Cəmiyyət 

Belə kənd toyuğundansa, broyler daha faydalıdır — Ekspert

Son günlər sosial şəbəkələrdə kənd və broyler toyuqları ilə bağlı müzakirələr artıb. Bəzi fikirlərdə broyler toyuqlarının xeyirli olduğu iddia edilir, digərlərində isə kənd toyuğunun daha az xeyirli olduğu vurğulanır. Bu müzakirələrdə isə elmi yanaşmadan çox, cəmiyyətdə çaşqınlıq və narahatlıq yaradan fikirlərin ön plana çıxdığı müşahidə olunur.

Məsələ ilə bağlı qida məsələləri üzrə baş mütəxəssis Ağa Salamov Demokrat.az-a açıqlama verib.

“Televiziya və sosial şəbəkələrdə bir tərəf broyleri pisləyir, digər tərəf isə kənd toyuğunu tərifləyir. Bu müzakirələrdə elmi yanaşmadan daha çox qorxu və ajiotajın yaradıldığı müşahidə olunur. Halbuki qorxu insanların şüuruna elmi məlumatdan daha tez təsir edir və cəmiyyətdə yanlış təsəvvür formalaşdırır. Toyuğun faydalılığı onun mənşəyindən çox, saxlanma şəraitindən asılıdır. Kənd toyuğu hər zaman avtomatik olaraq faydalı hesab edilə bilməz. Əgər kənd toyuğu çirkli sulardan istifadə edirsə, zibilliklərdə eşələnirsə, vaxtında vaksinasiya olunmursa və baytar nəzarətində deyilsə, onun əti sağlamlıq baxımından risk yarada bilər. Belə hallarda kənd toyuqları xəstəliklərə qarşı dayanıqlı olmur və tez tələf olur. Eyni zamanda kənd toyuğu düzgün şəraitdə saxlanıldıqda, açıq havada hərəkət etdikdə, günəş şüası gördükdə, təmiz su və təbii qida ilə qidalandıqda onun ətinin qida dəyəri daha yüksək olur. Bu cür toyuqlar həm bitki, həm də heyvan mənşəli qidalarla qidalandığı üçün ətində faydalı yağ turşuları, o cümlədən Omeqa-3 daha çox olur”.

O bildirib ki, broyler toyuqları isə xüsusi balanslaşdırılmış yemlə qidalandırılır:

“Bu yemlərə qarğıdalı, soya, yağ və vitamin-mineral əlavələri daxildir. Məqsəd broylerlərin immun sistemini gücləndirmək, xəstəliklərin qarşısını almaq və tələfatı minimuma endirməkdir. Broyler toyuqlarının ətində də vitaminlər və faydalı maddələr mövcuddur və onların zərərli olması ilə bağlı iddiaların elmi əsası yoxdur. Kənd toyuqları daha hərəkətli olduğu üçün onların ətində əzələ toxuması üstünlük təşkil edir və bu səbəbdən bişmə müddəti daha uzun olur. Broyler toyuqları isə az hərəkətli olduqları üçün əti daha yumşaqdır və qısa müddətdə bişir. Bu fərq bəzən istehlakçılar tərəfindən yanlış başa düşülür və ətin sərtliyi keyfiyyətsizlik kimi qiymətləndirilir. Digər mühüm məqam istehsal reallığı ilə bağlıdır. Hazırda ölkədə milyonlarla əhalini yalnız kənd toyuğu ilə təmin edəcək istehsal gücü mövcud deyil. “Broyler yeməyin” çağırışı edənlərin böyük əksəriyyəti gündəlik həyatda restoran və ictimai iaşə müəssisələrində broyler toyuqlarından hazırlanan yeməklərdən istifadə edir. Uzun illərdir bazarda olan və “Serebro” (Silver) kimi tanınan broyler sortlarının zərərli olmadığı, əksinə qida dəyərinin yüksək olduğu da qeyd olunur. Nə broyler, nə də kənd toyuğunu qəti şəkildə pis və ya zərərli adlandırmaq düzgün yanaşma sayılmır. Əsas meyar toyuğun saxlanma şəraiti, qidalanması və baytar nəzarətidir. İctimai müzakirələrdə qorxu yaratmaq əvəzinə, cəmiyyətə elmi və obyektiv məlumatların təqdim olunması daha məqsədəuyğun hesab edilir”.

Daha çox xəbərlər