Cəmiyyət 

“Həccə, Kərbəlaya getmə, yol çək…” – Başçı belə deyir, bəs dinimiz?

Xəbər verdiyimiz kimi, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Türkədi kənd sakinləri ilə görüşdə səsləndirdiyi bəzi ifadələr narazılıqla qarşılanıb.

Bu barədə bir qrup vətəndaş Musavat.com-a müraciət edib.

Onların sözlərinə görə, görüşdə uzun illərdir bərbad vəziyyətdə olan Sabirabad-Cavad-Əlicanlı-Türkədi-Narlıq avtomobil yolunun təmiri məsələsi qaldırılıb.

Şikayətçilərin iddiasına əsasən, icra başçısı məsələ ilə bağlı cavabında “Kərbəlaya, Həccə 10 min verib gedib-gələnlər düzəltdirsinlər”, “Canları çıxsın, düzəltdirsinlər” kimi ifadələr işlədib.

Qaziyə görə günahlandırılan icra başçısı kimdir? - DOSYE | Modern.az

Sakinlər deyir ki, vətəndaşlarla bu cür kobud ünsiyyət artıq sistemli xarakter alıb və qəbul zamanı qaldırılan problemlərə görə məsuliyyət çox vaxt vətəndaşların üzərinə yönəldilir. İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov isə saytımıza belə deyib:

“Bu söz-söhbəti yayan şəhid qardaşı Haqverdi Əliyevdir. O, şantaj və yalan məlumat yaymaqla məşğuldur. Görüş zamanı icra başçısı bildirib ki, kənd yolunun təmiri üçün imkanı olan, o cümlədən Həccə və Kərbəlaya gedən şəxslər kəndin ağsaqqalı və ictimai fəalları kimi qrabel tökülməsinə dəstək versinlər. Onları köməyə çağırıb. “Canları çıxsın” ifadəsi işlədilməyib”.

Bütün hallarda inanclı bir şəxsin Həcc və ya Kərbəla ziyarəti xərclərini yol çəkməyə yönəltməsinə dinimiz necə baxır? Bu kiminsə diktəsi iləmi olmalıdır?

Dini mövzular üzrə mütəxəssis Kənan Rövşənoğlu Musavat.com-a deyib ki, əlbəttə, Həcc ziyarəti vacibdir: “Allah-təala inanan möminlərə maddi, fiziki və əqli şərtləri yerində olduğu halda ömürlərində ən azı bir dəfə Həcc ziyarəti yerinə yetirməsini vacib buyurub. Yəni Həcc də namaz qılmaq, oruc tutmaq kimi İslamın vacib şərtlərindən biridir. Kimsə bunu qadağan edə və ya dəyişdirə bilməz. Kərbəla və digər bu cür ziyarətlər isə vacib ilahi hökm deyil, mənəvi bir qida olaraq yenə inanan insanların həyata keçirdiyi ziyarətdir.
Əlbəttə, çox yaxşı olar və lazımdır ki, dindarlar ictimai işlərdə fəal olsun, hətta öndə olsunlar. Kənddə dövlətin etmədiyi yol. Su və digər çatışmazlıqları aradan qaldırmaq üçün dəstək göstərsinlər. Həmçinin ehtiyaclı insanlara kömək etmək, onların sıxıntılarını aradan qaldırmaqda. Çünki bu dindar oldun, ya olmadın. Hər kəsin etməli olduğu, əlindən gələn qədər dəstək verməli olduğu işlərdir”.

Şərqdə 3 ölkə var ki, bütün dünyanın diqqət mərkəzindədir-Kənan Rövşənoğlu

O ki qaldı, icra başçısının sözünə, Kənan Rövşənoğlu deyib ki, xeyirxahlıq hər bir dində gələn, israrla müqəddəs kitablarda tövsiyə olunan əməldir: “Müsəlman olmanın əsas şərtlərindən biri də digər insanlara qarşı xeyirxah olmaq, onlara yardım etməkdir. Quran bu barədə dəfələrlə qeyd edir. Amma bu, heç də islamın vacib əməllərini təxirə salmaq müqabilində olmamalıdır. Yəni dində yazılmır ki, yol çəkmək həccə getməkdən daha yaxşı əməldir, həccə getməyib yol çəksəniz kifayətdir. Əlbəttə, dediyim kimi, yol çəkmək xeyirxah əməldir, yaxşı olar ki, hər kəs bu işdə imkanları daxilində yardım etsin. Amma bunu müsəlmanlarin ibadəti üzərinə ataraq ibadət edən insanları hədəfə çıxarmaq doğru deyil. Ona qalsa ən böyük məsuliyyət elə icra başçısının üzərinə düşür. Çünki dövlət onu Sabirabad camaatına xidmət etmək üçün ora göndərib, məsuliyyət qoyub. Yaxşı olar ki, ilk addımı dövlət adamı kimi özü atsın, sonra digər insanlardan, o cümlədən, dindarlardan kömək istəsin. Yoxsa insanlarin dinini hədəfə alıb, onlara qarşı mənfi fikir yaratmasın. Dövlət məmurları yerlərdə sabitlik və barışıq yaratması üçün ora təyin edib, dini zəmində gərginlik yaratmaq üçün yox. Nəhayət, belə çıxır ki, dövlətin regionların inkişafına ayırdığı vəsaitləri mənimsəyən icra başçısı indi də işi dindarlara yükləməyə, camaat arasında təfriqə yaratmağa çalışır. Hər tərəfdən baxsan, naqis və zərərli ifadədir”.

Afaq Mirayiq,
Musavat.com

Daha çox xəbərlər