Gündəm 

“Google Maps”də Xankəndinin bu küçələri erməni dilində göstərilir – FOTO

Qarabağa aid yaşayış məntəqələrində erməni adları “Google Maps”dən əsasən silinsə də, bəzi şəhərlərimizdə küçə adlarının hələ də bu dildə qalması ilə bağlı məlumatlar yayılıb.

Xankəndiyə səfər edən sakinlər Musavat.com-a bildiriblər ki, küçə adları artıq Azərbaycan dilinə dəyişdirilsə də, “Google Maps”də köhnə – erməni adları göstərilməkdə davam edir. Halbuki, bu adlar rəsmi olaraq Azərbaycan dilində təqdim olunmalıdır.

Bununla bağlı daha əvvəl də rəsmi açıqlama verilib. Bildirilib ki, “Google Maps” tətbiqində Azərbaycanın Qarabağ bölgəsinə aid coğrafi adların həm rəsmi şəkildə Azərbaycan dilində göstərilməsi, həm də bəzi hallarda saxta erməni adları ilə təqdim olunması məsələsi diplomatik kanallarla “Google” şirkətinin diqqətinə çatdırılıb. Şirkət rəhbərliyinə məktub ünvanlanıb və müvafiq ərazilərin rəsmi coğrafi adlarının siyahısı təqdim edilib.

Qeyd edək ki, artıq bir sıra yaşayış məntəqələrinin adları xəritədə düzgün şəkildə əks olunmağa başlayıb. Belə ki, “Akna” adı “Ağdam”, “Varanda” “Füzuli”, “Kovsakan” “Zəngilan”, “Karvaçar” isə “Kəlbəcər” kimi göstərilir.

Məsələ ilə bağlı İT mütəxəssisi Fərhad Mirəliyev Musavat.com-a açıqlamasında bildirib ki, mövcud problemlər əsasən köhnə məlumat bazası ilə bağlıdır.

ferhad-mireliyev-mutexessis.jpg (108 KB)

Onun sözlərinə görə, azad olunduqdan sonra bir çox erməni mənşəli adlar silinərək Azərbaycan mənşəli adlarla əvəz olunub, eyni zamanda bir sıra tarixi adlar bərpa edilib.

Ekspert qeyd edib ki, bütün adların qısa müddətdə dəyişdirilməsi texniki baxımdan asan deyil və bu proses daha planlı, koordinasiyalı şəkildə aparılmalıdır. O əlavə edib ki, adi vətəndaşlar da bu prosesdə iştirak edə bilər. Belə ki, “Google Maps” üzərindən səhv adlarla bağlı “report” göndərmək mümkündür. Lakin bu cür müraciətlər adətən gec baxılır və təsir gücü məhdud olur.

Fərhad Mirəliyev hesab edir ki, problemin daha operativ həlli üçün dövlət qurumları bu istiqamətdə daha aktiv fəaliyyət göstərməlidir. Onların daha geniş imkan və təsir vasitələrinə malik olduğunu vurğulayan ekspert bildirib ki, bu sahədə sistemli iş aparılarsa, qısa müddətdə daha sürətli nəticə əldə etmək mümkündür.

Xankəndi.jpg (153 KB)

Şahanə Rəhimli
Musavat.com

Daha çox xəbərlər