“Əvvəl ödə, sonra qazanarsan” – Memardan vergi sisteminə etiraz
Azərbaycanda fərdi sahibkarlıqla məşğul olan memar Elçin Əliyev vergi sistemi ilə bağlı fikirlərini ifadə edib. O, sosial şəbəkə paylaşımında vergi orqanlarının yanaşmasını, xüsusilə “proqnozlaşdırılan gəlir” əsasında əvvəlcədən vergi ödənişlərinin tələb olunmasını ədalətsiz hesab edib.
Musavat.com xəbər verir ki, memarın sözlərinə görə, bu yanaşma sahibkarı faktiki olaraq “qazanmadan əvvəl ödəniş etməyə” məcbur edir və biznesin real dövriyyəsini risk altına salır.
Onun fikirləri ölkədə kiçik və orta sahibkarların üzləşdiyi fiskal təzyiqlərlə bağlı müzakirələri yenidən gündəmə gətirib.
:1200.jpg)
Tanınmış memar vergi orqanları ilə heç vaxt mübahisə etmədiyini açıqlayıb: “Sahibkar olaraq, fərdi memarlıq fəaliyyəti ilə məşğul olan biri kimi, böyük gərginliklə, sözün əsl mənasında hər şeyə qənaət edərək, ötən il üçün vergiləri – mənim üçün az olmayan bir məbləği ödədim. Vergi orqanları ilə heç vaxt mübahisə etmirəm: nə qədər hesablayırlarsa, onu da ödəyirəm. Ədalət naminə qeyd etməliyəm ki, hesablamaları doğrudur. Lakin rahat nəfəs alan kimi, cəmi bir həftə sonra yeni “tələblər seriyası” gəldi: ötən ilin maliyyə nəticələrinə əsaslanaraq, bu il üçün “proqnozlaşdırılan” vergilərin əhəmiyyətli hissəsini qabaqcadan ödəmək. Yəni əvvəlcə ödə, sonra isə birtəhər qazanarsan. Və razılaşmamağa bir cəhd et: hər şeyi bağlayacaqlar – bank hesabından tutmuş, ölkədən çıxışa qədər. Mən iqtisadiyyatda güclü deyiləm, lakin hesab edirəm ki, özünə hörmət edən dövlət başqa cür davranır: əvvəlcə insana qazanc əldə etməyə imkan verir, yalnız bundan sonra isə real əldə olunmuş gəlirdən vergi tələb edir. Bu nə məntiqdir – hələ mövcud olmayan bir şeyə görə vergi necə qabaqcadan ödənilə bilər? Bəs iş olmazsa necə? Nəticədə indi banka gedirəm və cibimdə bir qəpik belə qalmır – amma faktiki olaraq doğma dövlətimə onun xərcləri üçün faizsiz kredit vermiş oluram. Qoy daha bir məmur-oğru özünə restoran açsın. Fəxr edirəm!”

