Bu qanuna mühüm DƏYİŞİKLİKLƏR
Milli Məclisin iclasında “Yerin təki haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub.
Musavat.com-un məlumatına görə, layihəyə əsasən, yerin təkindən istifadənin növlərinin siyahısı genişləndiriləcək.
Qanun layihəsinə əsasən, su anbarlarında və ya sututarlarda toplanan çöküntülərin (qum, qum-çınqıl, gil), habelə tunellərin və ya keçidlərin tikintisi ilə əlaqədar yerin təkindən çıxarılan süxurların istifadəsi yerin təkindən istifadənin növləri sırasına daxil ediləcək.
Müzakirələr zamanı bildirilib ki, Azərbaycanda su ehtiyatlarının artırılması, əhalinin keyfiyyətli içməli su və suvarma suyu ilə təminatının yaxşılaşdırılması çərçivəsində mövcud su anbarlarının və sututarların təmizlənməsi nəzərdə tutulur. Bu da həmin sututarlarda toplanmış milyonlarla kubmetr qum, qum-çınqıl və gil tərkibli materialların çıxarılması və iqtisadi dövriyyəyə cəlb olunması ilə nəticələnəcək.
Həmçinin, ölkədə yol infrastrukturunun yaxşılaşdırılması çərçivəsində yolötürücü tunellərin tikintisi yer təkindən süxurların çıxarılması ilə nəticələnir. Sözügedən çöküntü və süxurların istifadəsinin hüquqi əsasının yaradılması onlardan istifadənin qanuniləşməsinə, hesabatlılığın təmin edilməsinə və rəqabət mühitinin təmin olunmasına xidmət edəcək.
Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

