Pekindən sərt xəbərdarlıq: Çin ABŞ və İsraili İrana hücumları dayandırmağa çağırdı
Çin hakimiyyəti Yaxın Şərqdə genişmiqyaslı müharibə riskinin artması ilə bağlı ciddi narahatlığını ifadə edərək, beynəlxalq koalisiyanı hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.
Musavat.com xəbər verir ki, bu barədə Çin parlamentinin rəsmi nümayəndəsi Lou Tsintszyan bəyanatla çıxış edib.
Pekin rəsmisi vurğulayıb ki, Çin İrandakı vəziyyəti diqqətlə izləyir və istənilən dövlətin milli suverenliyinə, təhlükəsizliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşılmasını zəruri hesab edir. Lou Tsintszyan tərəfləri eskalasiyadan qaçmağa səsləyərək bunları qeyd edib:
“Çin tərəfi hərbi əməliyyatların dərhal dayandırılmasına, vəziyyətin daha da gərginləşməsinin qarşısının alınmasına, dialoq və danışıqların bərpasına çağırır. Yaxın Şərqdə sülh və sabitliyin qorunması qlobal təhlükəsizlik üçün həyati əhəmiyyət kəsb edir”.
Analitiklər Çinin bu bəyanatını İranla mövcud olan strateji və iqtisadi əlaqələrin qorunması, eləcə də bölgədəki enerji axınının təhlükəsizliyi ilə əlaqələndirirlər. Pekin hesab edir ki, güc tətbiqi problemi həll etmir, əksinə, bütün regionu idarəolunmaz xaosuna sürükləyir.

