Vətən müharibəsinin TƏMƏL DAŞI – 4 günə yazılan qəhrəmanlıq dastanı…
Azərbaycanın müasir tarixində qəhrəmanlıq və qürurla yazılan səhifələrdən biri də 2016-cı ilin bu günlərində yaşanan Aprel döyüşləridir. Əslində 44 günlük Vətən müharibəsinin təməl daşlarından birini təşkil edir həmin 4 günlük müharibə…
Həmin günlərdə Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq illərlə davam edən işğal haqqında formalaşmış təsəvvürü darmadağın etdi və xalqın öz gücünə inamını yenidən alovlandırdı.
Bu zəfər təkcə hərbi uğur deyildi, milli ruhun dirçəlişi, torpaq sevgisinin təntənəsi idi. Həmin günlərdə əldə olunan uğurların ən simvolik nəticələrindən biri Lələtəpə yüksəkliyinin, Cocuq Mərcanlı kimi yaşayış məntəqəsinin azad edilməsi oldu. İllərlə biz kiçik bir ərazinin azad edilməsinin qürurunu yaşaya-yaşaya Qarabağın bütövlükdə azad edilməsinə yaxınlaşdıq, ardınca da Xankəndinin…

Bir sözlə, Cocuq Mərcanlı Azərbaycanın iradəsinin canlı rəmzinə çevrildi.
Bu zəfərin arxasında ən böyük pay heç şübhəsiz ki, canlarını Vətən uğrunda fəda edən şəhidlərimizə məxsusdur. Onların göstərdiyi igidlik və fədakarlıq sayəsində Azərbaycan bayrağı yenidən azad edilən yüksəkliklərdə dalğalandı. Hər bir şəhid adı bu torpağın yaddaşına qızıl hərflərlə yazıldı və onların xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
Aprel döyüşləri sübut etdi ki, Azərbaycan xalqı və ordusu öz torpaqları uğrunda istənilən anda ayağa qalxmağa, qələbə qazanmağa qadirdir. Bu zəfər gələcək böyük qələbələrin müjdəçisi oldu və tarixə milli birliyin, əzmin və qəhrəmanlığın parlaq nümunəsi kimi həkk olundu.

Politoloq Kənan Novruzov Musavat.com-a bildirib ki, 2016-cı ilin Aprel döyüşləri Azərbaycan Respublikasının müasir hərbi tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir:
“Bu hadisə yalnız lokal hərbi toqquşma deyil, eyni zamanda, uzun illər davam edən status-kvonun dəyişdirilməsi istiqamətində Azərbaycanın prinsipial mövqeyinin praktik müstəvidə nümayişi idi. Aprel hadisələri bir daha göstərdi ki, Azərbaycan dövləti öz suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün həm siyasi, həm də hərbi baxımdan tam hazırdır. Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü ordu quruculuğu siyasəti, müasir texnologiyalara əsaslanan silahlanma və yüksək peşəkarlığa malik şəxsi heyət bu döyüşlərdə real nəticələrini verdi.
Qısa müddət ərzində əldə olunan hərbi uğurlar, o cümlədən Lələtəpə yüksəkliyinin azad edilməsi, əməliyyat-taktiki baxımdan ciddi üstünlük yaratdı və düşmənin uzun illər formalaşdırdığı müdafiə xəttinin sarsıdılmasının mümkünlüyünü sübut etdi. Bu, eyni zamanda, gələcək genişmiqyaslı əməliyyatların planlaşdırılması üçün mühüm hərbi-strateji baza rolunu oynadı.
Aprel döyüşlərinin ən mühüm nəticələrindən biri isə psixoloji və ideoloji müstəvidə özünü göstərdi. Azərbaycan cəmiyyəti və ordusu bu qələbə ilə öz gücünə inamını daha da möhkəmləndirdi. Uzun illər davam edən danışıqlar prosesinin nəticəsiz qalması fonunda bu uğur xalqın ədalətli mövqeyinin yalnız siyasi deyil, həm də hərbi yollarla təmin oluna biləcəyini göstərdi.
Bu döyüşlər, eyni zamanda, 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsi zamanı qazanılmış möhtəşəm Zəfərin ideoloji və hərbi hazırlıq mərhələsi kimi çıxış etdi. 44 günlük Vətən müharibəsində əldə edilən nəticələr təsdiqlədi ki, Aprel döyüşlərində sınaqdan çıxarılan taktiki yanaşmalar, operativ idarəetmə modeli və döyüş ruhu sonrakı qələbənin əsas komponentlərindən biri olub.
Lələtəpə yüksəkliyinin azad edilməsindən sonra Cocuq Mərcanlı qəsəbəsinin bərpası və həyatın yenidən canlandırılması isə xüsusi rəmzi məna daşıyırdı. Bu hadisə sonradan dövlət səviyyəsində həyata keçirilən Böyük Qayıdış strategiyasının ilk praktik nümunəsi kimi tarixə düşdü”.
Politoloq onu da qeyd edib ki, Aprel savaşı həm də Azərbaycanın yalnız hərbi gücünü deyil, eyni zamanda, siyasi iradəsini və milli birliyini də səfərbər etməyi bacaran dövlət olduğunu da göstərdi:
“Bu birlik və qətiyyət nəticə etibarilə ölkəmizi tarixi Zəfərə apardı”.
Cavanşir ABBASLI
Musavat.com

