Bayram sonrası TOY sifarişləri – KÖHNƏ menyu, TƏZƏ qiymətlər…
Ramazan ayı dini baxımdan matəm ayı sayılmasa da, Azərbaycanda illərdir formalaşmış ənənəyə görə, bu dövrdə toy şənlikləri demək olar ki, keçirilmir. Bu səbəbdən hər il olduğu kimi, bu dəfə də bayramın başa çatması ilə toy bazarında müəyyən canlanma gözlənilirdi.
Artıq bayram günləri geridə qalıb və əsas sual budur: toy sifarişləri hansı vəziyyətdədir, qiymətlər dəyişibmi və qarşıdakı aylarda bizi nə gözləyir?
Məsələ ilə bağlı Musavat.com olaraq Bakıdakı bir sıra restoran və şadlıq sarayları ilə əlaqə saxladıq.
İaşə obyektlərindən bildirildi ki, Ramazandan sonra toy sifarişlərində ənənəvi artım müşahidə olunur. Bir çox məkanlarda aprel, hətta may ayı üçün tarixlər artıq bron olunmağa başlayıb. Xüsusilə həftəsonu günlər üçün boş yerlər azalıb. Qiymətlərə gəldikdə isə, ötən illə müqayisədə bir sıra şadlıq evlərinin qiymətlərində artma müşahidə olunur.
Məsələn, “Baxçalı Saray”da başlanğıc menyu qiyməti 220 manatdır. Hlabuki bundan əvvəl 200 manat təklif olunurdu. “Meridian Saray”da menyu qiyməti 75 manatdan, “Günay” restoranında menyu qiymətləri 120 manatdan başlayır. Bununla bağlı menyu qiymətləri stabil qalan şadlıq sarayları da var. Misal üçün, “Xəzinə Palace”, “Lido”, “Altun”, “Kolizey Saray”da menyu qiymətləri hələ ki, 50 manatdan başlayır. Beləliklə, hazırda paytaxt Bakıda ən aşağı menyu qiymətləri adambaşına təxminən 50 manatdan, orta seqmentdə qiymətlər 75–80 manatdan, daha yüksək səviyyəli restoranlarda isə menyu qiymətləri 120 manatdan başlayır. Halbuki ötən il qiymətlər təxminən 10-20 manat aşağı idi.
Ekspertlər qeyd edir ki, qlobal və regional proseslər də toy bazarından yan keçmir. Son dövrlərdə Yaxın Şərqdə baş verən gərginliklər ərzaq bazarına potensial təsir riski yaradır. Xüsusilə idxaldan asılı olan məhsulların qiymətində artım ehtimalı restoran sahiblərini ehtiyatlı davranmağa məcbur edir. Hazırda bu təsir birbaşa hiss olunmasa da, bazar iştirakçıları vəziyyəti diqqətlə izləyir. Əgər bölgədəki böhran dərinləşərsə və logistika xərcləri artarsa, bu, qaçılmaz olaraq menyu qiymətlərinə də təsir göstərəcək. Yəni, yaxın aylarda bu qiymətlərin də sabit qalacağına tam zəmanət yoxdur.

“Xəmsə” MMC-nin sahibi və iş adamı Mürvət Həsənli məsələ ilə bağlı Musavat.com-a bildirib ki, ötən illərlə müqayisədə hazırda toy sektorunda müəyyən durğunluq müşahidə olunur:
“Əvvəlcə qeyd edim ki, bizim şadlıq sarayımızda menyuların qiyməti dəyişməyib. Məsələn, “Xəmsə” şadlıq sarayında menyu qiymətləri 50 manatdan başlayır və bu qiymət artıq uzun müddətdir təklif olunur. Qiymətlərimiz mövcud bazar səviyyəsinə uyğundur.
Ramazan bayramından sonra isə aktivlik müşahidə olunur. Aprel ayı üçün bütün tarixlərə artıq sifarişlər almışıq. Həmçinin məlumdur ki, iyun ayında Məhərəm ayı başlayır və buna görə də insanlar çalışır ki, toylarını bu yaxın dövrdə etsinlər. Lakin aktivlik ötən illərdəki qədər yüksək deyil”.
Mürvət Həsənli həmçinin qeyd edib ki, əvvəlki illərlə müqayisədə hazırda insanlar həm qonaq sayını azaltmağa, həm də menyu seçimində daha qənaətli və münasib variantlara üstünlük verirlər:
“Bu, əsasən, insanların maddi vəziyyəti ilə bağlıdır. İnsanlar daha az qonaq və daha sadə menyu ilə toy etməyə çalışırlar”.

İqtisadçı Natiq Cəfərli bildirib ki, hələlik ərzaq qiymətlərində kəskin və nəzərəçarpacaq artımlar müşahidə olunmur:
“Qiymətlər durmadan artır, amma menyularda bu dəyişiklik hələlik hiss olunmur. Bunun səbəbi ondan ibarətdir ki, aprel və may ayları toy mövsümü hesab edilmir. Lakin yay ayları yaxınlaşdıqca və əgər ərzaq məhsullarının qiymətləri yüksəlməyə davam edərsə, menyularda da qiymət artımı gözlənilə bilər”.
Xalidə Gəray,
Musavat.com

