məmulatlarının, balıq və balıq məhsullarının, südün, qatığın, pendirin, şorun, kəsmiyin, yumurtanın, naringinin, bananın, almanın, armudun, xurmanın, kivinin, qozun, fındığın, göyərtinin, xiyarın, pomidorun, şirin bibərin, balqabağın, badımcanın, sarımsağın, kartofun, şokolad məmulatlarının, arağın, konyakın, şərabın, siqaretin, ucuzlaşma isə yumru düyünün, portağalın, ağ kələmin, süfrə çuğundurunun, yerkökünün, tomat pastasının qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ucuzlaşan məhsulların sayının çox az olması ilə yanaşı, əksərinin əhalinin qida rasionunda aşağı çəkiyə malik olması da diqqəti cəlb edir.

Əsas bahalaşma kənd təsərrüfatı məhsullarında, tütün və alkoqollu içkilərdə qeydə alınıb. Azərbaycan Mərkəzi Bankının araşdırmasına gorə, ölkədə inflyasiyaya artırıcı təsir göstərən əsas amil kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksidir. Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun açıqlamasına gorə, 2025-ci ildə Azərbaycanda inflyasiyaya ölkənin əsas xarici ticarət tərəfdaşlarındakı inflyasiya 2,91 faiz bəndi artırıcı təsir edib. İnflyasiyanı sürətləndirən əsas daxili amil olan kənd təsərrüfatı istehsalçılarının qiymət indeksi isə göstəriciyə 2,69 faiz artırıcı təsir edib.
AMB-nin yenilənmiş proqnozlarına görə, illik inflyasiya 2026-cı ildə 5,5 faiz, 2027-ci ildə isə 4 faiz olacağı gözlənilir. Ötən ilin oktyabr ayında qurum illik inflyasiyanın 2026-cı ildə 5,7 faiz olacağını açıqlamışdı. T.Kazımov inflyasiya proqnozundakı azalma istiqamətli dəyişikliyin məhz kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində artım sürətinin azalması ilə izah edir.

Rəsmi statistikadan aydın olur ki, ötən il kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi 2024-cü ilə nəzərən 8,2 faiz artıb. Bu zaman bitkiçilik məhsullarında artım 7,8 faiz, heyvandarlıqda isə 8,6 faizə bərabər olub.

Tütün və alkoqollu içkilərdəki qiymət artımı isə onlara tətbiq olunan aksizlərdəki artımla bağlıdır. Belə ki, Vergi Məcəlləsinə edilən və yanvarın 1-dən qüvvəyə minən dəyişikliyə əsasəbn Azərbaycanda istehsal olunan alkoqullu və energetik içkilər üzrə aksiz dərəcələri artırılıb. Eergetik içkilər üzrə aksizlər hər litrinə 0,2 manat artırılaraq 3,3 manata çatdırılıb.
CROSSMEDIA - Ən çox və ən az bahalaşma hansı rayonlardadır?İçməli spirt (o cümlədən denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litri üçün aksizlər 0,2 manat artırılaraq 5,0 manat, burada nəzərdə tutulmayan tündləşdirilməmiş alkoqollu içkilərin (tərkibindəki spirtin miqdarı 9 faizdən çox olmayan) hər litri üçün 0,1 manat artırılaraq 0,5 manat təyin edilib.

Məcəlləyə edilən digər dəyişikliklə alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş, tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulları üzrə aksiz dərəcəsi min ədədə görə yerli istehsal və idxalda 16 manatdan 25,5 manata qaldırılıb.

İstehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər homogenləşdirilmiş və ya bərpa edilmiş, çeynəlilən və ya buruna çəkilən tütünlər üzrə aksizin dərəcəsi hər kiloqrama görə yerli istehsalda 22 manatdan 162 manata, idxalda isə 30 manatdan 170 manata qaldırılıb.
Ötən ildən kəskin artan inflyasiyanın bu il sürətinin düşəcəyini bir sıra beynəlxalq agentliklər də gözləyirlər. Məsələn, “Moody`s” beynəlxalq reytinq agentliyinə görə, 2026-cı ildə Azərbaycanda orta illik inflyasiya 4,8 faizə, 2027-ci ildə isə 4 faizə qədər enəcək.

Yüksək inflyasiyanın əhalinin alıcılıq qabiliyyətinə mənfi təsirini pərakəndə ticarət şəbəkələrində qeydə alınan satış həcmlərindən aydın görmək olur. Belə ki, Dövlət Statistika Komitəsinin hesablamalarıba görə, bu ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 5,3 milyard manatlıq, o cümlədən 2,9 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2025-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə 6,6 faiz artıb.

Komitənin digər məlumatına görə isə yanvar ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları 2025-ci ilin yanvar ayı ilə müqayisədə 7,1 faiz bahalaşıb. Bu məhsulların satış həcminin cəmi 1,3 faiz artdığını nəzərə alsaq, əhalinin onları almaq imkanlarının ötən ilin yanvarı ilə müqayisədə 5,8 faiz məhdudlaşdığını, daha dəqiqi, əhalinin həmin məhsulları bu qədər az ala bildiyini söyləmək olar.
Daha detallı məlumata baxsaq, rəsmi statistika bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 258,7 milyon manatlıq içkilər və tütün məmulatları satılddığını, bunun 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çox olduğunu deyir. Halbuki qeyd olunan dövrdə alkoqollu içkilər 7,4 faiz, tütün məmulatları isə 11,5 faiz bahalaşıb.

Daha bir təəssüfləndirici hal əczaçılıq məhsulları alışındakı kəskin artımdır. Belə ki, bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 141,1 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb. DSK-nın məlumatına əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 25,6 faiz çoxdur. Bu, o deməkdir ki, əhali əczaçılıq xərclərini qarşılamaq üçün ərzaq xərclərində qənaət etməyə məcbur olub.

DÜNYA,
Musavat.com

Daha çox xəbərlər