Azərbaycanda quduzluğa qarşı HAZIRLIQ
Ötən il Azərbaycanda 48 min 446 nəfər heyvan dişləməsi və cırmaqlanmasına məruz qalıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) strukturu genişləndirilib. İqtisadiyyat.az-ın yaydığı məlumata əsasən yeni yaradılan vaksin istehsalı sektoru İnstitutun strukturuna daxil edilib. Hələlik sektora müdir təyinatı olmayıb. Qurumdan bildirilib ki, AQTA ilə Belarusun “BelVitunifarm” ASC arasında qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində əməkdaşlıq həyata keçirilir. İnstitutda vaksin istehsalı sekotru bu əməkdaşlıq çərçivəsində yaradılıb: “Hazırda Belarus Respublikasının “BelVitunifarm” ASC ilə əldə edilən razılıq əsasında müvafiq işlər həyata keçirilir”.
Azərbaycanın quduzluğa qarşı preparatların istehsalı sahəsində Belarusla əməkdaşlığı 2024-cü ildən rəsmiləşib. Həmin ilin dekabrında “BelVitunifarm” ASC-nin nümayəndə heyətinin Baklya səfəri çərçivəsində AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev və “BelVitunifarm” ASC-nin Baş direktoru İlya Darovskix Azərbaycanda baytarlıq preparatlarının birgə istehsalı müəssisəsinin yaradılması ilə bağlı əməkdaşlıq və məxfilik müqaviləsi imzalayıblar. “Əməkdaşlıq Müqaviləsi”ndə Azərbaycanla Belarus arasında sənaye əməkdaşlığının inkişafı, həmçinin Azərbaycanda müvafiq istehsal müəssisəsinin yaradılması ilə ölkənin öz istehsalı olan baytarlıq preparatları ilə təmin edilməsi və digər dövlətlərə satışının həyata keçirilməsi nəzərdə tutulub.

Eyni zamanda sənəddə quduzluğa qarşı vaksin tərkibli hazır aldadıcı yemlərin və kimyəvi-əczaçılıq baytarlıq preparatlarının istehsalının təşkili, eləcə də baytarlıq preparatlarının istehsalı və istifadəsi sahəsində mütəxəssislərin hazırlanması, məsləhətləşmələrin aparılması, işçilərin ixtisaslarının artırılması üçün müvafiq sahələr üzrə təlimlərin keçirilməsi, yeni elmi tədqiqatlar haqqında qarşılıqlı məlumat mübadiləsinin aparılması və digər məsələlər əksini tapıb. 2025-ci ilin iyununda isə “BelVitunifarm”ın baş direktoru İlya Darovskix elan edib ki, Azərbaycanda baytarlıq preparatlarının istehsalı üzrə birgə müəssisə yaradırlar: “Baytarlıq preparatlarının istehsalı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun bazasında təşkil olunur. Vitebskdən olan mütəxəssislər azərbaycanlı həmkarları ilə birlikdə quduzluğa qarşı inaktivləşdirilmiş vaksin və vaksin tərkibli yem istehsalını təşkil edəcəklər”.
Baş direktorun sözlərinə görə, Vitebskli istehsalçı birgə müəssisəyə töhfə olaraq texnologiyalar təqdim edəcək və əsasən Belarus istehsalı olan avadanlıqlarla təchizatda azərbaycanlı tərəfdaşlarına köməklik göstərəcək. Darovskix onu da qeyd edir ki, vaksin istehsalının Azərbaycan bazarında lokallaşdırılması yüksək effektli preparatları yerli istehlakçılar üçün daha əlçatan etməyə və Azərbaycanda baytarlıq sisteminin inkişafına töhfə verməyə imkan verəcək: “Bundan əlavə, “BelVitunifarm” Azərbaycana kimya və əczaçılıq məhsullarının tədarükünü təşkil edib. Şirkətin gələcəkdə qonşu Türkiyə bazarına çıxış imkanları araşdırılır”.
O, həmçinin qeyd edib ki, “BelVitunifarm” 10-a yaxın ölkənin bazarlarına məhsul tədarük edir. Əsas ixrac istiqamətləri Rusiya, Qazaxıstan və Gürcüstandır. Bəs belə bir müəssisənin yaradılması iqtisadi baxımdan nə qədər səmərəli ola bilər? Son illərin məlumatlarına nəzər salsaq, görərik ki, Azərbaycanda müxtəlif heyvanların insanları dişləməsi hallarında artım var. Səhiyyə Nazirliyindən Musavat.com-a verilən məlumata görə, ötən il Azərbaycanda 48 min 446 nəfər heyvan dişləməsi və cırmaqlanmasına məruz qalıb. Bildirilib ki, xəsarət alanların böyük hissəsi it dişləmələri ilə bağlı olub və bu səbəbdən 32 min 194 nəfər zərər çəkib. Məlumata görə, keçən il ərzində insanlar arasında bir quduzluq hadisəsi qeydə alınıb. 2024-cü ildə ölkədə 43011 nəfər heyvan dişləməsinə məruz qalmışdı. Həmin il quduzluağa yoluxma qeydə alınmayıb, lakin ondan əvvəlki 2023-cü ildə 3 belə hal baş vermişdi.

Mütəxəssislərə görə, ev heyvanları və insanlar arasında quduzluğun yayılmasına qarşı ən yaxşı mübarizə vəhşi heyvanlar arasında profilaktik peyvəndləmədir.
Bütün dünyada belə peyvəndləmə quduzluq faktı aşkarlanan ərazidə helikopterlər vasitəsilə dərman preparatları qatılmış xüsusi yemlərin səpilməsi yolu ilə aparılır. Bu üsuldan istifadə edilməsi nəticəsində artıq Amerika Birləşmiş Ştatları, Avstraliya, Yeni Zelandiya və Avropa ölkələrində quduzluq xəstəliyinə rast gəlinmir. Aviasiyanın tətbiqi ilə aldadıcı yem vasitəsilə peyvəndləmənin aparılması Qafqaz regionunda, o cümlədən ölkəmizdə ilk dəfə 2023-cü ildə həyata keçirilib. AQTA, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) və Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin birgə təşkilatçılığı ilə helikopterlə Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Quba, Xaçmaz, Qusar rayonları ərazisində kəndətrafı meşəlik sahələrdə 14 minə yaxın aldadıcı yem səpələnib. 2024-2025-ci illərdə belə peyvəndləmə təkrar edilib.
Açıqlanan rəsmi məlumata görə, tərtib edilmiş xəritə və müəyyənləşdirilmiş marşrut üzrə relyef quruluşu nəzərə alınmaqla, kəndəətrafı meşə zolaqlarına quduzluq xəstəliyi əleyhinə peyvənd vasitəsi olan “Rabadrop oral suspenziyası” səpələnir. Normaya əsasən, meşə zolaqlarında hər 1 km² əraziyə 20-25 doza aldadıcı yemin səpilməsi nəzərdə tutulur. Bundan başqa, qeyd edilən ərazilərdə yerləşən şəhər, qəsəbə və kəndlərin ətrafında müəyyən olunmuş yerlərə əllə on minllərlə doza aldadıcı yem dağıdılıb. Əhaliyə səpələnmiş aldadıcı yem briketlərinə toxunulmamasına dair xəbərdarlıq edilib. Bildirilir ki, əgər hər hansı bir ev və ya vəhşi heyvan bir neçə yem payını yesə belə, bu, həmin heyvanlar üçün təhlükə yaratmır. Ərazilərə atılmış, içərisində vaksin olan yemi qəbul etdikdən sonra vəhşi və sahibsiz heyvanlarda quduzluğa qarşı immunitet yaranır: “Bu cür tədbirlər xüsusi təhlükəli xəstəlik sayılan quduzluğa qarşı epizootoloji sabitliyin qorunub saxlanılmasını təmin edir. Aldadıcı yemlər vasitəsilə oral üsulla quduzluğa qarşı peyvəndləmə üsulu ölkəmizdə davamlı tətbiq olunur. Ötən illər ərzində Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən azad olunmuş ərazilərdə analoji üsulla vəhşi heyvanlar arasında peyvəndləmə tədbirləri həyata keçirilib”.

Rəsmilər bildirirlər ki, son illər ölkə ərazisində keçirilən monitorinqlər zamanı ətyeyən vəhşi heyvanlar və sahibsiz itlər arasında quduzluq xəstəliyi aşkar olunub: “Xəstəliyin baş verdiyi ərazilərdə aparılan epidemioloji araşdırmalarda həmin heyvanların insanlara və ev heyvanlarına xəsarət yetirdiyi, nəticədə insanların da xəstəliyə yoluxduğu müəyyən edilib. Həmçinin Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının ekspertləri tərəfindən ölkəmizin baytarlıq sisteminin qiymətləndirilməsi missiyası dövründə regionda quduzluq xəstəliyinin epizootoloji risk səviyyəsinin yüksək olduğu qənaətinə gəlinib. Buna görə də müasir dünya təcrübəsinə uyğun olaraq, yüksək riskli ərazilərdə quduzluq xəstəliyinin yayılmasında əsas rol oynayan ətyeyən vəhşi heyvanlar və sahibsiz itlər arasında aldadıcı yem vasitəsilə peyvəndləmənin aparılmasının vacibliyi bildirilib”.Ev heyvanlarına gəlincə, Azərbaycanda quduzluğa qarşı əsasən “Biokan” adlı peyvənd 3 aylıqdan yuxarı itlərə tətbiq olunur. Bu vaksin heyvanlarda 3-4 həftə ərzində immunitet yaradır. Heyvanlara peyvəndlər adətən hər 1-3 ildən bir təkrar verilir.
İnsanlara isə heyvan dişləmələri halında 28 gün ərzində ümumilikdə 5 doz peyvənd dozası vurulur. İnsanlar üçün peyvənd preparatları əsasən Rusiya və Hindistandan idxal edilir.
Açıqlanan məlumatlardan aydı olur ki, AQTİ ilə Belarusun yaradacağı BM-də yalnız heyvanlar üçün peyvəndləmə materialı olan aldadıcı yemlərin istehsalı nəzərdə tutulur. Bu baxımdan, dövlətin alacağı 50-60 min doz preparat istehsalı üçün müəssisənin yaradılması iqtisadi baxımdan səmərəli olmaya bilər. Səmərəlilik o zaman təmin edilə bilər ki, xarici ölkələrə irihəcmli ixrac yoluna qoyulsun. Lakin açıqlanan məlumata görə, müəssisə üçün istehsal avadanlıqları və materialları Belarusdan gətiriləcək. Qərbin ağır sanksiyaları altında olan bu ölkə ilə birgə istehsal olunan preparatların MDB-dən kənara ixracının təmin olunması problemli məsələdir.
Dünya SAKİT,
Musavat.com

