Cəmiyyət 

Azərbaycan tarixin təhrifinə qarşı sübutlar ortaya qoymaqdadır-gizlədilən reallıqlar üzə çıxır

Uzun illər işğal altında qalmış Azərbaycan ərazilərində erməni silahlı qüvvələri tərəfindən genişmiqyaslı vandalizm aktları həyata keçirildiyi bütün dünyaya məlumdur. Tarixi abidələr, məscidlər, qəbiristanlıqlar və mədəni irs nümunələri ya tamamilə dağıdılmış, ya da təhqiramiz şəkildə istifadə olunub. Məsələn, bir çox məscidlər tövlə kimi istifadə olunub, qəbir daşları sındırılmış, şəhərlər və kəndlər yerlə-yeksan edilib. Bu faktlar beynəlxalq jurnalistlər və müstəqil müşahidəçilər tərəfindən dəfələrlə sənədləşdirilib.

Tarixi həqiqətlər göstərir ki, Qarabağ və ətraf rayonlar Azərbaycan xalqının qədim yaşayış məskənləri olmuş, burada zəngin mədəniyyət və irs formalaşıb. Erməni tərəfinin “irsin məhv edilməsi” iddiaları isə çox vaxt siyasi məqsədlərə xidmət edən təbliğat xarakteri daşıyır və bölgədə baş vermiş real dağıntıları kölgədə qoymağa yönəlir.

Digər tərəfdən, Azərbaycan dövləti azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri apararkən yalnız öz milli-mədəni irsinə deyil, həm də bölgədə mövcud olmuş digər tarixi abidələrə hörmətlə yanaşdığını dəfələrlə nümayiş etdirib. Rəsmi səviyyədə dəfələrlə bildirilib ki, dini və mədəni mənsubiyyətindən asılı olmayaraq bütün tarixi abidələr qorunacaq və bərpa ediləcəkdir. Bu yanaşma Azərbaycanın multikultural və humanist dəyərlərə sadiqliyinin bariz nümunəsidir.

Azərbaycanın humanist siyasəti həm də ondan ibarətdir ki, ölkə beynəlxalq hüquq normalarına uyğun davranaraq münaqişədən sonrakı dövrdə sülh və əməkdaşlıq mühitinin formalaşmasına çalışır. Tarixi və dini abidələrin qorunması bu siyasətin ayrılmaz hissəsidir və dövlət səviyyəsində prioritet istiqamətlərdən biri kimi qəbul olunur.

Nəticə etibarilə, azad edilmiş ərazilərdə “erməni irsinin dağıdılması” ilə bağlı səsləndirilən iddialar obyektiv reallığı əks etdirmir. Əksinə, faktlar göstərir ki, uzun illər ərzində Azərbaycan ərazilərində erməni vandalizmi nəticəsində ciddi dağıntılar baş vermiş, lakin hazırda Azərbaycan dövləti həmin ərazilərdə həm öz, həm də ümumbəşəri mədəni irsin qorunması və bərpası istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərir.

Deputat seçilən Günay Ağamalı bağçasını bu qiymətə satır

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı Musavat.com-a bildirdi ki, bəzi dairələr tərəfindən azad edilmiş ərazilərdə guya “erməni irsinin dağıdılması” ilə bağlı səsləndirilən iddialar reallıqdan uzaqdır və məqsədli şəkildə həqiqətlərin təhrifinə xidmət edir: “Bu cür yanaşmalar regionda baş vermiş faktiki vandalizm aktlarını ört-basdır etmək cəhdindən başqa bir şey deyil. Azərbaycanın işğal altında qalmış ərazilərində otuz il ərzində həyata keçirilən dağıntılar danılmaz faktlarla sübuta yetirilib. Söhbət bütöv bir mədəni irsin sistemli şəkildə məhv edilməsindən gedir. Yüzlərlə tarixi və dini abidələr dağıdılıb, talan olunub, mənimsənilərək saxtalaşdırılıb. Bütün bunlar məqsədyönlü siyasətin açıq ifadəsidir. Xüsusilə qeyd etmək lazımdır ki, işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan məzarlıqları dağıdılıb, qəbirlər qazılıb, baş daşları sındırılıb və oğurlanıb. Xalqımızın mənəvi yaddaşına qarşı yönəlmiş barbarlıq və vandalizm tariximizi silməyə, izimizi yox etməyə və kimliyimizi məhv etməyə yönələn cinayətdir.

Məscidlərimizdə heyvan saxlanılması dini dəyərlərə qarşı ən ağır təhqir forması, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.  Bu faktlar illərdir foto və video materiallarla təsdiqlənir.

Digər mühüm məqam indiki Ermənistan ərazisində Azərbaycanın tarixi-dini irsinin demək olar ki, tamamilə silinməsi həmin torpaqların tarixən Azərbaycana məxsus olmasının izlərini aradan qaldırmaq məqsədi daşıyır. Tarixi mənbələr, arxiv sənədləri və xəritələr göstərir ki, İrəvan xanlığı başda olmaqla bu ərazilər  Azərbaycana məxsus olub. İrəvan şəhərində və ətraf bölgələrdə mövcud olmuş çoxsaylı məscidlər, karvansaralar, qəbiristanlıqlar və digər memarlıq abidələri yetərli sübutudur”.

Deputatın sözlərinə görə, XIX əsrdə Azərbaycana qarşı baş verən proseslər və Azərbaycanlıların köçürülmə siyasəti demoqrafik tərkibinin süni şəkildə dəyişdirilməsi, sonrakı dövrlərdə isə Azərbaycan izlərinin sistemli şəkildə silinməsi  tarixin yaddaşına edilən qəsddir:

“Bununla yanaşı, Qafqaz Albaniyasına məxsus dini abidələrin mənimsənilərək  “erməniləşdirilib”. Orijinal izlərin dəyişdirilməsi, yazıların silinməsi və saxtalaşdırılması barbarlığın, vandalizmin, terrorun davamıdır. Bütün bu faktlar onu deməyə əsas verir ki, Ermənistan tərəfindən həyata keçirilən siyasət fiziki dağıntılarla məhdudlaşmayıb, eyni zamanda Azərbaycan xalqının tarixi izini silməyə, mədəni kimliyini zəiflətməyə və gələcək nəsillərin yaddaşını təhrif etməyə yönəlib. Bu mövzuda materiallar beynəlxalq ictimaiyyətə konkret faktlarla çatdırılır. Rəsmi hesabatlar, peyk görüntüləri, foto və video sübutlar vasitəsilə həqiqətlərin göstərilməsi olduqca əhəmiyyətli yanaşmadır. Faktlar yetəri qədərdir. Sözügedən faktları görməməzlikdən gəlmək mümkünsüzdür. Azərbaycan öz ərazilərində bərpa və quruculuq işlərini həyata keçirir. Dövlətimiz mədəni irsimizin qorunmasına xüsusi həssaslıqla yanaşır.  Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində azad edilmiş ərazilərdə infrastrukturla yanaşı, eyni zamanda tarixi ədalət bərpa olunur. Dövlət başçımızın qətiyyətli mövqeyi, praqmatik siyasəti sayəsində Azərbaycanın mədəni irsinin qorunması və bərpası prioritet istiqamətlərdəndir. Ölkə başçımız dəfələrlə vurğulayıb ki, Qarabağ və Şərqi-Zəngəzurda aparılan quruculuq işləri inkişaf məqsədi daşımaqla bərabər, həm də xalqımızın tarixi yaddaşının bərpasına xidmət edir. Azərbaycan öz kimliyinə, tarixinə və mənəvi dəyərlərinə sahib çıxmağı bacaran dövlətdir. Dünənə qədər xəritədən silmək istədikləri “Azərbaycan izi”, indi regionun ən böyük və silinməz imzasına çevrilib. Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə biz Qarabağ və Şərqi Zəngəzura qayıtmışıq və Azərbaycanın ən yeni tarixini haqqın və ədalətin gücü ilə yazırıq”.

Cavanşir ABBASLI
Musavat.com

Daha çox xəbərlər