Cəmiyyət 

9,5 milyonluq şişirdilmə, yüz minlərlə artıq ödəniş – Gəncədə korrupsiya “səbəti”

Hesablama Palatasının müraciəti əsasında Gəncə İcra Hakimiyyətində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırmaya başlanıb. Hesablama Palatasının Gəncə Şəhər İcra Hakimiyyətində apardığı audit zamanı tikinti və təmir layihələri üzrə ciddi maliyyə pozuntuları aşkarlanıb. Audit 2023–2025-ci illəri əhatə edib və 192 milyon manat vəsait yoxlanılıb.

Məlumata görə, “Gəncə İdman sarayının tikintisi” layihəsində işlərin dəyəri 9,52 milyon manat artırılıb. 249 mənzilli yaşayış binası üzrə isə 1,28 milyon manat artıq ödəniş müəyyən olunub. Bundan əlavə, mənzil fondunun təmiri, yolların əsaslı təmiri və abadlıq işlərində də yüz minlərlə manat artıq vəsait ödənildiyi bildirilib. Hesablama Palatası qeyd edib ki, artıq ödənilmiş vəsaitlərin bir hissəsi dövlət büdcəsinə qaytarılıb, bəzi hallar üzrə isə məhkəmə prosesi davam edir.

Azərbaycanda zaman-zaman belə hesabatlar yayılır və belə görünür ki, büdcə vəsaitlərinin “yeyilməsi” də dayanmır. Hansı addımlar atılmalıdır ki, belə hallar baş verməsi mümkünsüz olsun?

Tanınmış vəkil Cavad Cavadov Musavat.com-a deyib ki, yayılmış audit nəticələri, əslində, Azərbaycanda illərdir təkrarlanan bir sistem probleminin növbəti epizodudur: “Dövlət büdcəsindən ən müxtəlif layihələrə külli miqdarda vəsait ayrılır, amma  nəzarət çox vaxt yalnız kağız üzərində qalır. Hesablama Palatasının 2023–2025-ci illəri əhatə edən və 192 milyon manatlıq dövriyyəni yoxlayan hesabatında ortaya çıxan rəqəmlər sıradan texniki səhvlər deyil. Burada daha çox sistematik qiymət şişirdilməsinin əlamətləri var”.

Cavad Cavadov deyir ki, əgər bir layihədə qiymət bir dəfə şişirdilirsə, bu, təsadüf ola bilər. Amma eyni icra strukturu daxilində bir neçə istiqamətdə paralel artıq ödənişlər aşkarlanırsa, artıq söhbət fərdi xətadan yox, idarəetmə və müqavilə sisteminin boşluqlarından gedir: “Tenderlərin real rəqabət mühitində keçirilməməsi, texniki nəzarətin formal xarakter daşıması və qəbul aktlarının faktiki yoxlamanı əvəz etməsi belə nəticələri qaçılmaz edir. Ən diqqətçəkən məqam isə odur ki, Hesablama Palatası artıq ödənilmiş vəsaitlərin bir hissəsinin geri qaytarıldığını bildirir. Bu, bir tərəfdən dövlət nəzarət mexanizminin işlədiyini göstərsə də, digər tərəfdən sual doğurur ki, əgər yoxlama nəticəsində geri qaytarılma baş verirsə, deməli həmin vəsaitlər əvvəlcə hansısa mərhələdə ciddi nəzarətsizliklə ödənilib”.

Cavad Cavadov deyib ki, araşdırmaya Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin qoşulması artıq məsələni audit səviyyəsindən cinayət-hüquqi mərhələyə keçdiyini göstərir: “Amma burada da əsas effekt cəza mexanizminin nə qədər sistemli və davamlı olacağı ilə bağlı olacaq. Əgər bu cür hallar tək-tək işlər kimi deyil, idarəetmə standartlarının dəyişməsi ilə müşayiət olunmasa, nəticə dəyişməyəcək. Sadəcə rəqəmlər dəyişəcək, mahiyyət isə eyni qalacaq”.

E.Məmmədəliyev,
Musavat.com

Daha çox xəbərlər