Gündəm 

“Ödənişi 60-70 manat səviyyəsində olsun” – Məktəblərlə bağlı bu qərar verilsə…

“Məktəbli avtobusları” xidməti ilə bağlı ödəniş məbləğinə yenidən baxılması təklif olunur. Musavat.com xəbər verir ki, bu təkliflə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin bugünkü plenar iclasında 2025-ci ildəki fəaliyyəti ilə bağlı məruzəsini təqdim edərkən çıxışında səsləndirib.

Ombudsman bildirib ki, şagirdlərin təhsil müəssisələrinə gediş-gəlişinin asanlaşdırılması məqsədilə Bakı şəhəri ərazisində tətbiq olunan “Məktəbli avtobusları” pilot layihəsinin növbəti tədris ilindən etibarən daha geniş şəkildə tətbiqinin planlaşdırılması nəzərə alınaraq, xidmət üzrə ödəniş məbləğinə ölkə üzrə yaşayış minimumu əsas götürülməklə yenidən baxılması vacibdir.

Qeyd edək ki, Bakıda “Məktəbli avtobusları” pilot layihəsinə 2025-ci il oktyabrın 1-dən start verilib. Şəhərdə nəqliyyat sıxlığını azaltmaq məqsədilə həyata keçirilən layihə ilkin mərhələdə 8 dövlət və 3 özəl məktəbi, ümumilikdə 1250-dən çox şagirdi əhatə edib. Avtobus xidmətindən istifadə üçün aylıq abunə haqqı məsafəyə əsasən müəyyənləşdirilir.
Qiymətlərin yüksək olması ictimaiyyətdə narazılıqla qarşılanıb. Aylıq abunə haqqının 100 manatdan başladığı bildirilsə də, real rəqəmlərin daha yüksək olduğu qeyd edilir. Aparılan araşdırmalar da qiymətlərin yüksək olduğunu göstərib. Məsələn, Xırdalan şəhərindən 132-134 nömrəli məktəbə gediş-gəliş üçün aylıq ödəniş 240 manat təşkil edir.

Elçin Əfəndi: "Təhsil sferasında dəyişiklik mütləqdir, valideynlərə  yazığınız gəlsin..."

Elçin Əfəndi 

Təhsil eksperti Elçin Əfəndi Musavat.com-a açıqlamasında bildirib ki, “Məktəbli avtobusları”nın pilot layihə kimi təqdim olunması və bəzi təhsil müəssisələrində tətbiqi bir sıra valideynlər tərəfindən narazılıqla qarşılanıb: “Avtobusların niyə bu qiymətə şagirdləri daşıdığını araşdırdıqda məlum olur ki, şagird sayı az olduğuna görə xərclər tam ödənilmir. Bunun yanacaq xərci, sürücünün aylıq əməkhaqqısı var. Həmçinin avtobusda şagirdlərə nəzarət üçün dayə təyin olunduğu, onun da əməkhaqqı aldığı bildirilir. Lakin məncə, bu, qiymət artımına müəyyən mənada ‘don geyindirməkdir’. Görülən iş bahalı formada təqdim olunur.

Elə qiymət müəyyən edilməlidir ki, ən azı yaşayış minimumu səviyyəsində olsun və vətəndaş bunu qarşılaya bilsin. Məsələn, bir şagirdin gündəlik nəqliyyat xərci 1-2 manat təşkil edərsə, ay ərzində bu məbləğ 60-70 manat edir. Şagird üçün bu səviyyədə ödəniş müəyyənləşdirilməsi daha məqsədəuyğun olardı”.

Ekspertin sözlərinə göre, valideynlər məktəb seçərkən daha diqqətli olmalıdırlar və yaşadıqları əraziyə yaxın məktəblərə üstünlük versinlər: “Paytaxtdan kənarda yaşayıb, övladını şəhər mərkəzindəki məktəbə yerləşdirən valideynlər də var. Əgər artıq belə bir qərar verilibsə və valideyn bu layihədən istifadə etmək istəyirsə, o zaman maliyyə baxımından ciddi çətinliklə üzləşməməlidir.

Bəli, müəyyən çatışmazlıqlar var. Lakin proses davam etdikcə üzə çıxan problemlər növbəti mərhələdə aradan qaldırılmalıdır. Birinci əsas məsələ ödənişdir. İkinci mühüm məqam isə bu avtobusların avtobus zolaqlarından istifadəsinə icazə verilməsidir. Həmçinin avtobusların üzərində mütləq şəkildə xüsusi loqo olmalıdır ki, digər şəxslər onun daxilində şagirdlərin daşındığını aydın görə bilsinlər”.

Afaq Mirayiq,
Musavat.com

Daha çox xəbərlər