Kilosunu 30 manata alırıq: Xəstəlik yaradırmış
Azərbaycan mətbəxinin əvəzolunmazı sayılan kərə yağı ilə bağlı beynəlxalq miqyasda aparılan 33 illik araşdırma yerli süfrə mədəniyyətimizi yenidən gözdən keçirmək zərurəti yaradır. “JAMA Internal Medicine” jurnalında dərc olunan tədqiqat nəticələri göstərir ki, kərə yağına həddindən artıq üstünlük vermək sağlamlıq üçün düşündüyümüzdən daha riskli ola bilər.
Tədqiqat müddətində kərə yağı istehlakı ilə bitki yağlarının istifadəsi müqayisə edilib və rəqəmlər kərə yağının əleyhinə dəyişib. Məlum olub ki, mütəmadi olaraq kərə yağı istifadə edənlərdə ölüm riski 15 faiz daha yüksəkdir. Bunun əksinə, bitki yağlarını seçənlərdə ölüm riskinin 16 faiz daha aşağı olduğu qeydə alınıb.
Araşdırmanın ən diqqətçəkən tərəflərindən biri kərə yağı istehlakının artması ilə xərçəngə bağlı ölüm riski arasındakı əlaqədir. Bitki yağları, xüsusilə zeytun, soya və kanola yağları isə infarkt və insult kimi ürək-damar xəstəliklərindən qorunmaqda mühüm rol oynayır. Harvard ekspertləri bildirirlər ki, kərə yağında faydalı yağ turşuları demək olar ki, yoxdur, lakin az miqdarda da olsa ürək üçün təhlükəli sayılan trans yağlar mövcuddur.
Həkimlər kərə yağını tamamilə qadağan etməsələr də, ondan yalnız dad vermək üçün az miqdarda istifadəni tövsiyə edirlər. Uzunmüddətli sağlamlıq və uzunömürlülük üçün gündəlik yeməklərdə bitki mənşəli yağlara keçid etmək ən düzgün addım hesab olunur.
Qeyd edək ki, Azərbaycanda kərə yağının kiloqramının qiyməti 20-35 manat arası dəyişir.//Demokrat.az

