“Bu üç- dörd kəlmə söz belə mənə bəs idi” – Polad Həşimovun xanımından təsirli sözlər
Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun xanımı Ofelya Salmanova həyat yoldaşının Aprel döyüşündə iştirakı ilə bağlı təsirli xatirəsini bölüşüb.
Musavat.com xəbər verir ki, o bildirib ki, Aprel döyüşləri Azərbaycan ordusunun öz gücünü ortaya qoyduğu həqiqi mübarizənin və böyük qələbənin ilk carçısı idi.
“Müharibənin iki səhnəsi olur. Biri ön səhnədir – odlu-alovlu, müharibə qoxulu. Neçə-neçə igidin qan tökdüyü, dostların, qardaşların bir-birinin gözünün içinə baxaraq, bəlkə də son vəsiyyətlərini edərək can verdiyi, son saniyələrin sayıldığı bir səhnə. Müharibə – dəhşətdir.
Bir də müharibənin arxa səhnəsi var – asmada qalan ümidlər, yollarda qalan gözlər, bir xəbərin gəlməsi ümidi ilə üzülən ürəklər. Mən bunların hamısını yaşamışam. Hətta bu yazını belə göz yaşları içində, əlim əsə-əsə yazıram. Sanki Poladdan 2016-cı ilin bu günlərində bir xəbər gəlsin deyə keçirdiyim hissləri yenidən yaşayıram. Fərq ondadır ki, o vaxt gələcəyinə ümid var idi, bu gün isə yox.
Martın son günləri idi. Polad Həşimov gün ərzində dəfələrlə evə gəlir, beş-on dəqiqə dayanırdı. Bəzən danışır, bəzən isə heç nə demirdi. Uşaqlarla zarafatlaşır, tez gedir, sonra yenə qayıdırdı. Əlbəttə, onlar bilirdilər ki, müharibə başlayacaq. Bizdən nigaran idi. Axı insanın vətəni evindən başlayır. Nə döyüşlər haqqında deyə bilirdi, nə də gedə bilirdi.
Aprelin 1-dən 2-nə keçən gecə evdə yox idi. Qapı və pəncərələrin şiddətlə silkələnməsi ilə oyandım. Əvvəl elə bildim zəlzələdir. Uşaqlara baxdım. Amma güclü titrəyişlər hələ də davam edirdi. Mən ilk gündən Polad Həşimovla birlikdə cəbhə bölgəsində yaşamışam. Atəşkəs rejimi demək olar ki, hər gün pozulurdu. Amma mən müharibənin səsini o günə qədər eşitməmişdim. Müharibənin həqiqi üzünü isə dörd ildən sonra Tovuz döyüşlərində görəcəkdim…”
Ofelya xanım bildirib ki, həmin vaxt Bərdə rayonunda yaşayırmışlar və Polad Həşimov 1-ci Ordu Korpusunun Komandir müavini, Qərargah rəisi vəzifəsində çalışırmış:
“Yəni cəbhə bizə çox yaxın idi. Hələ xəstəxanaya yaralı əsgər və zabitləri daşıyan təcili yardım maşınlarının səsini demirəm. Hər maşın keçəndə ürəyimizdən sanki bir tel qırılırdı. O maşınlar kiminsə əzizini, Vətənin isə bir qəhrəmanını daşıyırdı. Dörd gün ərzində nə yaşadığımızı bilmədik. Ta ki, aprelin dördü saat 12-dən sonra Polad Həşimov zəng edənə qədər:
-Salam, necəsiniz? Mən yaxşıyam, narahat olmayın.
Bu üç- dörd kəlmə söz belə mənə bəs idi. O sağ idi, vəssalam.
Amma döyüşlərdən təxminən iyirmi gün sonra evə gəldi. Gələcəyini bilirdik. Yolun başında dayanıb gözləyirdik. Uzaqda maşın dayananda uşaqlar hay-harayla qabağına qaçdılar.
Onu ilk dəfə idi ki, bu qədər yorğun görürdüm. Həmişə dik olan qamətinin arxasında səssiz bir hüzn görünürdü. Həyətdə əyləşdi. Başı aşağı, gözlərini bir nöqtəyə dikib dəqiqələrlə danışmadı. Biz də başına yığışıb nə vaxt danışacağını gözləyirdik.
Xeyli susdu. Sonra başını qaldırıb dedi:
-Heyf… İki aya torpaqları işğaldan azad edə bilərdik.
Dəhşətə gəldim. Bu nə vətən sevgisi, bu nə torpaq sevgisi, bu nə fədakarlıq, bu nə qətiyyət idi! Sən demə, onun susqunluğu və yorğunluğu ağır döyüşlərdən çıxmağına görə deyilmiş. Ruhu hələ də düşmənin nəzarətində qalan vətən torpaqlarında imiş. Bir də itirdiyi əsgər balalarının, zabit qardaşlarının son baxışlarında.
Elə o an bir daha anladım ki, nə Polad Həşimov, nə onun yetirməsi olan zabit və əsgərlər, ümumiyyətlə, Azərbaycanın qeyrətli oğulları dayanmayacaq – son qarış Vətən torpağı azad olunana qədər.
Aprel döyüşləri zamanı 1-ci Ordu Korpusunun Komandir müavini, Qərargah rəisi vəzifəsini daşıyan Polad Həşimov Tərtər istiqamətində gedən döyüşlərə nəzarət edirdi. Bu döyüşlərdə Tərtər rayonunun Talış istiqamətində yerləşən əlverişli mövqelər və strateji nöqtələr azad olundu. Talış yüksəkliyi işğaldan azad edildi. İllərdir erməni postlarından açılan atəşlərin nəticəsində öz normal həyatlarını yaşa bilməyən kəndlər, kənd əhalisi rahatlığa qovuşdu. Onlar deyirdilər: “Biz neçə il idi ki, yerin altında yaşayırdıq, aprel döyüşlərindən sonra biz yerin üstünə çıxdıq”.
Qeyd edək ki, Aprel döyüşlərində göstərdiyi xidmətlərə görə Prezident İlham Əliyev tərəfindən Polad Həşimov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Talış yüksəkliklərindəki postlardan birinə isə “Polad postu” adı verilib.

Şahanə Rəhimli
Musavat.com

