İran müharibəsi qlobal inflyasiyanı tətikləyir – Azərbaycan nə edəcək?
İran və Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar yalnız region deyil, bütün dünya iqtisadiyyatına ağır zərbə vurmaqdadır.
Musavat.com xəbər verir ki, BMT, Beynəlxalq Enerji Agentliyi kimi nüfuzlu qurumlar hadisələrin uzunmüddətli davamının dünya iqtisadiyyatında kollapsa gətirə biləcəyinə dair xəbərdarlıqla çıxış etməyə başlayıblar.
Bundan əlavə, müharibənin ağır iqtisadi təsirinin azaldılması üçün Beynəlxalq Enerji Agentliyi (BEA), Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) arasında koordinasiya mexanizminin yaradılması qərarına gəlinib. Bu addım bilavasitə müharibə nəticəsində enerji qiymətlərindəki artımın tətikləyəcəyi inflyasiya şokundan yaranan zərərlərin təsirini azaltmağa yönəlib. Belə ki, Hörmüz boğazından yükdaşımaların 90 faizindən çoxunun dayanması fonunda neft qiymətləri ikiqat artıb. Bu qiymət səviyyəsinin bir neçə ay davam etməsi bütün dünya boyu digər sahələrdə də davamlı qiymət artımına səbəb olacaq: Yanacaq xərclərinin artımı ardınca ərzaq məhsullarından tutmuş nəqliyyat xidmətlərinə qədər bütün sahələrdə kəskin bahalaşmaya səbəb olacaq.

Bu perspektiv daxili bazarı xüsusilə ərzaq məhsulları təminatında böyük ölçüdə idxaldan asılı olan Azərbaycan kimi ölkələr üçün ciddi təhdidlər formalaşdırır. Doğrudur, Azərbaycanın bu sahədə ciddi bir üstünlüyü var: ölkə gəlirlərinin əhəmiyyətli hissəsini təmin edən neftin bahalaşması daxil olan valyutanı da artıracaq. Lakin qlobal inflyasiya proseslərinin təsiri ilə ölkədə inflyasiyanın sürətlənməsi gəlir artımının yaradacağı üstünlüklərin əksəriyyətini sıfırlaya bilər.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, hazırda Azərbaycanda illik inflyasiya hədəf daxilindədir: “2026-cı ilin fevralında 12 aylıq inflyasiya 5.7 faiz təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.8 faiz, ödənişli xidmətlər üzrə 5.7 faiz, qeyri-qida məhsulları üzrə isə 3.7 faiz təşkil edib. İllik baza inflyasiya 5.6 faiz olub. Müşahidə olunan inflyasiya, əsasən xarici mənşəli xərc amillərinin təsiri altında formalaşır”.

Mərkəzi Bank bildirir ki, baza ssenariyə əsasən, 2026-cı ilin və 2027-ci ilin sonuna illik inflyasiyanın hədəf daxilində olacağı proqnozu dəyişməz qalır. Lakin son meyillərin təhlili 2026-cı ilə inflyasiya proqnozunun artma istiqamətində dəyişdirilməsi ehtimalının olduğunu göstərir. Belə ki, ötən iclasdan bəri inflyasiya riskləri balansına artırıcı təsir göstərə bilən amillərin aktivləşməsi müşahidə olunur. Regionda gərginliyin kəskin fazaya keçməsi qlobal əmtəə və maliyyə bazarlarında qiymət və indekslərin dəyişkənliyini yüksəltməkdədir. Bu şəraitdə əsas xarici risk idxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi ilə bağlıdır. Belə ki, qlobal neft-qaz təchizat zəncirlərində pozuntuların yaranması, enerji məhsullarının qiymətinin artımı və logistika xərclərinin yüksəlməsi ticarət tərəfdaşlarında inflyasiyanın artımına səbəb ola bilər. İdxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi riski ticarət tərəfdaşlarında inflyasiya prosesləri ilə yanaşı, nominal effektiv məzənnənin dinamikasından da asılı olacaq. Daxili risk faktorları arasında təklif – xərc amilləri mühüm olaraq qalır.
Qeyd edək ki, Mərkəzi Bank və digər dövlət qurumlarının hesablamalarına əsasən Azərbaycanda inflyasiyanın sürətlənməsində əsas pay ərzaq idxalındadır. İran müharibəsi bu baxımdan, Azərbaycan üçün ikitərəfli təhdid formalaşdırır. Belə ki, ölkə İrandan böyük həcmdə ərzaq məhsulları idxal edir. Məsələn, kərə yağı idxalında 2025-ci ildə İranın payı 42 faiz təşkil edib. Digər idxal bazarlarından daha ucuz olan İran məhsulları Azərbaycanda qiymətlərin tarazlaşmasını təmin edən faktorlardan birinə çevrilib. İranda başlayan müharibəyə görə Tehran hakimiyyəti ərzaq məhsullarının ixracına qadağa qoyub. Bu isə Azərbaycanın ərzaq bazarı üçün inflyasiya təzyiqini artırır. Digər tərəfdən, yanacaq xərclərinə görə artan qlobal ərzaq qiymətləri də ikinci təzyiq istiqamətidir.

Niderlandın ən böyük maliyyə qrupu olan “ING Group”un hesablamalarına əsasən qlobal ərzaq qiymətlərində 10 faiz artım Azərbaycanda inflyasiyanı təxminən 1.5 faiz bəndi yüksəldə bilər. Bank analitiklərinə görə, ölkənin idxalının təxminən 46 faizi inkişaf etmiş bazarlardan və Yaxın Şərq gərginliyindən təsirlənən regionlardan formalaşır ki, bu da iqtisadiyyatı idxal inflyasiyasına qarşı həssas edir.
ING analitikləri vurğulayıb ki, inflyasiya riskləri yüksək olaraq qalır və qiymət artımına həm xarici, həm də daxili amillər təsir göstərir. Xüsusilə qlobal ərzaq bazarındakı bahalaşma və daxili kommunal tarif artımları inflyasiya təzyiqlərini gücləndirən əsas faktorlar kimi qiymətləndirilir.
Qeyd edilib ki, 2024-cü ildə aşağı inflyasiya dövründən sonra qiymət artımı 2025-ci ildən etibarən 5–6 faiz intervalına yüksəlib və bu səviyyədə qalır. 2026-cı ilin əvvəlində isə daxili tarif dəyişiklikləri fonunda inflyasiya daha da sürətlənib.
Bu şəraitdə, ING monetar siyasətin daha da yumşaldılması üçün əlavə imkan görmür. Bankın fikrincə, inflyasiya üzrə yuxarı risklərin davam etməsi faiz dərəcələrinin endirilməsi imkanlarını məhdudlaşdırır.
Hesabatda həmçinin qeyd olunub ki, idxalın strukturunda Yaxın Şərqdəki geosiyasi gərginlikdən təsirlənən regionların payının yüksək olması Azərbaycanın qiymət sabitliyi üçün əsas risk faktorlarından biri olaraq qalır(APA).

Yuxarıda da qeyd etdik ki, əsas ixrac məhsulu olan neftin bahalaşması Azərbaycan üçün müəyyən üstünlük yaradır. Lakin hasilatın azalmasım baxımından neft bahalaşmasından gəlirlərin artımı elə də yüksək olmaya bilər. Musavat.com-a danışan enerji məsələləri üzrə ekspert İlham Şaban bu fikirdədir: “Bildiyiniz kimi, Azərbaycanın neft hasilatı sürətlə azalır. Bu ilin yanvar-fevralında hasilat illik ifadədə 7 faiz azalıb. Bu isə ixracın azalması deməkdir. Digər tərəfdən, Hörmüz və Yaxın Şərqdə yaranan münaqişə dəniz yolu ilə daşıma xərclərini də kəskin artırıb. Bura həm tankerlərin kirayə haqqı, həm sığorta xərcləri aiddir. Bütün bunların nəticəsində Azərbaycanın hazırkı neft bahalaşmasından gəlirlərində çox kəskin artım gözləməzdim”.
Ekspert qeyd edir ki, neftin bahalaşmasından Azərbaycanın nə qədər proqnozlaşdırılmayan gəlir əldə edəcəyini ən tezi birinci rübün büdcə yekunlarına dair məlumatlar açıqlananda biləcəyik: “Birinci rübdə büdcəyə neft sahəsində çalışan xarici şirkətlərin ödədiyi mənfəət vergisinin, həmçinin Dövlət Neft Fonduna toplanan neft gəlirlərinin məbləği göstərəcək ki, Azərbaycan İran münaqişəsinə görə artan neft qiymətlərindən nə qədər gəlir əldə edib. Düşünürəm ki, ixrac həcmlərindəki azalma fonunda biz ən yaxşı halda ötən ilin birinci rübündəki qədər gəlir əldə edə biləcəyik”.
Xatırladaq ki, Azərbaycanın cari ildəki dövlət büdcəsi neftin 65 dollarlıq qiyməti ilə hesablanıb. Büdcə layihəsinə əsasən bu qiymətlə Azəri-Çıraq-Günəşli layihəsi çərçivəsində büdcəyə 300 milyon manat mənfəət vergisi ödənməsi gözlənilirdi. Mövcud qiymət artımı bu ödənişlərin məbləğinin daha yüksək olmasına imkan verəcək. Eyni zamanda bu, SOCAR-ın büdcəyə nəzərdə tutulan 1,7 milyard manatdan daha artıq vergi ödəməsi üçün zəmin yaradır. Bütün bu əlavə gəlirlər hökumət üçün İran münaqişəsinin tətikləyəcəyi qlobal inflyasiyanın Azərbaycanın aztəminatlı əhali qruplarına mənfi təsirlərini azaltmaq üçün əlverişli imkanlar formalaşdıracaq. Əlbəttə, hökumət bunu istəsə…
Dünya SAKİT,
Musavat.com

