İcbari sığorta ilə plastik əməliyyat-YENİLİK
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nəzdində fəaliyyətə başlayan Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasında 9 daimi plastik cərrah həkim fəaliyyət göstərəcək. Plastik Rekonstruktiv əməliyyatlar burada icbari tibbi sığorta ilə həyata keçiriləcək. Bunu Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının baş həkimi Dilqəm Məmmədov jurnalistlərə açıqlamasında deyib. Baş həkim qeyd edib ki, klinika tədris və praktikanın inteqrasiyası ilə fərqlənir: “Klinika rezidentura və ixtisasartırma bazası kimi fəaliyyət göstərəcək, müxtəlif tibb sahələri üzrə mütəxəssislərlə multidissiplinar əməkdaşlıq quracaq. Müasir texnologiyalar, beynəlxalq protokollar və elmi-tədqiqat işləri burada əsas prioritet olacaq”. D. Məmmədov bildirib ki, klinikada rekonstruktiv, estetik və mikrocərrahiyyə əməliyyatları, yanıq və postyanıq rekonstruksiyası, onkoplastik və travma sonrası bərpa cərrahiyyəsi, kraniofasial və əl cərrahiyyəsi, dəri və yumşaq toxuma defektlərinin örtülməsi, süd vəzisi və üz rekonstruksiyası, rinoplastika, blefaroplastika, mammoplastika, liposaksiya, abdominoplastika, üz gərmə kimi estetik əməliyyatlar icra olunacaq.
“Klinika peşəkar komanda ilə təchiz olunub. Burada yüksək ixtisaslı plastik cərrahlar, anestezioloq-reanimatoloqlar, reabilitoloqlar, psixoloqlar və beynəlxalq təlim keçmiş mütəxəssislər fəaliyyət göstərəcək. Gənc həkim-mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetiriləcək. Müasir əməliyyatxanalar, mikrocərrahiyyə avadanlıqları, lazer və endoskopik sistemlər, 3D planlama və görüntüləmə texnologiyaları, reanimasiya və intensiv terapiya avadanlıqları klinikanın texniki bazasını təşkil edir”, – deyə baş həkim vurğulayıb. O əlavə edib ki, klinikanın fəaliyyəti Azərbaycan səhiyyəsində plastik və rekonstruktiv cərrahiyyənin inkişafına ciddi impuls verəcək və əhalinin sağlamlığının qorunmasına mühüm töhfə olacaq.

Həkim-cərrah, professor Adil Qeybulla mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib: “Rusiyada diplomdan sonrakı təhsil mərhələsi kimi fəaliyyət göstərən tibb akademiyaları var idi. Bu akademiyalar əsasən Moskva və Sankt-Peterburq şəhərlərində fəaliyyət göstərirdi və müəyyən mənada effektiv tədris bazası hesab olunurdu. Lakin hesab edirəm ki, bu sistem daha çox Sovet dövründən qalma yanaşmanın davamıdır və müasir dövrdə tam şəkildə özünü doğrultmur. Bu gün biz Qərb təbabətinin standartlarına inteqrasiya etməyə çalışırıqsa, burada əsas prinsip fərqlidir. Qərb modelində həkim ixtisasını dəyişmək və ya yeni sahə üzrə fəaliyyət göstərmək istəyirsə, mütləq şəkildə yenidən rezidentura keçməlidir. Yəni o, seçdiyi sahə üzrə həm nəzəri bilikləri, həm də praktiki bacarıqları sıfırdan mənimsəməli, peşəkar səviyyədə hazırlanmalıdır. Əsas məqsəd isə səhiyyədə keyfiyyət və təhlükəsizliyi təmin etməkdir. Həkimlər yüksək ixtisaslı və peşəkar olmalıdır ki, onların fəaliyyəti insanların sağlamlığı üçün etibarlı olsun. Səhiyyə sistemi yalnız bu halda güvənli və effektiv ola bilər. Bu baxımdan, alternativ strukturda belə fakültə və ya tədris modellərinin yaradılması müəyyən mənada tanış və sabit sistem təsiri bağışlayır. Çünki bu yanaşma keçmiş Sovet məkanında geniş tətbiq olunub. Şəxsi təcrübəmdən də qeyd edə bilərəm ki, mən Rusiyada, Sankt-Peterburqda diplomdan sonrakı tibb akademiyasında estetik cərrahiyyə üzrə kurs keçmişəm və bu sahə üzrə Rusiya nümunəli diplom əldə etmişəm. Yəni bu sistem mövcuddur və müəyyən çərçivədə işləkdir. Bununla belə, düşünürəm ki, əgər biz doğrudan da Qərb təbabətinin standartlarını tətbiq etmək istəyiriksə, bu yanaşma bütün sahələrdə ardıcıl şəkildə həyata keçirilməlidir. Yalnız bu halda daha müasir, keyfiyyətli və etibarlı səhiyyə sistemi qurmaq mümkün olacaq”.
Afaq Mirayiq,
Musavat.com

