Cəmiyyət 

Azərbaycanda doğranmış çörəklərin istifadə müddəti niyə 3 gündür? – QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Son illər bir çox ölkədə çörək məhsullarının saxlanma müddəti və keyfiyyət standartları daha da sərtləşdirilir. Məsələn, Avropa ölkələrində doğranmış çörəklərin istifadə müddəti 1 gün ilə məhdudlaşdırılıb, Rusiyada isə bu müddət 12 saat olaraq müəyyən edilib. Azərbaycanda isə doğranmış çörəklərin istifadə müddətinin hələ də 3 gün olması diqqət çəkir. Bununla yanaşı, bazarda satılmayan zavod çörəklərinin yenidən emal edilərək istehsala qaytarılması ilə bağlı iddialar da zaman-zaman gündəmə gəlir. Bu məsələ isə çörək məhsullarının keyfiyyəti, saxlanma müddəti və istehlakçı təhlükəsizliyi ilə bağlı sualları daha da artırır.
Azərbaycanda doğranmış çörəklərin istifadə müddəti niyə 3 gündür? - QİDA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı qida eksperti Fərid Səfərov BiG.AZ– açıqlamasında bildirdi ki, son vaxtlar doğranmış (paketlənmiş) çörəklərin istifadə müddəti ilə bağlı müxtəlif ölkələrdə tətbiq olunan qaydalar müzakirə mövzusuna çevrilib. Onun sözlərinə görə, məsələn, bəzi Avropa Birliyi ölkələrində bu cür çörəklərin tövsiyə olunan istifadə müddəti qida təhlükəsizliyini artırmaq məqsədilə daha qısa saxlanılır və bəzi hallarda 1 gün kimi müəyyən edilir: “Rusiyada isə bəzi istehsalçılar doğranmış çörəklər üçün daha sərt yanaşma tətbiq edərək təxminən 12 saatlıq istifadə müddəti göstərirlər. Bunun əsas səbəbi çörəyin doğrandıqdan sonra hava ilə daha çox təmasda olması, nəticədə mikroorqanizmlərin daha sürətlə çoxalma ehtimalının artmasıdır.

Azərbaycanda isə bir çox zavod çörəklərinin qablaşdırmasında istifadə müddəti adətən 2-3 gün göstərilir. Bu müddətin daha uzun olması əsasən istehsal texnologiyası, qablaşdırma üsulu və bəzi hallarda istifadə olunan qoruyucu qatqılarla bağlıdır. Müasir istehsalatda çörəyin daha uzun müddət yumşaq qalması və kiflənmənin gecikməsi üçün xüsusi qablaşdırma və texnoloji üsullar tətbiq olunur.

Digər tərəfdən, ictimaiyyətdə tez-tez səslənən iddialardan biri də marketlərdə satılmayan zavod çörəklərinin yenidən emal olunaraq istehsalata qaytarılması ilə bağlıdır. Qida sənayesində bəzi ölkələrdə müəyyən standartlara uyğun olaraq köhnə çörəyin qurudulub üyüdülərək çörək qırıntısı (suxari) və ya bəzi texnoloji məqsədlər üçün istifadə olunması mümkündür. Lakin bu proses ciddi sanitar və texniki qaydalar çərçivəsində həyata keçirilməlidir və insan sağlamlığı üçün risk yaratmamalıdır.

Belə məsələlərdə ən vacib məqam şəffaflıq və nəzarətdir. İstehsal müəssisələri istifadə müddəti, tərkib və istehsal prosesi barədə istehlakçıya açıq məlumat verməli, müvafiq dövlət qurumları isə qida təhlükəsizliyi qaydalarına əməl olunmasına ciddi nəzarət etməlidir. İstehlakçılar da öz növbəsində qablaşdırmanın bütövlüyünə, istehsal və son istifadə tarixinə diqqət etməli, şübhəli görünən məhsulları almamaqla daha təhlükəsiz seçim etməlidirlər.

Sağlam qidalanaraq sağlam yaşayın!”.

Müəllif: İlkin Məmmədkərimov

Daha çox xəbərlər