Region Xəbərləri 

Tərtərdə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilmiş tədbir keçirilib

Tərtər Rayon İcra Hakimiyyəti, YAP Tərtər Rayon Təşkilatı və Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin 10-cu ildönümü münasibəti ilə ümumrayon tədbiri keçirilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Qarabağ Regional Gənclər və İdman İdarəsinin əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri və kollektivləri, şəhid ailələri, qazilər və müharibə veteranları iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Tərtər Rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxıblar. Sonra tədbir rayon Mədəniyyət Mərkəzinin zalında davam etdirilib.

Dövlət Himni səsləndikdən sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Aprel döyüşlərinə həsr olunmuş film nümayiş etdirilib.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, bu gün biz Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan 2016-cı il Aprel döyüşlərinin 10-cu ildönümünü böyük qürur hissi ilə qeyd edirik.

Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, xalqımızın yenilməz ruhunu və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirən mühüm tarixi hadisə oldu.

Aprelin 2-də Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.

Aprel döyüşləri xalqın səbrinin başlanğıcı oldu. Çünki mütəmadi olaraq Ermənistan silahlı qüvvələrinin birləşmələri cəbhəboyu zonadakı yaşayış məntəqələrimizi atəşə tutur, bu və ya digər dərəcədə təxribatlar törədirdilər. Elə 2016-cı ilin martından etibarən erməni hərbi birləşmələri artilleriya qurğularından həm döyüş mövqelərimizi, həm də təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutaraq vəziyyəti gərginləşdirdilər. Aprelin 2-nə keçən gecə isə bütün mövqelərimizi, eyni zamanda, mülki əhalini atəşə tutan ermənilərə cavab reaksiyası bu dəfə kəskin və qəti oldu. Azərbaycan tərəfindən dərhal adekvat tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edildi və strateji cavab zərbələri endirildi. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən koordinatlar müəyyənləşdirildi, Ermənistan ordusunun canlı qüvvəsi və hərbi texnikası məhv edildi.

Uğurlu əməliyyatlar nəticəsində Naftalan şəhərinə təhlükə yaradacaq Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizləndi. Həmçinin Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi azad edildi. Ağdərə-Suqovuşan istiqamətində yolların nəzarətdə saxlanılması təmin edildi.

O məkanlar ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sonradan ilk Novruz tonqallarını orada yandırdı, gələcək quruculuq-bərpa işləri ilə bağlı planlarını açıqladı, xalqı oradan təbrik etdi, hərbçiləri salamladı. Çünki Zəfərə ilk salam bu məkanlarda verilmişdi.

Erməni mifi Aprel döyüşlərində dağılmış, ovulub parçalanmışdı. Erməni separatçıları məhz Aprel döyüşlərindən sonra məğlubiyyətə uğradıqlarını dərk etmişdilər. Aprel qələbəsi güclü hakimiyyətin, əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü olmaqla yanaşı, dünya ictimaiyyətinə də yaxşı bir mesaj ötürdü — işğal edilmiş ərazilərin hərb yolu ilə azad edilməsinin mümkünlüyü mesajını. Elə bu mesajdan yola çıxaraq Azərbaycan xalqı haqqını bərpa edə bildi.

Rayon rəhbəri bildirib ki, Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olmuş gizir Nicat İsgəndərovu da, Həsənqaya kənd sakini 16 yaşlı mülki şəhid Turanə Həsənovanı da, əslən Ağdam rayonundan olan, rayonumuzun Qarağacı kəndində məskunlaşmış 23 yaşlı Orxan Rəhimovu da bu gün tərtərlilər yaxşı tanıyır.

Qeyd olunub ki, 2016-cı il Aprel döyüşləri başa çatdıqdan dərhal sonra respublika prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva öz həyatlarını riskə ataraq düşmənlə 100 metrlik məsafədə yerləşən rayonun ən çox zərər görmüş yaşayış məntəqələrindən biri olan Qapanlı kəndində oldular. Bu səfər dövlətin öz vətəndaşının yanında olduğunu nümayiş etdirən mühüm hadisə idi. Səfər zamanı dağıdılmış evlərə baxış keçirildi, kənd sakinləri ilə görüşlər təşkil olundu, onların problemləri dinlənildi və dərhal konkret tapşırıqlar verildi.

Cənab Prezidentin göstərişi ilə qısa müddət ərzində zərər çəkmiş evlərin bərpası üçün dövlət büdcəsindən vəsait ayrıldı. Bu qərar bir daha sübut etdi ki, Azərbaycan dövləti üçün vətəndaşın rifahı ən ali dəyərdir.

Ayrılmış vəsait hesabına Tərtər rayonunda, o cümlədən Qapanlı kəndində genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirildi. Dağıdılmış evlər yenidən tikildi, zədələnmiş infrastrukturlar bərpa olundu, kəndin sosial həyatı tam şəkildə dirçəldildi.

Ən mühüm məqamlardan biri isə ondan ibarət oldu ki, aparılan bərpa işlərindən sonra dövlət başçısı yenidən həmin əraziyə səfər edərək artıq bərpa olunmuş evlərdə yaşayan sakinlərlə görüşdü. Bu, dövlətin verdiyi sözə sadiqliyinin və vətəndaşa olan diqqətinin ən yüksək göstəricisi idi.

2016-cı ilin dekabr ayının 3-də rayon ictimaiyyəti ilə görüşündə ölkə rəhbərinin dediyi sözlər tərtərlilərin yaddaşına yazıldı:

“Aprel döyüşləri ümumiyyətlə bizim şanlı tariximizdir. Azərbaycan Ordusu da, Azərbaycan vətəndaşı da qəhrəmanlıq göstərmişdir. Keçən dəfə biz may ayında görüşmüşdük. O vaxt mən dağılmış evlərə baş çəkdim və bir daha əmin oldum ki, Tərtər sakinləri qəhrəmandırlar. Onlar burada — döyüş bölgəsində, düşmənlə üz-üzə möhkəm dayanıblar və atılan, evlərinə dəyən mərmilər onların iradəsinə zərrə qədər təsir etməmişdir.”

Bəli, tarix artıq sübut edib ki, Aprel döyüşləri təsadüfi uğur deyildi. Bu, Azərbaycan dövlətinin illərlə apardığı məqsədyönlü siyasətin, ordumuzun gücləndirilməsi istiqamətində görülən işlərin məntiqi nəticəsi idi. Ən əsası isə bu döyüşlər gələcək böyük zəfərin — 44 günlük Vətən müharibəsinin təməlini qoydu.

Tədbirdə aprel şəhidi gizir Nicat İsgəndərovun atası Bəhruz İsgəndərov, Qafqaz Müsəlmanları İdarəsinin rayonumuzda səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayonda səlahiyyətli nümayəndəsi Vidadi Məmmədzadə, 1-ci dərəcəli Vətən müharibəsi əlili, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medallı Kamil Səfərli, Aprel döyüşləri və Vətən müharibəsi iştirakçısı, “Ağdam və Suqovuşanın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “3-cü dərəcəli qüsursuz xidmətə görə”, “Vətən müharibəsi iştirakçısı” medallı Ziya Təhməzov çıxış ediblər.

Çıxışlarda bir fikir vurğulanıb: Aprel döyüşləri Vətən müharibəsində qazanılan qələbənin təməlidir.

Rəsmi hissədən sonra Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayon nümayəndəliyinin hazırladığı konsert proqramı təqdim olunub.

 

Daha çox xəbərlər