Gündəm 

İranda “qara yağış” – Azərbaycana TƏHLÜKƏ qalır?

Son günlər İranda müşahidə olunan qeyri-adi hava hadisəsi – “qara yağış” ölkə daxilində və regionda ciddi müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə və mediada yayılan görüntülərdə Tehranda yağan yağışın tərkibində qara çöküntülərin olduğu açıq şəkildə görünür. Mütəxəssislər bildirirlər ki, bu cür yağıntı atmosferdə toplanan tüstü, yanma məhsulları, toz və müxtəlif kimyəvi maddələrin yağış damcıları ilə birlikdə yerə düşməsi nəticəsində yaranır. Ekoloqların sözlərinə görə, belə hallarda yağış suyu adi yağıntıdan fərqli olaraq tərkibində çoxlu zərərli maddələr daşıya bilir. Bu maddələr insan sağlamlığı üçün risk yarada, dəri və tənəffüs yolu xəstəliklərini artıra, eyni zamanda torpağa və su mənbələrinə düşərək ekoloji problemlərə səbəb ola bilər.

“Qara yağış” və ya çirkli yağıntı adlandırılan bu fenomen əslində dünyada yeni hadisə deyil. Bu, adətən böyük yanğınlar, sənaye tullantıları, neft məhsullarının yanması və ya hərbi əməliyyatlar zamanı atmosferə yayılan hissəciklərin yağışla birlikdə yerə çökməsi nəticəsində baş verir. Tarixdə bu tip hadisələr bir neçə dəfə qeydə alınıb. Məsələn, 1991-ci ildə İraqda baş verən Körfəz müharibəsi zamanı yandırılan neft quyularının tüstüsü region ölkələrində qara çöküntülərlə müşahidə olunan yağıntılara səbəb olmuşdu. Həmin dövrdə atmosferə milyonlarla ton tüstü və zəhərli qaz buraxıldığı bildirilirdi. Bu çirklənmə nəticəsində bəzi ölkələrdə havanın sıviyyəsi kəskin pisləşmiş, insanların sağlamlığı üçün təhlükə yaranmışdı.

ÜST İranda "qara yağış"ın sağlamlığa təhlükəsi barədə xəbərdarlıq etdi -  Oxu.az

Bənzər hadisələr sənayeləşmiş ölkələrdə də müşahidə olunub. XX əsrin ortalarında Böyük Britaniyada və Almaniyada ağır sənaye tullantıları səbəbindən tünd rəngli və turşulu yağıntılar qeydə alınmışdı. Hətta 1952-ci ildə Londonda baş verən məşhur “Böyük duman” hadisəsi zamanı havadakı çirklənmə minlərlə insanın həyatına son qoymuşdu. Son illərdə isə belə yağıntılar daha çox böyük meşə yanğınları və ya sənaye qəzası ilə əlaqələndirilir. Məsələn, Avstraliya və ABŞ-da baş verən geniş meşə yanğınları zamanı bəzi ərazilərdə kül və tüstü hissəciklərinin yağış damcıları ilə birlikdə yerə düşməsi qeydə alınmışdı. İranda müşahidə olunan son hadisə də oxşar səbəblərlə izah edilir. Ekoloqlar bildirir ki, Tehranda yağan “qara yağış” şəhərdəki yüksək səviyyəli hava çirklənməsi və yanma məhsullarının atmosferdə toplanması ilə bağlıdır. Bu cür yağıntının tərkibində müxtəlif toksiki maddələr ola bilər. Belə maddələr isə tənəffüs sistemi üçün təhlükə yaradır, dəri xəstəliklərinə səbəb ola və içməli su mənbələrini çirkləndirə bilər. Mütəxəssislərin bildirdiyinə görə, regionda formalaşan hava axınları yaxın günlərdə bu çirklənmiş hava kütlələrinin Mərkəzi Asiya ölkələri, Çin, Pakistan və Əfqanıstan istiqamətində hərəkət etməsinə səbəb ola bilər. Bu isə məsələnin təkcə İran üçün deyil, region ölkələri üçün də diqqətlə izlənilməli bir proses olduğunu göstərir.

Milli Hidrometeorologiya Xidməti rəisinin müavini Gülnarə Abbasova da bildirib ki, hazırda ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti regionda formalaşan sinoptik proseslərlə bağlıdır.
Bəs İranda müşahidə olunan bu hadisənin Azərbaycana təsir etməsi mümkündürmü? Mövcud risk nə qədər realdır və təhlükənin sovuşduğunu nə vaxt demək olar?

Ekoloq, biologiya üzrə fəlsəfə doktoru Fikrət Cəfərov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Təhlükə var. Amma Azərbaycan üçün təhlükə nə qədərdir, bunu demək çox çətindir. Bir neçə il bundan əvvəl İraqda neft quyuları yananda Azərbaycana da böyük təhlükə yarada bilərdi. Lakin monitorinq aparıldı, nəticədə aydın oldu ki, “külək gülü” həmin ərazilərdə birbaşa okean tərəfə, ya da yanan toksiki qazlara qərb tərəfə aparır. İranda da “külək gülü” elə əmələ gəlib ki, Azərbaycana çox cüzi şəkildə nə isə gətirə bilər. Özü də həmin quyular birbaşa Azərbaycandan xeyli uzaqdadır. Fikrimcə, bu böyük ekoloji təhlükədir. İran üçün ekoloji böhrandır. Lakin Azərbaycana bu təsir göstərə bilməz”.

ekoloq, biologiya üzrə fəlsəfə doktoru, “Davamlı İnkişaf” İctimai Birliyinin sədri Fikrət Cəfərov

Ekoloq Qorxmaz İbrahimlinin sözlərinə görə, Yaxın və Orta Şərqdə baş verən hər bir hadisə Azərbaycana mütləq təsir edəcək, çünki eyni coğrafiyada yerləşir: “İranda baş verən müharibə, istifadə edilən silahların nəticəsində yaranan ekoloji problemlər mütləq Azərbaycana təsir göstərəcək. Cənub və cənub-şərq, cənub-qərb küləkləri o havanı Azərbaycan ərazisinə gətirir. Bu, bir aksiomadır. Hazırda Tehranda yağan “qara yağışlar”ın səbəbi bəllidir. Orada yanacaq depolarının, anbarlarının vurulması nəticəsində Tehranın üzərini qara dumanlar örtüb. Ancaq bunlar tək həmin ərazi ilə yekunlaşmayacaq. Həmin karbonhidrogen qarışığı havada çirklənmə yaratmaqla yanaşı insanların vücudlarına, tənəffüs orqanlarına zərər verir”. (Pravda.az)

O qeyd edib ki, Tehran özü dünyanın ən çirkli şəhərlərindən biri idi və Amerika, İsrailin hərbi hücumları nəticəsində daha da çirklənib: “Təsiri Azərbaycan ərazisi ilə yanaşı Şimali Qafqaza kimi gedib çıxa biləcək. Hər hansısa qorunma üsulu isə yoxdur. Qorunmaq, qarşısını almaq üçün sadəcə müharibələr dayandırılmalıdır. Müharibələri də dayandıran yoxdur. Çünki güclü olana kimsə etiraz edə bilmir. Bu çirklilik də paralel olaraq mütləq şəkildə xəstəliklər yaradacaq. Dəri xəstəlikləri ilə yanaşı tənəffüs yolu, ağciyər xəstəlikləri də yarana bilər. Orada radioaktiv zəhərlənmə başlasa, o da bizim ərazimizə gəlib çıxacaq və olduqca təhlükəlidir. Nəzərə alsaq ki, bu şübhələr də var…”

Afaq Mirayiq,
Musavat.com

Daha çox xəbərlər