Bakıdan İrəvana buğda qatarı: Azərbaycan tranzit dəhlizini tam gücü ilə açdı
Bu gün səhər saatlarında Bakının Biləcəri dəmir yolu stansiyasından Ermənistana 350 ton Rusiya buğdasını çatdıracaq 5 vaqondan ibarət növbəti yük qatarı yola salınıb.
Musavat.com xəbər verir ki, Azərbaycanın yaratdığı tranzit imkanları sayəsində həyata keçirilən bu daşıma Gürcüstan ərazisindən keçməklə Ermənistana çatdırılacaq. Yük qatarı Biləcəridən hərəkətə başlayaraq Böyük Kəsik stansiyası vasitəsilə qonşu ölkəyə, oradan isə İrəvana istiqamət alacaq. Qeyd edək ki, 2025-ci ilin oktyabrında Prezident İlham Əliyevin Ermənistana yük tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırmasından sonra bu cür daşımalar mütəmadi xarakter alıb.
İndiyə qədər Azərbaycan ərazisindən Ermənistana 23 min tondan çox taxıl, 1000 ton gübrə və 68 ton qarabaşaq (qreçka) göndərilib. Dünən isə eyni marşrutla 271 ton gübrə və bir vaqon qarabaşaq yola salınmışdı. Rəsmi Bakının bu addımı regionda kommunikasiyaların açılması və sülh prosesinə dəstək kimi qiymətləndirilir. Analitiklər hesab edirlər ki, Azərbaycanın humanitar və iqtisadi dəhliz rolunu öz üzərinə götürməsi Ermənistanın xarici bazarlara çıxışını asanlaşdırmaqla yanaşı, iki ölkə arasında etimad mühitinin güclənməsinə xidmət edir.

