Cəmiyyət 

Azərbaycan sahibkarının günü – Varmı?

Azərbaycan sahibkarları daha bir əlamətdar günü qeyd etdilər. Söhbət 25 aprel tarixi “Sahibkarlar Günü”ndən gedir.

Musavat.com xəbər verir ki, Sahibkarlar Günü Prezident İlham Əliyevin 21 aprel 2016-cı il tarixli sərəncamı ilə ölkədə sahibkarlığın inkişafına dövlət dəstəyini nümayiş etdirmək və özəl sektorun iqtisadiyyatdakı rolunu vurğulamaq məqsədilə təsis edilib.

Elə həmin il Prezident xüsusi müşavirə keçirərək sahibkarlara qarşı soyğunçuluq həddinə çatmış yoxlamaları, məmurların biznes fəaliyyəti göstərməklə özlərinə bağlı sahibkarlıq subyektlərini himayə etmələri, digər sahibkarların sıxışdırılması kimi mənfi halları kəskin tənqid etmişdi. Onun birbaşa təşəbbüsü ilə 2016-cı ildə Azərbaycanda dövlət qurumlarının sahibkarlıq subyektlərində əsassız yoxlamalarını qadağan edən qanun qəbul edilib. Qanununun qüvvədə olma müddəti dəfələrlə artırılıb, hələ də qüvvədədir. Lakin qanunun sahibkarları müxtəlif dövlət qurumlarının haqsız təzyiqlərindən tam mühafizə etdiyini söyləmək mümkün deyil. Eyni zamanda Azərbaycanda sahibkarlığın yüksək təşəkkülü də müşahidə olunmur.

Rəsmi statistikaya əsasən 2026-cı ilin yanvar-mart ayları ərzində Azərbaycanda statistik vahidlərin – yəni sahibkarlıq qsbyektlərinin (fərdi sahibkarlar istisna olmaqla) sayı 1,3 faiz artaraq aprelin 1-i vəziyyətinə 229 558 olub. Bunun 217 323-ü özəl mülkiyyətdədir.

Sahibkarlıq subyektlərinin iqtisadiyyatın sahələri üzrə bölgü nisbəti Azərbaycan iqtisadiyyatının sərvət gəlirindən asılılığını, istehsal və texnologiyaların zəif inkişafını ortaya qoyur. Belə ki, ölkə üzrə sahibkarlıq subyektlərinin 32,2 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, cəmi 6,1 faizi emal sənayesində faəliyyət göstərir.

Digər nəzərəçarpan məqam sahibkarlıq subyektlərinin regional bölgüsüdür. Belə ki, 2026-cı il aprelin 1-i tarixinə ölkədə qeydə alınan sahibkarlıq subyektlərinin 42 faizi, yaxud 153543-ü Bakı şəhərində, daha 7 faizi, yaxud 15339-ü Xızı-Abşeron iqtisadi rayonunda fəaliyyət göstərib. Bu ilin 3 ayında yeni yaradılan 3050 sahibkarlıq qubyektinin 71,4 faizi Bakıda, 8,8 faizi Abşeron-Xızı, 2,9 faizi Naxçıvan Muxtar Respublikası, 2,5 faizi Mərkəzi Aran, 2,2 faizi Gəncə-Daşkəsən və digər iqtisadi rayonlarda fəaliyyət göstərir. Bu bölgü bir daha göstərir ki, Azərbaycan iqtisadiyyatı neft-qaz gəlirlərindən asılı iqtisadiyyat olaraq qalır. Ölkə üzrə sahibkarlıq subyektləri də bu gəlirlərin əldə olunduğu paytaxt Bakı və onun ətrafında toplaşıb. Regionlar arasında iqtisadi inkişaf səviyyəsindəki kəskin disproporsiyanın formalaşmasında  bu amil mühüm rol oynayır.

Azərbaycan sahibkarlığının ölçüyə görə bölgüsünə nəzər yetirsək, ciddi disproporsiyanın olduğunu görərik. Belə ki, 2026-cı il aprelin 1-i vəziyyətinə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 91,7 faizini mikro sahibkarlıq, 5,8 faizini kiçik sahibkarlıq, 2 faizini orta sahibkarlıq, cəmi 0,5 faizini iri sahibkarlıq subyektləri təşkil edib.

x2NH2waOa3l7KDKIRdeMGbrXQlEhTMialGhiX3VO_1200.jpg (47 KB)

Mikrosahibkarların 34,9 faizi, kiçik sahibkarların 35,8 faizi, orta sahibkarların 35 faizi, iri sahibkarların 22,4 faizi Ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində çalışıb.  Emal sənayesində kiçik sahibkarlıq subyektlərinin 9,8 faizi, orta sahbikarlıq subyektlərinin 10,9 faizi, iri sahibkarlıq subyektlərinin isə 13,4 faizi fəaliyyət göstərib.

Regional bölgüyə gəldikdə, mikrosahbikarlıq subyektlərinin 76,2 faizi, kiçik sahibkarlıq subyektlərinin 80,4 faizi, orta sahibkarlıq subyektlərinin 75,1 faizi, iri sahibkarlıq subyektlərinin 83,9 faizi Bakı və Abşeron-Xızı iqtisadi rayonunda yerləşir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən, 2026-cı il aprelin 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 1 milyon 472 min 498 fərdi sahibkar qeydiyyatdan keçib.

Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 4,8 faiz artıb.

Hesabat dövründə hər dörd fərdi sahibkardan üçü “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Nəqliyyat və anbar təsərrüfatı” və “Digər sahələrdə xidmətlərin göstərilməsi” sahələri üzrə qeydiyyatdan keçib.

Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (25,9 faiz), Lənkəran-Astara (10,2 faiz), Qazax-Tovuz (7,9 faiz) və Mərkəzi Aran (7,2 faiz) iqtisadi rayonlarında qeydiyyata alınıb.

Fərdi sahibkarların 76,2%-ni kişilər (1 milyon 121 min 934 nəfər), 23,8 faizini isə qadınlar (350 min 564 nəfər) təşkil edib.

Qeyd edək ki, qadınlar “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 38,3 faizini, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət sahəsində 26,2 faizini, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 22,3 faizini təşkil edir.

Sahibkar qadınların 28,1 faizi Bakıda, 10 faizi Lənkəran-Astara, 9,6 faizi Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib. Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Qazax-Tovuz (28,8 faiz), Naxçıvan Muxtar Respublikası (27,9 faiz), Gəncə-Daşkəsən (26,2 faiz), Bakı (25,8 faiz), Şərqi Zəngəzur (24,9 faiz) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.

Say baxımından mühüm üstünlükdə olan mikro, kişik və orta sahibkarların ölkə üzrə kredit qoyuluşunda payı elə də yüksək deyil. Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən  bu ilin martın 1-nə Azərbaycanda bankların kredit portfelinin 53,3 faizi, yaxud 16 milyard 58 milyon manatını biznes kreditləri təşkil edib. Bu, ötən ilin eyni dövrünə nisbətən isə 1,3 milyard manat və yaxud 8,7 faiz çoxdur.

6cae0698-fefb-30dc-a429-916abc1a6f74_1200.jpg (123 KB)

Hesabat dövründə ümumi biznes kreditlərinin 8 milyard 389 milyon manatı, yaxud  52,2 faizi ümumi sahibkarlıq subyektlərinin 0,5 faizini təşkil edən iri sahibkarlara verilib. Bu dövrdə orta sahibkarlıq subyektlərinə 2  milyard 270 milyon manat manat(ümumi biznes kreditlərinin 14,1 faizi), kiçik sahibkarlıq subyektlərinə 1 milyard 722 milyon manat(10,7 faiz), mikrosahibkarlıq subyektlərinə isə 3 milyard 677 milyon manat(22,9 faiz) kredit verilib.

Təəssüf ki, rəsmi statistika məşğulluq sahəsində sahibkarlıq subyektləri üzrə bölgünü açıqlamır. Buna görə də bu sahədə Azərbaycandakı vəziyyətin dünya praktikasından nə qədər fərqləndiyini bilmirik. Dünya praktikasına əsasən məşğulluğun təminatında aparıcı rol kiçik və orta sahibkarlıq subyektlərindədir. Azərbaycanda bu nisbətin miqyasını rəsmi statistika açıqlamır. Açıqlanan muzdlu işçi sayına dair statistikadan aydın olur ki, özəl sektorda belə işçilərin sayı az da olsa, davamlı artım nümayiş etdirir. Bu isə sahibkarlıq sahəsinə baxdıqda, ən müsbət tendensiya kimi diqqəti cəlb edir…

Dünya SAKİT,
Musavat.com

Daha çox xəbərlər