Gündəm 

Ombudsmandan hökumətə ÇAĞIRIŞ – Kimlər işsiz qalacaq…

Son vaxtlar aktual olan mövzulardan biri də süni intellektin tətbiqi nəticəsində yaranacaq işsizlik problemidir. Bu günlərdə İnsan Hüquqları üzrə Müvəkkil-Ombudsman Səbinə Əliyeva Milli Məclisdə hesabatının təqdimatı zamanı hökuməti süni intellektin yaradacağı ixtisarlara hazır olmağa çağırıb.

Onun sözlərinə görə, rəqəmsallaşdırma və süni intellekt bütün sahələrdə olduğu kimi, əmək hüququnun həyata keçirilməsi və müdafiəsi mexanizmlərinə də təsir edəcək. Bu təsiri azaltmaq və texnoloji dəyişikliklərə hazırlıq məqsədilə ölkənin regionları üzrə əmək bazarının öyrənilməsi və işçilərin hüquqlarının qorunmasına yönəlmiş kollektiv tədbirlər planı hazırlanmalıdır.

Qeyd edək ki, süni intellekt işçilərin ixtisarına səbəb olmağa başlayıb. Artıq robotlar və ənənəvi süni intellektin tətbiqi səbəbindən dünyada 100 minlərlə iş yeri ixtisar edilməkdədir.

Ombudsman bu məsələyə də toxunub və bildirib ki, süni intellektin tətbiqi nəticəsində ixtisar olunacaq və ya adaptasiya çətinliyi yaşayacaq şəxslərə dəstək mexanizmlərinin yaradılması olduqca zəruridir.

Sahib Məmmədovun vəziyyəti ağır olaraq qalır

Vətəndaşların Əmək Hüququnun Müdafiə Liqasının sədri Sahib Məmmədov Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycanda süni intellektin yaradacağı ixtisarlar barədə danışmaq hələ çox tezdir:

“Hazırda dövlət orqanlarında və dövlətə tabe olan təsərrüfat subyektlərində süni intellekt tətbiq olunmadığı halda kütləvi ixtisarlar həyata keçirilir. Ancaq Ombudsman bu barədə bircə kəlmə də danışmır. Azərbaycanda süni intellektin tətbiqi geniş yayılmayıb. Bu sahədə dünyanın geridə qalmış ölkələrindənik. Ümumiyyətlə, internet-kommunikasiya sahəsində Azərbaycanda inkişaf çox zəifdir. Yaxşı olar ki, Ombudsman diqqətini hazırda baş verənlərə yönəltsin”.

AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev isə AZƏRTAC-a açıqlamasında bildirib ki, süni intellekt əmək bazarında əsasən təkrarlanan və standart işlərdən başlayaraq təsir göstərir. Məsələn, kassir xidmətləri, məlumatların emalı və sadə ofis işləri artıq AI sistemləri vasitəsilə həyata keçirilir. Gələcəkdə isə bu proses yüksək ixtisas tələb edən peşələrə də keçə bilər:

“Rəqəmsal əmək bazarı ənənəvi bazardan fərqlənir: insanlar artıq qlobal miqyasda işləyə bilir, yeni peşələr yaranır, bəziləri isə aktuallığını itirir. Azərbaycan üçün önəmli məsələlərdən biri rəqəmsal təhlükəsizlik və kibertəhlükəsizlikdir. Dövlət siyasətində innovasiyaların tətbiqi və texnologiyaların cəmiyyətə inteqrasiyası mühüm yer tutur”.

Alimin sözlərinə görə, hazırda cəmiyyətdə insanlar və süni intellekt arasında yeni əməkdaşlıq formalaşır.

“AI istifadəçilərə bilik əldə etmək, özünü ifadə etmək və inkişaf etmək imkanı verir. Nəticə etibarilə, süni intellekt və yüksək texnologiyalar əmək bazarını və cəmiyyəti köklü şəkildə dəyişir. Əsas məsələ bu prosesləri düzgün idarə etmək, elmi əsaslara söykənmək və insan potensialını inkişaf etdirməkdir”, – deyə alim bildirib.

Nigar Həsənli,
Musavat.com

Daha çox xəbərlər