Gündəm 

Ölkə iqtisadiyyatında KRİTİK dönüş – 150 milyardlıq ÜDM realdırmı?

Planlı transformasiya ilə Azərbaycan iqtisadiyyatı 2035-ci ilə qədər 150 milyard dollara qədər arta bilər. Musavat.com xəbər verir ki, bu proqnoz beynəlxalq konsaltinq şirkəti “OliverWyman Group”un hesabatında yer alıb.

Qeyd edilib ki, aparılan təhlilə əsasən, Azərbaycan iqtisadiyyatı kritik dönüş nöqtəsindədir və mövcud resurslar, strateji mövqe və struktur islahatlar sayəsində növbəti onillikdə ÜDM-i iki dəfə artırmaq imkanına malikdir.

Hesabatda qeyd olunur ki, 2035-ci ilə qədər 150 milyard dollarlıq iqtisadiyyata çatmaq təsadüfi deyil, bu, mövcud üstünlüklərə əsaslanan planlı və strukturlaşdırılmış transformasiya nəticəsində mümkündür.

Eyni zamanda, turizm sektorunun inkişafı xüsusi vurğulanır. 2024-cü ildə ölkəyə 2,6 milyon turist gəldiyi və təxminən 2 milyard dollar gəlir əldə olunduğu bildirilsə də, bu göstəricinin potensialdan xeyli aşağı olduğu qeyd edilir. Hesabata görə, 2035-ci ilə qədər turist sayını 10–12 milyona çatdırmaq mümkündür.

“OliverWyman” təhlilçilərinə görə, Azərbaycan yalnız resurs ixrac edən ölkə deyil, ideya, xidmət və maliyyə axınları yaradan regional “bazar qurucu” roluna keçə bilər.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda 129,1 milyard

manatlıq və ya 2024-cü illə müqayisədə 1,4 faiz çox ümumi

daxili məhsul istehsal olunub. Bu, indiki məzənnə ilə təxminən 75 milyard dollar deməkdir.  “OliverWyman”ın proqnozu bu həcmin növbəti 10 ildə iki dəfə artmasını ehtiva edir.

Qeyd edək ki, 2015-ci ildə Azərbaycanda ÜDM istehsalı 54,4 milyard manata bərabər olub. Həmin ilin 21 fevralından 22 dekabrına qədər qüvvədə olan dollar/manat məzənnəsi(1 dollar = 1,05 manat) ilə bu, 51 milyard dollardan yuxarıdır. Yəni statistik rəqəmlər son 10 ildə Azərbaycanda ÜDM-in nominal ifadədə 47 faiz artdığını göstərir.

Ötən müddət ərzində gedən sürətli inflyasiya, manatın məzənnəsinin real dəyərini ifadə etməyərək faktiki olaraq Mərkəzi Bank tərəfindən inzibati qaydada sabit saxlanması, ölkədə neft hasilatının azalması(2015-ci ildəki 41,6 milyon tondan 2025-ci ildə 27,7 milyon tona düşüb-red.) və sair amilləri nəzərə alsaq, real ÜDM artımının 47 faizdən xeyli aşağı olduğunu söyləmək olar. Bu artımda qaz hasilatının 2015-ci ildəki 29 milyard kubmetrdən 2025-ci ildə 52 milyard kubmetrə qədər artması da xüsusi rol oynayıb.

Bu ilin ilk rübündə Azərbaycanda ÜDM-in azalması qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2026-cı ilin yanvar-mart aylarında ölkədə 29 milyard 703,2 milyon manatlıq  ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,3 faiz azalma deməkdir. Azalmanın kökündə neft-qaz sektorunda istehsalın düşməsi dayanır. Belə ki, birinci rübdə iqtisadiyyatın neft-qaz sektorunda yaradılan əlavə dəyər 1,2 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 0,2 faiz artıb.

Göründüyü kimi, ÜDM-in tərkibində aparıcı paya malik neft-qaz sektorundakı azalma qeyri-neft iqtisadiyyatındakı cüzi artımla kompensasiya olunmadığına görə ümumi nəticədə mənfi tendensiya qeydə alınıb. Belə bir şəraitdə Azərbaycanda növbəti onillik dövrdə hansı şərtlər daxilində ÜDM-in ikiqat artımına nail olmaq mümkündür?

İqtisadçı Eldəniz Əmirovun dediyinə görə, proqnozun nə qədər real olduğunu bilmək üçün riyazi hesablanma aparılması vacibdir:

WhatsApp Image 2026-04-15 at 16.38.04.jpeg (64 KB)

“Nəzəri riyazi hesablamada biz görərik ki, 10 ildə ÜDM-in 2 dəfə artması üçün illik orta artım 7,2 faiz olmalıdır. Dünyada belə bir artım tempinin olduğuna dair məndə belə məlumat yoxdur. Mümkündür ki, hansısa bir il 15-20 faizlik artım olsun, sonra daha aşağı, amma bunun da öz riskləri var: neft-qaz hasilatı, büdcə gəlirləri, investisiyaların yönləndirilməsi və sair. Yəni 10 ildə ikiqat ÜDM artımı nəzəri baxımdan mümkün, amma faktiki olaraq çox çətindir. Bunun üçün iqtisadiyyatın kəskinb transformasiyası olmalıdır: tutalım ki, xammal ixracından hazır məhsul ixracına keçirik, yüksək texnologiyaların iqtisadiyyatda payını üstün mövqeyə çıxardırıq, xidmət sektoru yüksək artım göstərir, kimya, aqrar sənaye kəskin  artır və sair.  Yəni bütün bunların hamısı birlikdə, kompleks şəkildə getməlidir ki, qeyd olunan proqnoz doğrulsun”.

İqtisadçıya görə, bütün bu kompleks proseslərin özü o zaman real effekt verə bilər ki, xərcləmələrdə tam şəffaflıq, şəffaf hesabatlılıq təmin olunsun: “Yəni iqtisadi islahat, transformasiya istəyi, bunun üçün pulların olması işin yarısıdır, qalan yarısı isə həmin pulların düzgün istiqamətləndirilməsi, düzgün və şəffaf xərclənməsidir. Əks halda, ən yaxşı proqram olsa belə, uğur əldə etmək mümkün olmayacaq”.

Əmirov bildirir ki, bu sahədə bir deyil, bir neçə faktor mühüm rol oynayacaq: “Əgər biz kağız-qələm götürüb 10 ildə ÜDM-i iki dəfə artırmaq üçün lazım olan şərtləri yazası olsaq, 50-dən yuxarı belə şərt qeyd etməli olarıq. Onların 90 faizi yerinə yetirilib, 10 faizi icra olunmasa, ikidəfəlik ÜDM artımı mümkün olmayacaq. Bu baxımdan, mən bu proqnozun reallaşması ehtimalını yüksək dəyərləndirmirəm, ona çox optimist qiymətləndirmə kimi baxıram”.

Musavat.com

 

 

 

Daha çox xəbərlər