“Tarixdə baş verənlərdən ibrət götürməliyik”-108 il öncə…
Bu gün Azərbaycan tarixində ən faciəli və qanlı səhifələrdən birini təşkil edən 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür. 31 mart tarixi xalqımıza qarşı həyata keçirilmiş məqsədli etnik təmizləmə və kütləvi qırğın siyasətinin acı nəticələrini özündə əks etdirir. 1918-ci ilin mart-aprel aylarında baş verən hadisələr zamanı minlərlə günahsız insan yalnız milli və dini mənsubiyyətinə görə amansızlıqla qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəni və tarixi abidələr məhv edilmişdi.
Bu, təkcə bir dövrün faciəsi deyil, bütövlükdə Azərbaycan xalqına qarşı yönəlmiş sistemli zorakılıq siyasətinin bariz nümunəsidir. Soyqırımı nəticəsində Bakı, Şamaxı, Quba, Qarabağ və digər bölgələrdə genişmiqyaslı qətliamlar törədilmiş, dinc əhali xüsusi qəddarlıqla hədəfə alınmışdı.
Bu qanlı hadisələr tariximizin yaddaşına silinməz iz salmaqla yanaşı, milli kimliyimizin, birliyimizin və mübarizə ruhumuzun daha da möhkəmlənməsinə səbəb olub. 31 mart Soyqırımı Günü yalnız anım deyil, həm də tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
“Soyqırımı milli, etnik, irqi və ya dini bir qrupu tamamilə və ya qismən məhv etmək məqsədilə törədilən sistemli və kütləvi qətl, zorakılıq və repressiya aktlarıdır. Bu, beynəlxalq hüquqa görə ən ağır cinayət sayılır və insanlığa qarşı yönəlmiş hərəkət kimi qiymətləndirilir. Soyqırımın əsas xüsusiyyəti insanların öldürülməsi, fiziki və ya zehni zərər verilməsi, yaşayış şəraitinin qəsdən pozulması və doğumun qarşısının alınması və müəyyən bir qrupu yox etmək niyyətidir”.
Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.
Parlamentari öncəliklə soyqırım termininin tarixi barədə məlumat verib: “Bu termini ilk dəfə elmi və hüquqi anlayış kimi formalaşdıran polyak-yəhudi hüquqşünası Rafayel Lemkin olub. Rafael Lemkin uzun müddət çalışaraq 1948-cı ildə BMT tərəfindən “Soyqırımın qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya”nın qəbul olunmasına nail oldu. Lemkinin öz ailəsi Holokosta məruz qalmışdı və ona görə də bu genosid cinayəti beynəlxalq gündəliyə gətirərək dünya tərəfindən qəbul olunmasına çalışdı. Dünya tarixində müxtəlif xalqlara və millətlərə qarşı soyqırımlar mütəmadi törədilib. Amma beynəlxalq səviyyədə tanınaraq təzminat ödənilməsi ilə nəticələnmiş soyqırım hadisəsi 1933–1945-ci illərdəki Hitler Almaniyası tərəfindən yəhudilərin və digər qrupların sistemli şəkildə məhv edilmiş Holokost faciəsi olub.
Bundan başqa 1975–1979 — Kamboca soyqırımı, 1994 — Ruanda soyqırımı, 1995 — Srebrenitsa qətliamı milyonlarla günahsız insanın qətlə yetirilməsi ilə nəticələnib”.

Deputat qeyd edib ki, Azərbaycan xalqı da dünyada baş vermiş soyqırımlardan heç də az təsirli olmayan soyqırımlara XIX əsrin əvvəllərindən başlayaraq zaman-zaman ermənilər tərəfindən məruz qalmış, məcburi köçürmələrə və etnik təmizləmələrlə üzləşib: “1905, 1918-ci illərdə azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınlar, 1920-ci ildə Qərbi Zəngəzurun Ermənistana verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının Qərbi Azərbaycandan güc yolu ilə köçürülməsi Ermənistanın mifik “Böyük Ermənistan” yaratmaq siyasətinin tərkib hissəsi olub. 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən erməni daşnak-bolşevik silahlı dəstələri tərəfindən Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə xüsusi qəddarlıqla kütləvi qırğınlar törədilərək 30 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 10 minlərlə insanı öz yurdlarından qovulmuşdu. Mifik ideya ilə özlərinə xəyal quran erməni qatilləri uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirmiş, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıdaraq tarixi-mədəni irsimizi məhv edib yer üzündən silməyə çalışmışlar. O cümlədən 4 min erməni daşnakın daxil olduğu 6 min silahlı əsgərdən ibarət qırğın dəstələri Şamaxıda 86 kəndi darmadağın edərək 7 min nəfəri vəhşicəsinə qətlə yetirib. 18 min nəfər isə Şamaxı qəzasından qaçqın düşməsinə məcbur edilib. 2007-ci ilin aprelində Qubada stadionun təmiri ilə bağlı aparılan qazıntı işləri zamanı erməni daşnakların törətdikləri qırğının təzahürü olan kütləvi məzarlıq aşkar olunmuşdu. Məzarlıqda aşkar olunan insan sümüklərinin tədqiqatlar və ekspertizaları zamanı insanlığa xas olmayan işgəncə üsulları ilə qəddarcasına qətlə yetirildiyi, 500-dən çox kəllə sümüyü müəyyən olunub.
1918-ci ilin yanvar-aprel aylarında Stepan Şaumyanın tapşırığı ilə ermənilərdən yaradılmış 10 mindən çox əli silahlı bolşevik-daşnakdan təşkil olunmuş dağıdıcı ordu erməni generalı Hamazapsın başçılığı ilə Quba qəzasında törədilmiş qırğınlar zamanı 167 kəndi dağıtmış, 35 -i yandıraraq məhv etmiş, Quba, Qusar və Xaçmaz ərazində 26 məscid yandırmış və 16 mindən çox insanı vəhşicəsinə qətlə yetirmişdi. Quba qırğınları zamanı erməni daşnakları yerli xalqlardan təşkil olunmuş dəstələrin sərt başlıq müqavimətiylə qarşılaşaraq məhv olunduğu “Qanlı dərə” ərazisi həm də qəhrəmanlıq səhifəmiz kimi tarixə düşüb. Qubada qırğınlar törədərək Qusara tərəf irəliləyən bolşevik daşnak qoşunu Digah kəndinin (sonradan “Qanlı dərə” adı verilən) ərazisində yerli xalqlar tərəfindən darmadağın edilir. Qusarlı Hatəm ağa Çağarvi, Möhübəli əfəndi Kuzunvi, qubalı Əli bəy Zizikski və şabranlı Həmdulla Əfəndi kimi qəhrəmanların rəhbərlik etdiyi yerli xalqlardan təşkil olunmuş dəstələr “Qanlı dərədə” 5 minlik bolşevik-daşnak ordusunun qanını su yerinə axıdaraq onları geri qaçmağa məcbur ediblər”.
Milli Məclisin üzvü Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyasının mərhələli şəkildə həyata keçirildiyini də bildirib: ” 1905–1920, 1948–1953 və 1988-1992-cı illəri əhatə etməklə üç dəfə azərbaaycanlılara qarşı soyqırımlar törədilmiş, etnik təmizlənmə aparılmışdı. Belə ki, ermənilər azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaxın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların da daxil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlını Qərbi Azərbaycandan didərgin salıblar. Sonuncu deportasiyada 1988-ci ildə isə 250 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib. Bundan sonra ermənilər Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tarixi mədəni abidələri, dini müəssisələri, məktəb, xəstəxana və digər binaları darmadağın edib. Təkcə 1988-ci ildən sonra Qərbi Azərbaycanda ermənilər azərbaycanlılara məxsus 2000-dən artıq qəbristanlıq dağıdıb. Ermənilər tarixən azərbaycanlılara, türklərə qənim kəsildikləri halda bu faktlar gizlədilib, dünya ictimaiyyəti isə bu məsələlərə diqqətsizlik göstərib. Azərbaycanlıların son deportasiyasından sonra Ermənistan monoetnik dövlətə çevrilib. Ermənilərin “Dənizdən dənizə Böyük Ermənistan” yaratmaq xülyası ilə Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi və azərbaycanlılara qarşı soyqırımların törədilməsi XX əsrin sonunda da davam etdirilib. 90-cı illərin əvvəlində müstəqil Azərbaycan Respublikasının suveren ərazilərinin 20%-ni işğal edən Ermənistan işğal prosesi zamanı 300-dən çox yaşayış məntəqəsini yerlə yeksan edərək talamış, sakinlərə qarşı soyqırımlar törətmişdi. Bu soyqırımların ən dəhşətlisini isə 26 fevral 1992 -ci ildə Xocalıda törədiblər. Təpədən dırnağa qədər silahlanmış erməni cəlladları 366 -cı motoalayın köməyi ilə bir gecənin içində uşaq, qadın, qoca demədən 613 sakini vəhşicəsinə qətlə yetirmiş, 1275 nəfər əsir götürmüşlər, 150 nəfərin taleyi bu gün də məlum deyil. Xocalı soyqırımı hazırda dünyada 9 ölkə və ABŞ-nin 21-dən çox ştatı tərəfindən rəsmən soyqırımı və ya qətliam kimi tanınıb. Bu tanınma prosesi beynəlxalq səviyyədə faciəyə hüquqi-siyasi qiymət verilməsi istiqamətində davam edir. 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı Dəmir Yumruğa çevrilərək düşmənləri darmadağın etdi və beynəlxalq səviyyədə tanınmış suveren ərazilərdə davam edən 30 illik işğala son qoydu. 20 sentyabr 2023-cü ildə isə uzun illər Azərbaycanın canına qara yara kimi salınmış erməni separatçılığının tabutuna son mismar vuruldu. Bu gün əli günahsız azərbaycanlıların qanına batmış, uzun illər Azərbaycanın konstitsion dövlət quruluşuna qarşı çıxaraq separatçı xunta yaradan hərbi cinayətkarlar saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub və Azərbaycan həbsxanalarında törətdikləri cinayətlərin bədəlini ödəyirlər. Bəli, Xocalı və digər ərazilərdə soyqırmlara məruz qalmış azərbaycanlıların qisasını döyüş meydanında aldıq . Bu gün güclü, suveren və müstəqil Azərbaycan Respublikasını görən şəhidlərin ruhları şaddır”.
Müsahibimiz sonda onu da diqqətə çatdırdı ki, 31 mart soyqırımına hüquqi qiymətin verilməsi Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilib: “Dahi liderimiz Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 26 mart 1998-cı ildə imzalanmış fərmanla da martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. 30 dekabr 2009-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu tarixi qətliamlarının dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılması ilə bağlı sərəncam imzaladı. 2013-cü il sentyabrın 18-də isə Quba şəhərində Qudyalçayın sol sahilində “Soyqırımı memorial kompleksinin inşa edilərək açılışı edilib. 31 mart Azərbaycanlıların Soyqırımı Günündə xalqımız Qubadakı Soyqırım memorial Kompleksinə kütləvi axın edir və şəhidlərimizin ruhu qarşısında baş əyərək hörmət və ehtiramını bildirir. Soyqırımlar acı olsa da, yaşadığımız tarixin bir parçasıdır. Biz bu faciəli günləri heç vaxt unutmamalı və gələcək nəsillərə çatdırmalıyıq. Çünki, tarixdə baş vermiş hadisələrdən ibrət götürərək gələcəyimizi qurmalıyıq”.
Cavanşir ABBASLI
Musavat.com

