Bazar analizi: Qırmızı ət və balığın qiymətləri niyə yüksəlir
“Qırmızı ət bahalaşdıqda balığın qiyməti də artır, çünki bu məhsullar bir-birini əvəz edə bilirlər. Balıq qiymətləri isə əsasən tələbdən asılıdır”.
Bunu BiG.AZ-a açıqlamasında iqtisadçı Xalid Kərimov bildirib.
O, qeyd edib ki, əgər vətəndaşlar bahalaşmış balığı əvvəlki kimi və ya daha çox almağa davam edərlərsə, qiymətlər daha da yüksələcək. Yəni bazar qiymətləri yalnız alıcılardan deyil, satıcılardan da asılıdır. Qiymətlər bazar prinsiplərinə görə müəyyən olunur: qiymət qoyulur, alıcı müəyyənləşdirilir; alıcı olmadıqda qiymətlər azalır:
“Əgər bazardakı vəziyyət sahibkarı qane etmirsə, o, malı satmaqdan imtina edə bilər. Uzunmüddətli proqnozlara görə, qırmızı ət və balığın qiymətlərinin artması gözlənilir. Eyni zamanda, quş ətinin də bahalaşma ehtimalı yüksəkdir.
Buna səbəb həm yerli istehsalın azalması, həm də bazara daha çox idxal məhsullarının daxil olmasıdır. Bu səbəbdən qiymət artımı labüddür və başa düşüləndir”.

