Sığorta haqları artdı, taksi qiymətləri də qalxacaq?
Azərbaycanda avtomobillərin icbari sığortası sistemi yaxın günlərdə yenilənmiş qaydalarla fəaliyyət göstərəcək. Dövlət tərəfindən qəbul olunmuş qərara görə, bundan sonra risk faktorları əsas götürülərək sığorta haqları daha dəqiq və obyektiv şəkildə hesablanacaq. Xüsusilə taksi sahəsində fəaliyyət göstərən nəqliyyat vasitələri üçün tətbiq ediləcək yeni yanaşmalar, bu xidmətdən istifadə edən vətəndaşlardan tutmuş sürücülər və şirkətlərə qədər geniş təbəqələrə təsir edəcək.
Yeni mexanizmə əsasən sığorta haqlarının müəyyənləşdirilməsində bir sıra amillər nəzərə alınacaq. Bunlar arasında sürücünün təcrübəsi və sürücülük stajı, əvvəlki sığorta iddiaları və qəzalar, avtomobilin markası, yaşı və texniki vəziyyəti, taksi xidmətinin günlük intensivliyi və istifadə müddəti kimi risk indikatorları yer alacaq.
Bəs yeni qayda ilə sığorta haqları risk faktorlarına görə artacaqsa, bu artım taksi xidmətlərinin gedişhaqqına necə təsir edəcək? Taksilərdə gedişhaqqının artması mümkündür?
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Musavat.com-a danışıb:
“İstənilən ödəniş, istənilən rüsum, artan ödəniş həcmi və məbləğ, mal və xidmətin qiymətinin üstünə gəlir. Bu, həmişə belədir. Doğrudur, burada böyük məbləğdən söhbət getmir. Amma hər bir halda, sığorta haqları artacaqsa, taksi xidmətində fəaliyyət göstərənlər də cüzi də olsa həmin xərci öz gedişhaqqına əlavə edəcəklər. Burada onları qınamaq da mümkün deyil. Qeyd etdiyimiz kimi, istənilən rüsumun son ödəyicisi istifadəçidir. Yəni taksi sürücüləri və taksi şirkətləri, əgər sığorta haqlarını daha yüksək ödəyəcəklərsə, bu məbləği gedişhaqqının üstünə, hətta bir neçə qəpik də olsa, əlavə edəcəklər”.
Xalidə Gəray
Musavat.com

