Bu avtomobillər rüsumdan azad olur: “Jiquli” də siyahıda?
Raritet (nadir) avtonəqliyyat vasitələrinin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad ediləcək.
Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
İndiyə qədər qüvvədə olan qaydalara əsasən, mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş və zavod buraxılış tarixindən 40 (qırx) ildən çox keçmiş avtonəqliyyat vasitələri raritet (nadir) avtonəqliyyat vasitələri hesab edilir.
Dəyişikliyə əsasən, raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi aşağıdakı şərtlər çərçivəsində tənzimlənəcək:
– idxalının müvafiq dövlət orqanının təsdiqedici sənədi əsasında həyata keçirilməsi;
– idxal olunan raritet avtonəqliyyat vasitələrinin sayının şəxs tərəfindən təqvim ili ərzində 1 ədəddən (ölkə üzrə ümumilikdə 10 ədəddən) çox olmaması.
Raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi onların idxalçılarının xərclərinin azalmasına imkan yaradacaq.
Bu qərar sui-istifadə hallarına gətirib çıxarmayacaq ki? Neçə avtomobili ölkəyə gətirmək mümkün olacaq?

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib:
“Raritet avtomobillər əsasən nadir avtomobillər sayılır və yeni qərarda qeyd olunur ki, ildə bir ədəd gətirmək olar, həmçinin bu avtomobil orijinal olmalıdır. Bu avtomobildən ölkə daxilində 10 ədəddən çox olmamalıdır. Yəni əgər nadir avtomobildirsə, onun ölkəyə gətirilməsində ixrac zamanı müəyyən rüsumlardan azad olunma tətbiq olunur. Belə avtomobillər kolleksionerləri daha çox maraqlandırır, həmçinin kinematoqrafik cəhətdən də lazım ola bilir. Bəzən filmlər çəkiləndə belə nəqliyyat vasitələrinə ehtiyac olur.
Düşünmürəm ki, burada sui-istifadə halları olsun, çünki orada göstərilib ki, bu nəqliyyat vasitəsi istisna olmaqla, vətəndaşın gətirmək istədiyi raritet avtomobildən ölkə daxilində 10 ədəddən çox olmamalıdır. Məsələn, belə bir sual da meydana çıxa bilər, tutaq ki, sovet istehsalı olan “Jiquli” də raritet avtomobildir. Amma o avtomobildən ölkədə çoxdur. Yəni o, raritet sayılmır. Sayılsa da, bu avtomobilin idxalına hər hansı güzəşt olmayacaq”.
Afaq Mirayiq,
Musavat.com

