Gündəm 

Tehrandakı səfirliyimizdən XƏBƏR VAR

ABŞ və İsrailin İrana zərbə endirməsi nəticəsində Serbiya Respublikasının İrandakı səfirliyi də bombardmana məruz qalıb. Səfirlik nümayəndələri təxliyə olunmaq üçün Azərbaycanın aidiyyəti qurumlarına müraciət ediblər.

Nəticədə bu gün gecə saatlarında səfir Damir Kovacevic, səfirlik nümayəndələri ailə üzvləri ilə birlikdə Astara SGK məntəqəsi vasitəsilə Azərbaycan ərazisinə daxil olub və ölkələrinə yola salınıb.

Belə görünür ki, təhlükə realdır və heç bir ölkənin səfirliyi zərbənin hədəfi olmaqdan tam sığortalanmayıb. Azərbaycanın səfirinin və əməkdaşlarının da vəziyyət sabitləşəndək Bakıya təxliyyə olunmasına ehtiyac yarana bilərmi?

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə

Milli Məclisin üzvü Arzuxan Əlizadə Musavat.com-a bildirib ki, İranda vəziyyət kirtikdir və artıq bir çox ölkələrin diplomatik nümayəndəliklərində işləyənlər, səfirlər ölkəni tərk etməyə məcbur qalıblar: “Bir çox ölkələrin vətəndaşlarının təxliyəsi Azərbaycan üzərindən həyata keçirilir. Amma hələ də bir sıra səfirliklər İranda qalmaqdadır. Eləcə də Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyət göstərməkdədir.

Təbii ki, kifayət qədər ciddi təhlükə mövcuddur. İranda hərbi, siyasi obyektlər, daha çox təhlükə törədən obyektlər vurulur. Amma müharibənin yazılmamış qanunları da var, atılan raketlərin trayektoriyanı dəyişərək dinc insanların yerləşdiyi, işlədiyi, yaşadığı obyektlərə düşməsi riski də var. Bu baxımdan səfirlik binaları da sığortalanmayıb, müharibəni gedişində hər şey ola bilər. Ona görə də hesab edirəm ki, təhlükə bir qədər də ciddiləşəcəksə səfirimiz başda olmaqla əməkdaşlar İranı tərk etmək qərarına gələ bilərlər”.

Deputat qeyd edib ki, hər halda hələlik bu qərar verilməyib: “Ümid edək səfirliyimizə heç bir zərər dəyməyəcək. Amma heç kim tam zəmanət verə bilməz ki, bir az sonra necə olacaq. Ona görə də lazımi təhlükəsizlik tədbiri görülməlidir. Ehtimal etmək olar ki, Xarici İşlər Nazirliyi və səfirimiz vəziyyət sabitləşənə qədər İranı tərk etməklə bağlı qərar qəbul edəcəklər”.

Etibar Seyidağa,
Musavat.com

Daha çox xəbərlər