Medvedyevdən İrəvana mesaj
Moskva Ermənistanın Avropa kursuna qarşı növbəti siqnal göndərib.
Musavat.com xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə Avropa İttifaqına (Aİ) üzvlüyün bir arada mümkün olmadığını bildirib.
O qeyd edib ki, Rusiya artıq qonşu ölkələrin, o cümlədən Ermənistanın Avropa İttifaqına inteqrasiyasına qarşı daha sərt mövqe tutmalıdır.
Medvedyevin sözlərinə görə, Aİ tədricən sadəcə iqtisadi birlik olmaqdan çıxaraq Rusiyaya qarşı yönəlmiş hərbi blok xarakteri ala bilər.
Bu kontekstdə o, Rusiya prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla son görüşünü xatırladaraq bildirib ki, Moskva bu məsələ ilə bağlı artıq açıq mesaj verib.
Dmitri Medvedyev iddia edib ki, Putin “dolayı şəkildə” Paşinyana çatdırıb ki, Aİİ və Aİ üzvlüyü bir-biri ilə uyğun deyil.
O əlavə edib ki, Rusiya qonşu ölkələrin Qərbə inteqrasiyasına qarşı əvvəlki “tolerant” yanaşmadan imtina etməlidir.
Qeyd edək ki, son dövrlər Ermənistanın Avropa İttifaqına yaxınlaşması fonunda Moskva ilə İrəvan arasında münasibətlərdə gərginlik artmaqdadır.
Qeyd edək ki, bu yanaşma yeni deyil. Rusiya rəhbərliyi vaxtilə eyni arqumenti Ukraynaya münasibətdə də irəli sürmüş, “iki stulda oturmaq olmaz” tezisi ilə Kiyevin həm Rusiya, həm də Avropa ilə paralel inteqrasiyasına qarşı çıxmışdı. Bu siyasətin nəticəsi isə Ukraynada genişmiqyaslı müharibə, ərazilərin işğalı və ölkənin ağır dağıntılarla üzləşməsi oldu.

