Ana Dili Gününün mesajı- yaddaş və dövlətçilik…
Beynəlxalq Ana Dili Günü dünyaya xatırladır ki, hər bir insanın öz doğma dilində danışmaq, yazmaq, təhsil almaq və mədəni irsini qorumaq hüququ var
Fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Bu tarix 1999-cu ilin noyabrında UNESCO tərəfindən Banqladeş səfirinin təşəbbüsü ilə rəsmiləşdirilib. Günün seçimi isə təsadüfi deyil: 1952-ci il fevralın 21-də Banqladeşin Benqal bölgəsində ana dilinin rəsmi statusu uğrunda dinc mübarizə aparan dörd tələbə qətlə yetirildi. Bu faciə sonradan dil hüquqları uğrunda qlobal həmrəyliyin rəmzinə çevrildi.
Ana dili sadəcə ünsiyyət vasitəsi deyil. O, yaddaşdır, mədəniyyətin kodudur, xalqın özünü dərk etməsinin əsas sütunudur. Bir dil itəndə təkcə sözlər yoxa çıxmır, düşüncə tərzi, dünyanı qavrama üsulu, folklor, mifologiya, hətta tarixə baxış da itir.
BMT və UNESCO-nun hesabatlarına görə, dünyada minlərlə dil məhv olmaq təhlükəsi ilə üz-üzədir. Qloballaşma, miqrasiya, informasiya texnologiyalarının dominant dilləri önə çıxarması kiçik dillərin sıxışdırılmasına səbəb olur. Beynəlxalq Ana Dili Günü hər il dünyaya xatırladır ki, hər bir insanın öz doğma dilində danışmaq, yazmaq, təhsil almaq və mədəni irsini qorumaq hüququ var.
Azərbaycan üçün ana dili həm də siyasi və dövlətçilik məsələsidir. Azərbaycan dili milli kimliyimizin dayağı, müstəqil dövlətimizin əsas atributlarından biridir.Məhz buna görə də ana dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. 2002-ci il sentyabrın 30-da qəbul edilən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun bu istiqamətdə dönüş nöqtəsi oldu. Bu qanun Azərbaycan dilinin dövlət dili kimi işlədilməsini, tətbiqini, qorunmasını və inkişafını hüquqi müstəvidə təmin etdi. Eyni zamanda, dünya azərbaycanlılarının ana dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi baxımından da mühüm addım kimi tarixə düşdü.
Azərbaycan dilinin inkişafı ilə bağlı son illərdə bir sıra mühüm sənədlər qəbul olunub. Prezident İlham Əliyevin imzaladığı sərəncam və fərmanlar dil siyasətinin sistemli və məqsədyönlü şəkildə həyata keçirildiyini göstərir. Bunlar arasında “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncam, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” sənəd, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncam, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sənəd, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı qeyd etmək olar.

Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin olunması ilə bağlı qəbul edilən qərarlar dilin rəqəmsal transformasiyasına uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Terminologiyanın yenilənməsi, orfoqrafiya qaydalarının təkmilləşdirilməsi, lüğət fondunun zənginləşdirilməsi – bütün bunlar müasir dövrün tələbləridir. Eyni zamanda, dilin saflığının qorunması məsələsi də aktuallığını saxlayır. Xarici sözlərin həddindən artıq və əsassız istifadəsi ana dilinin strukturuna təsir göstərə bilər.
Azərbaycan dili əsrlər boyu zəngin ədəbi irs formalaşdırıb, klassik poeziyadan müasir ədəbiyyata qədər geniş inkişaf yolu keçib. Bu dil Nizaminin hikmətini, Füzulinin eşq fəlsəfəsini, Cəlil Məmmədquluzadənin satirasını, Bəxtiyar Vahabzadənin milli ruhunu yaşadıb və bu gün də yaşadır. Beləliklə, ana dilnə sahib çıxmaq milli kimliyə sahib çıxmaq deməkdir. Ana dilimizi qorumaq isə təkcə dövlətin deyil, hər bir vətəndaşın borcudur. Çünki dil yaşadıqca millət yaşayır.
Xalidə Gəray
Musavat.com

