Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir.
Respublikamızın hər yerində olduğu kimi, Bərdə rayonunda da abadlıq və yenidənqurma işləri ardıcıl şəkildə davam etdirilir. Görülən işlər rayonun simasının müasirləşdirilməsi, sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Hazırda Bərdə şəhərinin Üzeyir Hacıbəyov küçəsində yerləşən dörd ədəd çoxmənzilli yaşayış binasının qarşısında genişmiqyaslı abadlıq işləri icra olunur. Abad məhəllə salınması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində 730 metr bordür yenilənib, 2560 kvadratmetr sahəyə tamet daşları döşənib, doqquz ədəd işıqlandırma dirəyi müasir tələblərə uyğun şəkildə quraşdırılıb. Eyni zamanda binaların qarşısına yeni asfalt örtüyü çəkilib.
Bununla yanaşı, ərazidə yerləşən köhnə doqquzmərtəbəli yaşayış binasında uzun illər istismar üçün yararsız vəziyyətdə olan lift yenisi ilə əvəz olunub. Bu yenilik bina sakinlərinin gündəlik rahatlığının və təhlükəsizliyinin təmin edilməsinə xidmət edir.
Üzeyir Hacıbəyov və Elçin Əsədov küçələrində ümumilikdə 4200 kvadratmetr dam örtüyü yenilənib. Heydər Əliyev prospektində yerləşən 156 nömrəli binanın fasadında isə 3000 kvadratmetr sahədə suvaq və üzləmə (emulsiya) işləri aparılıb.
Hazırda şəhərin Babək 2 küçəsində də beşmərtəbəli yaşayış binalarının qarşısında yenidənqurma işlərinə start verilib.
Görülən bütün bu işlər yaşayış məhəllələrinin daha səliqəli, təhlükəsiz və rahat olmasına xidmət edir. Rayon sakinləri aparılan abadlıq və quruculuq işlərini yüksək qiymətləndirərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.
Qeyd edək ki, Bərdə rayonunda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri rayon rəhbəri Vidadi İsayevin bilavasitə rəhbərliyi və daimi nəzarəti altında sistemli və məqsədyönlü şəkildə həyata keçirilir. Onun təşəbbüsü və idarəçiliyi ilə icra olunan layihələr rayonun simasının müasirləşməsinə, infrastrukturun yenilənməsinə və əhalinin sosial rifahının daha da yüksəldilməsinə əhəmiyyətli töhfə verir.

