Cəmiyyət 

Mina problemi illərlə davam edə bilər

Azərbaycan prezidenti İlham Əliyev Litvanın baş naziri İnqa Ruqinieneni qəbul edərkən deyib ki, işğaldan azad edilmiş ərazilərdə minalar problemi mövcuddur və bu da bərpa və quruculuq işlərinin aparılmasını ləngidir.

Dövlət başçısı həmçinin onu da qonağın diqqətinə çatdırıb ki, artıq 30 minə yaxın keçmiş məcburi köçkünün öz dədə-baba yurdlarına qaytarılması təmin olunub. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən şəhərlərin, kəndlərin salındığını, nəqliyyat və digər sosial infrastruktur layihələrinin icra olunduğunu deyib.
Ali Baş Komandan Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə indiyədək 400-dən çox insanın mina partlayışlarında həlak olduğunu və ya yaralandığını da bildirib.

Politoloq Kənan Novruzov Musavat.com-a açıqlamasında indiyədək bu istiqamətdə ciddi nəticələr əldə olunduğunu qeyd edib:

“Amma bütün bunlara baxmayaraq, mina problemi hələ də tam həllini tapmayıb. Bu, insanların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına çətinlik yaradır. Mina problemi məsələsini mürəkkəbləşdirən iki əsas məqam var. Bunlardan birincisi, ermənilərin minaları basdırarkən heç bir normanı gözləməməsidir. İkincisi isə rəsmi Bakının cəhdlərinə baxmayaraq, dəqiq xəritələrin təhvil verilməməsidir. Verilən topoqrafik nümunələrin dəqiqliyi isə çox azdır. Belə bir vəziyyətdə insanlarımızın Qarabağa qayıtması da çətinləşir.

Buna baxmayaraq, yenidənqurma və bərpa işləri də sürətlə davam edir. Həyata keçirilən layihələr bunun ən bariz nümunəsidir. Sözsüz ki, prosesin daha da sürətlənməsi üçün Qarabağın tamamilə minalardan təmizlənməsinə ehtiyac var. Bu isə, xeyli vaxt ala biləcək məsələdir.

Düşünürəm ki, bu məsələdə Ermənistanla əməkdaşlıq qurulması mümkündür. Ermənistan dəqiq xəritələri Azərbaycana verməklə normallaşma prosesinə dəstək göstərə bilər. Hətta bu xəritələr Ermənistanda yoxdursa belə, hansısa formada qarşılıq etimad mühitinin inkişafı üçün prosesə səmimi dəstək göstərilməsi də mümkündür. Fikrimcə, bu istiqamətdə müəyyən təmaslara ehtiyac var”.

Cavanşir ABBASLI
Musavat.com

Daha çox xəbərlər