Gündəm 

Növbəti icra hakimiyyətində kütləvi ixtisar: işdən çıxarılanların aqibəti…

Növbəti rayon icra hakimiyyətində kütləvi ixtisar baş verib. Göyçay Rayon İcra Hakimiyyətində aparılan struktur dəyişikliyi ilə bağlı 31 vəzifə ləğv edilib.

İcra başçısı Orxan Mürsəlovun sərəncamı ilə həmin əməkdaşların dövlət qulluğuna xitam verilib və onlar ehtiyat kadr siyahısına əlavə olunublar. (Oxu.Az)

Məlumata görə, vəzifəsini itirənlərdən 26 nəfər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyinin baş məsləhətçi – baş mühasibidir. Digər şəxslər isə Göyçay Rayon İcra Hakimiyyətində müəyyən vəzifələrdə çalışanlardır.

Məlumata görə, vəzifəsi ləğv edilənlərdən 4 nəfər icra hakimiyyəti və tabe qurumlarda digər vəzifələrə təyin edilsə də, hazırda 27 şəxs işsizdir.

Qeyd edək ki, bundan əvvəl Ağsu Rayon İcra Hakimiyyətində də 14 əməkdaşın, Ağdaşda 14, Tovuzda 43, Cəlilabadda isə ümumilikdə 38 şəxsin vəzifəsinə xitam verilmişdi.

Dövlət idarəçiliyində belə struktur dəyişiklikləri və kütləvi ixtisarlar nə dərəcədə qəbulolunandır? İxtisara düşən bu qədər kadrların sonrakı aqibəti necə olur? Onlar işlə təmin olunurlarmı?

Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“Dünyada dövlət idarəçiliyində həm korporativ idarəetmədə yeni sistem tətbiq olunur. Azərbaycanda tətbiq olunan idarəetmə modelində artıq köklü islahatların həyata keçirilməsinin vaxtı çatıb. Bu istiqamətdə mövcud boşluqlar bir sıra problemlər yaradır. Həm bir-birini təkrarlayan qurumlar, bir-birinə maneçilik törədən qurumlar, üfüqi və şaquli məsuliyyətin düzgün bölüşdürülməsi, eyni zamanda bu qurumların çoxluğu və dövlət büdcəsinə əlavə yük yaratması kimi problemlər ortaya çıxır. Yəni bir-birini təkrarlayan qurumların mövcud olması proseslərin optimallaşdırılmasının ciddi şəkildə həyata keçirilməsinə mane olur. Prosesin bir hissəsi bir qurumda, digər hissəsi isə başqa qurumda olur və nəticədə əziyyəti vətəndaş çəkir. Artıq belə bir sosial sifariş var. Dünyada baş verən trendlərə və standartlara uyğunlaşmaq məqsədilə bu addımların atılması əslində çoxdan həyata keçirilməli idi”.

WhatsApp Image 2026-03-11 at 16.37.15.jpeg (32 KB)

Ekspert qeyd edib ki, Azərbaycanda bu prosesə artıq başlanılıb və yeni islahatların iki əsas məqsədi var: birincisi idarəetmənin optimallaşdırılması, ikincisi isə dövlət büdcəsinin yükünün azaldılmasıdır:

“Yəni bir sıra vəzifələr var ki, artıq mövcud statusu ilə özünü doğrultmur. Məsələn, nümunə gətirək: regionlarda regional idarələr yaradılmışdı — regional idman idarəsi, mədəniyyət idarəsi, bundan başqa məşğulluq və digər sahələr üzrə idarələr. Həmin sahələr üzrə kadrların ştat qrafikində kuratorların olması məsələsi ortaya çıxır. Əgər regional idarələr varsa, onların hər birinə bir kurator yetərlidir – hər hansı bir rəhbər və ya müavin. Ümumiyyətlə, icra hakimiyyəti institutunun özü də sual altındadır. Çünki dünya praktikasında əks mərkəzləşmə tətbiq olunur. Əks mərkəzləşmə yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərinin artırılması və idarəetmədə regionlarda yaşayan insanların, yəni həmin ərazidə yaşayan vətəndaşların iştirakının təmin olunması məqsədi daşıyır. Azərbaycanda da bu tip problemlər mövcud idi.
Bundan başqa, bu sahədən işdən çıxan əməkdaşlarla bağlı da müəyyən məsələlər var. İcra hakimiyyətlərində ən ciddi problemlərdən biri odur ki, burada çalışan əməkdaşlar digər dövlət qurumlarında və ya ümumiyyətlə əmək bazarında uyğunlaşmaqda çətinlik çəkirdilər. Məsələn, onların işlədiyi iş üslubu ilə özəl sektorda tətbiq olunan iş üslubu tamamilə fərqlidir. Yəni icra hakimiyyətlərində formalaşmış yanaşma ilə özəl təşkilatlarda və korporativ idarəetmə tətbiq olunan digər qurumlarda işləmək onlar üçün çox çətin olur”.

Asif İbrahimovun sözlərinə görə, bu kadrların müasir əmək bazarı şərtlərinə uyğunlaşdırılması lazımdır:

“İşdən çıxarılan işçilərin də əksəriyyəti hazırda tam işsiz qalmır. Praktikada nə edirlər? Ehtiyat kadr bazası yaradıblar. Yəni, vakant yerlərə həmin işçilərin yerləşdirilməsi həyata keçirilir. Yerləşdirilə bilməyənlər isə ehtiyat kadr bazasında qalırlar. Təbii ki, bu halda işsizlik problemi müəyyən qədər artır və bu, digər faktorlara da təsir göstərməyə başlayır. Amma düşünürəm ki, ilk növbədə Dövlət Məşğulluq Agentliyi bu kadrların müasir əmək bazarına uyğunlaşdırılması ilə məşğul olmalıdır. Yəni, əgər bir şəxsi işdən çıxarırsansa və o, 10–15 il ərzində, köhnə “Raykom” sisteminə bənzər bir mühitdə çalışıbsa, müasir əmək bazarının şərtlərinə uyğunlaşmaqda müəyyən çətinlik çəkəcək. Buna görə də həmin mütəxəssislərin yenidən uyğunlaşdırılması və adaptasiyası təmin edilməlidir”.

Afaq Mirayiq,
Musavat.com

Daha çox xəbərlər