Azərbaycanda 100 yaşa çatmaq PROBLEMİ
Azərbaycanda yaşı 100 və daha yuxarı olan şəxslərin sayı açıqlanıb. Musavat.com xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd olunur ki, bu ilin yanvarına olan vəziyyətə əsasən, ölkə üzrə 100 və yuxarı yaşda əhalinin ümumi sayı 1 471 nəfər (629 kişi, 842 qadın) qeydə alınıb.
Bu rəqəmlər bir neçə maraqlı məqamı ortaya qoyur.
Əvvəla, Azərbaycanda 100 yaş və daha yuxarı şəxslərin sayının 1471 nəfər olması uzunömürlülük baxımından müəyyən müsbət tendensiyanın olduğunu göstərir. Bu, həm səhiyyə xidmətlərinin inkişafı, həm də həyat şəraitinin əvvəlki dövrlərlə müqayisədə yaxşılaşması ilə əlaqələndirilə bilər.
Diqqət çəkən əsas məqamlardan biri isə qadınların sayca üstünlük təşkil etməsidir – 842 qadına qarşı 629 kişi. Bu, dünya üzrə ümumi tendensiyaya uyğundur: qadınlar adətən kişilərdən daha uzun ömür sürürlər. Bunun səbəbləri arasında həyat tərzi, bioloji fərqlər və risk faktorlarına daha az məruz qalma kimi amillər göstərilir.
Digər tərəfdən, 1471 nəfərlik göstərici ümumi əhali ilə müqayisədə hələ də çox kiçik paydır. Bu isə onu göstərir ki, uzunömürlülük artmaqda olsa da, 100 yaş həddi hələ də nadir hallardan biri olaraq qalır.
Həkimlər bildirir ki, Azərbaycanda xroniki xəstəliklərin yüksək yayılması uzunömürlülüyə ciddi mane olur. Ürək-damar xəstəlikləri, şəkərli diabet və xərçəng erkən yaşlarda ortaya çıxır. İnsanlar çox vaxt həkimə yalnız xəstəlik ağırlaşdıqda müraciət edir. Profilaktika və erkən diaqnostika yetərli deyil.
Fast-food, şəkərli və yağlı qidaların çoxluğu, habelə fiziki aktivliyin azlığı da ömrü qısaldır.
Bakı və digər böyük şəhərlərdə hava çirkliliyi, yüksək stress səviyyəsi, sosial təminatın yetərsizliyi insan ömrünü qısaldan digər səbəbləri kimi qeyd edilir.
Bir sözlə, 100 yaşa çatmaq üçün yalnız genetik şans kifayət deyil. Sağlam həyat tərzi, düzgün qidalanma, stressin azaldılması, profilaktik müayinə və ekoloji şəraitin yaxşılaşdırılması uzunömürlülüyün əsas amilləridir.
Maraqlıdır ki, Yaponiya və digər “mavi zonalar”da 100 yaş və daha yuxarı yaşayan insanların sayı daha çoxdur.
Professor Zahid Məmmədov bizimlə söhbətdə məsələnin digər tərəflərinə də toxunub: “Qarğanın 300 il yaşaması tez-tez “təbiətdə uzunömürlülük” misalı kimi çəkilir. Qarğa bioloji sistem kimi yaşayır – onun fəaliyyəti instinktiv və adaptivdir. İnsan isə mədəni varlıqdır – biliyi, təcrübəsi və dəyərləri nəsildən-nəslə ötürür. Başqa sözlə, qarğanın uzun ömrü təbiətin ritmidir, insanın uzun ömrü isə təcrübə və idrak kapitalıdır. Elm göstərir ki, insanın beyin fəaliyyəti yaşla zəifləsə də, mənəvi və analitik düşünmə qabiliyyəti çox vaxt artır. Bu, “crystallized intelligence” adlanan fenomenlə izah olunur — yəni, insan illər keçdikcə daha çox məlumatı sistemləşdirməyi, əlaqələndirməyi və dəyərləndirməyi bacarır. Bu səbəbdən 70-80 yaşında alim, müəllim, sənətkar və ya siyasətçi çox vaxt ən yetkin fikir dövrünü yaşayır.
Yubileylər də bu prinsiplə dəyərləndirilməlidir. 65 və ya 80 yaş – sadəcə təqvim göstəricisidir. Əgər bu illər ərzində cəmiyyətə bilik, dəyər, mədəniyyət, ideya və vicdan mirası qoyulubsa, o zaman bu yaş təkcə bioloji yaş deyil, mənəvi kapitalın ölçüsüdür.
Sosiologiya və psixologiya tədqiqatları sübut edir ki, yaşlı nəsil cəmiyyətin “mədəni ötürmə mexanizmi”dir. Yəni, 70 yaşlı insan cəmiyyət üçün: təcrübənin daşıyıcısı, mənəvi sabitliyin dayağı, dəyərlərin qoruyucusudur.
Əgər cəmiyyət bu insanlara “artıq işə yaramır” gözü ilə baxırsa, o zaman cəmiyyət öz kollektiv yaddaşını silir.
Qarğa 300 il yaşasa da, bir fikir yaratmır. İnsan isə 70 yaşında bir ideya ilə nəsilləri dəyişə bilər. Bu səbəbdən, yaşın mənası bioloji ritmdə deyil, yaradıcılığın davamında gizlidir. Yaşımızın çoxluğu ilə deyil, gördüklərimiz və yaratdıqlarımızla fəxr edək. Çünki insanı yaşlı edən illər deyil, susduğu günlər, dayanmış ideyaları və sönmüş arzularıdır”.
Afaq Mirayiq,
Musavat.com

