SOS: Azərbaycanda körpə ölümləri ARTIR – Səbəb
Son zamanlar cəmiyyətdə narahatlıq yaradan əsas məsələlərdən biri körpə ölümlərinin artması ilə bağlıdır. Bir sıra körpələr anadan olandan bir neçə ay sonra ölür. Bəzən isə heç doğulmurlar, yəni ana bətnindəki döl tələf olur. Bu günlərdə Abşeron rayonunda ikigünlük körpə həyatını itirib. Goranboyda isə peyvənd vurulan körpə vəfat edib, eləcə də Zərdabda 5 günlük körpə dünyasını dəyişib.
Statistik göstəricilər də bunu təsdiqləyir. Belə ki, 2025-ci ilin 10 ayında ölkədə 80 802 körpə doğulub, onlardan 49 846-sı ölüb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər 1000 nəfərə düşən doğum göstəricisi 10,1-dən 9,5-ə enib. Bu rəqəmlər körpə sağlığı və doğum göstəricilərində ciddi dəyişikliklərin baş verdiyini göstərir.
Azərbaycanda körpə ölümləri niyə artıb?
Uşaq ölümü (xüsusən perinatal ölüm – yəni doğuşdan əvvəl və doğuşdan sonrakı ilk 7 gün ərzində baş verən ölümlər) ölkənin səhiyyə sisteminin, sosial rifahının və ictimai sağlamlıq şəraitinin əsas göstəricilərindən biri sayılır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və UNİCEF-in uşaq ölümlərinin (xüsusilə 5 yaşadək uşaqlar arasında) və perinatal ölümlərin əsas səbəblərini həm bioloji, həm də sosial-ictimai amillərlə bağlı olduğunu bildirir. Yeni doğulmuş dövründə (ilk 28 gün ərzində) əsas səbəblər vaxtından əvvəl doğuşdur (erkən doğum). Körpənin orqanları tam inkişaf etmədiyi üçün həyati funksiyalar (xüsusilə tənəffüs və sinir sistemi) zəif olur. Eləcə də doğuş zamanı ağırlaşmalardır.
Məsələn, doğuş zamanı oksigen çatışmazlığı (asfiksiya), çətin və ya travmatik doğuşlar ola bilər. Digər səbəb doğuşdan sonra infeksiyalardır. Neonatal sepsis, pnevmoniya, meningit kimi xəstəliklər vaxtında aşkarlanmadıqda ölümə səbəb ola bilər. Anadangəlmə qüsurlar isə ürək, beyin, sinir sistemi və digər orqanlarla bağlı ciddi qüsurlardır.
Doğuş zamanı və ya əvvəl ananın sağlamlıq vəziyyəti də mühüm rol oynayır. Məsələn, şəkərli diabet, yüksək təzyiq, infeksiyalar (Zika, sifilis, QİÇS, COVID-19 və s.)
1 aydan 5 yaşadək olan uşaqlarda ölüm səbəbləri isə bunlardır: pnevmoniya – dünyada 5 yaşa qədər uşaq ölümlərinin əsas səbəblərindəndir. İshal xəstəlikləri əsasən təmiz su və sanitariya çatışmazlığından yaranır. Orqanizmin susuz qalması ölümlə nəticələnə bilər. Qidalanma pozuntuları (malnütrisiya) – həm ayrı səbəb kimi, həm də digər xəstəliklərdə ağırlaşdırıcı amil kimi çıxış edir. Malyariya – tropik bölgələrdə çox yayılıb, vaxtında müalicə olunmazsa ölümcül ola bilər. Qızılca, boğmaca, meningit və digər yoluxucu xəstəliklər də peyvəndləmə zəif aparıldıqda ölüm riski artır.
Dolayı və sosial səbəblər də bura daxildir. Ananın təhsili və maariflənmə səviyyəsi aşağı olduqda uşaq baxımı və sağlamlığına dair məlumatlar da az olur. Eləcə də səhiyyə xidmətlərinə çıxışın məhdudluğu, xüsusilə kənd və dağlıq ərazilərdə tibbin inkişaf etməməsi, ictimai rifahın və gigiyena şəraitinin zəifliyi, erkən evliliklər və yeniyetmə analar, infrastruktur və nəqliyyat problemləri, təcili yardımın gecikməsi və sairə bu kimi hallar uşaq ölümünə səbəb olan amillər sərasındadır…

Pediatr Vaqif Qarayev mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, statistik rəqəmlər doğrudursa, bu, olduqca narahatedici göstəricidir:
“Elə bir xəstəlik yoxdur ki, körpələr kütləvi şəkildə ondan ölsün. Uşaq həyatının mərhələləri var. Yeni doğulma dövrü 4 həftə – yəni 28 gün hesab olunur. Ən pis göstərici isə doğuşdan sonrakı ilk 7 gün ərzində baş verən ölümlərdir. Bu, dünyada çox mənfi göstərici sayılır. 7 gündən bir aya qədər və daha sonra bir yaşına qədər olan ölüm halları ayrıca statistikada göstərilir. Sadalanan halların ehtimal ki, ilk 7 gün ərzində baş verən ölümlərə aid olduğu düşünülür”.
Həkimin sözlərinə görə, problemi ana bətnində axtarmaq lazımdır: “Burada ananın keçirdiyi xəstəliklər, yaxud döldə olan problemlər rol oynaya bilər. İkinci amil doğuş zamanı baş verən səbəblərdir. İndi təbii doğuş varmı? Uşaqların 88 faizi əməliyyatla dünyaya gəlir. Üçüncü mühüm amil isə doğuşdan sonra göstərilən tibbi xidmətdir. Bu üç faktorun çox böyük əhəmiyyəti var.
Küvəz məsələsi də müzakirə olunur. İctimaiyyət arasında uşağın küvəzdə saxlanmasına bəzən yaxşı baxılmır, müxtəlif fikirlər səsləndirilir. “Pul üçün qoyurlar”, “qəsdən saxlayırlar” kimi iddialar olur. Təbii ki, normal uşaq küvəzə yerləşdirilmir. Bunun tibbi səbəbi olur və bunu araşdırmaq lazımdır. Nəticədən çıxış etsək, problemi həll etmək mümkün olmayacaq. Əsas məsələ səbəbi müəyyənləşdirməkdir – körpə niyə ölür?”
Pediatr qeyd edib ki, erkən uşaq ölümləri dünyada həm də sanitar mədəniyyətin aşağı olmasının göstəricisi hesab olunur:
“Bu rəqəmlər mənə heç xoş gəlmədi. Çox böyük göstəricidir. Dünya ölkələrinin hesabatlarında bu, bir yaşa qədər uşaq ölümü kimi qeyd olunur. Bizdə bu göstərici əvvəllər stabil idi. Amma indi səslənən statistik rəqəmlər qorxuludur. Axı 2-3 günlük uşaqlar niyə ölür? Kütləvi ölümə səbəb ola biləcək amili təsəvvür etmək çətindir”.
Məlumat üçün əlavə edək ki, dünyada uşaq ölümlərinin qiymətləndirilməsi üzrə BMT-nin Qurumlararası Qrupu (UNICEF, ÜST, Dünya Bankı, Əhali Fondu və s.) tərəfindən açıqlanan statistikaya əsasən, Azərbaycanda bu göstərici hər 1 000 diri doğulan uşağa görə 19 olub. Bu göstəriciyə əsasən, Azərbaycan Avropa və qonşu ölkələr arasında birinci yerdə qərarlaşıb. Avropada 5 yaşadək uşaq ölümü göstəricisi (hər 1000 diri doğulan uşağa) belədir: Azərbaycan – 19; Moldova – 15; Türkiyə – 13; Ermənistan – 10; Gürcüstan – 9; Albaniya – 9; Ukrayna – 8; Rumıniya – 7; Bolqarıstan – 6; Bosniya və Herseqovina – 6; Slovakiya – 6; Rusiya – 5; Xorvatiya – 5; Serbiya – 5; Böyük Britaniya – 5; Polşa – 4; Belçika – 4; Macarıstan – 4; Yunanıstan – 4; İsveçrə – 4; Fransa – 4; İrlandiya – 4; Almaniya – 4; Niderland – 4; Çexiya – 3; Şimali Makedoniya – 3; İtaliya – 3; Monteneqro – 3; İsveç – 3; Litva – 3; Latviya – 3; İspaniya – 3; Portuqaliya – 3; Avstriya – 3; Danimarka – 3; Kipr – 3; İslandiya – 3; Lüksemburq – 2; Belarus – 2; Sloveniya – 2; Estoniya – 2; Norveç – 2; Finlandiya – 2.
Afaq Mirayiq,
Musavat.com

