Gündəm 

İrəvan konyakı niyə indi saxta çıxdı?

Ermənistandan Rusiyaya ixrac olunan bəzi spirtli içkilərlə bağlı ciddi qalmaqal yaranıb. Belə çıxır ki, bir əsr ərzində bir çox xarici ölkələrdə bəh-bəhlə içilən erməni konyakı və araq-çaxırı saxta imiş. Bunu aşağıdakı məlumat da təsdiq edir.

Xəbər verilir ki, ermənilərin Rusiyadakı ayrı-ayrı şərab istehsal edən müəssisələrinin, xüsusilə məşhurlaşmış “Proşyan zavodu”nun məhsulları ilə bağlı aparılan yoxlamalar zamanı onların tərkibindəki komponentlərin uyğunsuzluqları üzə çıxıb. Aşkar edilib ki, lənətlik Proşyan uzun illər rusiyalılara badalaq gələrək qəlp mal sırıyır, karlı pullar qazanırmış.

Yoxlama aparanların iddialarına əsasən, məhsulların bir hissəsi üzüm mənşəli spirtlərdən deyil, digər xammaldan hazırlanıb və bu səbəbdən “konyak” kimi təqdim olunması şübhə altına düşüb. Məsələ böyüyüb və baxılması üçün inzibati orqanların cəza tədbiri görməsi qərara alınıb.

Rusiya Federasiyasında alkoqol və tütün bazarına nəzarət edən qurum artıq məsələni məhkəməyə çıxarmağa hazırlaşır. Qurum Ermənistanın Rusiyadakı filialının lisenziyasının ləğv olunmasını tələb edir. Görünür ki, “konyak işi” bununla bağlanmayacaq.  Vurğulamaq lazımdır ki, bu hadisə rusiyalı spirtli içki həvəskarlarını çaşbaş vəziyyətə salıb. Bir tərəfdən spirtli içki tələb edən insanlar digər tərəfdən onun saxtalığı ilə aldadıqlarını başa düşüblər. Ancaq yalançı tamahkarı aldadar-deyiblər. İçkiyə sonsuz vərdiş onlara hər şeyi bir kənara atmağı diktə edir, yəni keyfiyyəti hər necə olursa-olsun, təki mağazaların vitrinlərindən içki  əskik olmasın. Ancaq məsələ artıq hüquqi müstəviyə qaldırılıb.

Bildirilir ki, məsələ ilə bağlı hüquqi prosedurlar başlanılıb və yaxın günlərdə məhkəmə baxışı gözlənilir. Bu qalmaqal fonunda erməni spirtli içkilərinin Rusiya bazarındakı mövqeyinə ciddi zərbə dəyə biləcəyi ehtimal olunur. Bugünkü təsirləri əvvəldən görən “Ararat” konyak zavodu 2023-cü ildə Rusiyaya məhsul istehsalını dayandırmışdı. “Proşyan zavodu”nun taleyi isə indi həll oluncaq.

Siyasi ekspertlər isə başqa rəydədirlər. Onlar bunu Ermənistanın Moskvanın təsirindən uzaqlaşması, Qərbə üz tutması ilə əlaqələndirirlər. Çünki hələ çox əvvəllər Kreml vassal ölkəni “əgər yolunu azarsa” ona iqtisadi sanksiyalar tətbiq edəcəyini dəfələrlə bildirmişdi. Hətta tez xarab olan tərəvəz və meyvə dolu yük maşınları hərbi Gürcüstan yolunda günlərlə ləngidilmişdi. Nəticədə yüz tonlarla məhsul zay olmuşdu.

Təəccüblü burasıdır ki, dediyimiz kimi, “Proşyan” zavodu xeyli müddətdir ki, konyak istehsalını monopoliyaya alıb. Sual oluna bilər ki, bəyəm indiyədək belə bir zavodun saxta işki istehsal etməsi yoxlanmayıb? Ümumiyyətlə, necə ola bilər ki, xarici ölkənin müəssisəsinin ərazisində nə və necə istehsal etməsi ilə heç bir dövlət qurumu maraqlanmasın? Bəyəm orada bu qədərmi dərəbəylikdir?

Əlbəttə, dərəbəylik deyil, sadəcə keçmiş ağasına şəkkaklıq edən baş nazir Nikol Paşinyan hökümətinə ciddi xəbərdarlıqlardan yalnız biridir. Bu, o deməkdir ki, Ermənistan hakimiyyəti “ağıllanmasa” ardınca daha dəhşətli iqtisadi qadağanlar gələcək. Məsələ burasındadır ki, iki aydan sonra Ermənistanda parlament seçkiləri keçiriləcək. Paşinyanı sıradan çıxarmaq üçün birləşən qüvvələr bir aydan artıqdır ki, ona qarşı barışmaz mübarizəyə start veriblər. Bu mənada “konyak işi”nin məhz indi açılması baş nazirə seçkiqabağı mesajdır. Bir neçə il əvvəl erməni konyakı haqqında danışarkən Paşinyan deyib ki, “Konyak 300 il əvvəl Fransada istehsal olunub və onun qeyri-maddi dəyəridir. Biz konyak adından imtina etməliyik.” Artıq bu istiqamətdə xeyli hazırlıq işləri də aparılıb. Hadisələrin axarı hara aparacaq, görəcəyik.

Vəli İlyasov, “İki sahil”

Daha çox xəbərlər