Cəmiyyət 

Bir tərəfdə Nizami, o biri tərəfdə Yaponiya – “bit bazarı”ndan VİDEO

Sabunçunun tozlu yolları ilə irəlilədikcə sanki şəhərin ritmi dəyişir – burada zaman tələsmir, əşyalar danışır, insanlar isə xatirələrin içində alış-veriş edir. Bir neçə adla tanınan – “bit bazarı”, “rus bazarı”, “cındır bazarı” – bu məkan əslində bazardan çox, yaddaş anbarını xatırladır. Hər küncdə bir həyat parçası, hər piştaxtada unudulmuş bir dövr nəfəs alır.

Bu nəfəsi ən yaxından hiss etdiyim yerlərdən biri də 7 ildən çoxdur burada satıcılıq edən Səkinə Hüseynovanın piştaxtası olur.

Ətrafına göz gəzdirəndə bir anlıq çaşırsan, burada nələr yoxdur ki…

Diqqətimi ilk çəkən isə üzərində Nizami Gəncəvinin portreti toxunmuş xalça olur. Sanki şairin baxışları bu köhnə bazarın üzərindən keçir, keçmişlə bu günü birləşdirir. Yaxınlaşıram. Səkinə xanım deyir ki, xalça 100 manatadır, Gəncədən gətirilib. Onun sözlərinə görə, belə xalçalar tez-tez satışa çıxarılır və daha çox qədim əşyaların həvəskarları tərəfindən alınır. Xalçanın qalınlığını əli ilə göstərərək əlavə edir ki, vaxtilə bu cür xalçalar divarlardan asılar, evlərin bəzəyi sayılardı. İndi isə zövqlər dəyişib, divarlar boş qalıb, xalçalar bu bazarda öz yeni sahibini gözləyir.

WhatsApp Image 2026-04-27 at 16.48.55.jpeg (339 KB)

Bir az kənarda üst-üstə yığılmış yorğan-döşəklər gözümə dəyir. Səkinə xanımın sözlərinə görə, onların əsas alıcıları kirayə yaşayanlardır.

“İndi yun yorğanın vaxtı deyil” – deyir və əlavə edir: “hamı sintifona keçib”. Ona görə də bu köhnə yorğanlar cəmi 5-6 manata alınır, üstünə cüzi məbləğ qoyulub yenidən satışa çıxarılır. Bu, bazarın öz iqtisadi qanunudur – ucuz al, bir az bahalaşdır, amma yenə də əlçatan saxla.

WhatsApp Image 2026-04-27 at 16.48.56.jpeg (290 KB)

Söhbət əsnasında o, ehtiyatla bir kənardan qab dəsti çıxarır.

“Yapon qablarıdır” – deyir, səsində qəribə bir fəxarət hiss olunur. Bildirir ki, bu qablar illər əvvəl Yaponiyadan gətirilib və vaxtilə varlı ailələrin süfrəsini bəzəyib. İndi isə həmin qabların cütü cəmi 5 manata satılır. Zamanın qiymətləri necə dəyişdirdiyini bundan daha yaxşı nə göstərə bilər?

WhatsApp Image 2026-04-27 at 16.48.56 (1).jpeg (198 KB)

Piştaxtanın aşağı hissəsində isə iri alüminium aş qazanları düzülüb. Ən kiçiyi 15 manatdan başlayır, böyükləri 30 manata qədər qalxır. Bu qazanlar sanki bir dövrün mətbəx mədəniyyətini özündə yaşadır – toyları, qonaqlıqları, böyük ailə süfrələrini xatırladır. İndi isə sakitcə burada dayanıb, yenidən o günlərə qayıtmaq üçün sahibini gözləyir.

Sabunçunun bu “adsız” bazarı əslində çox şey danışır – sadəcə qulaq asmaq lazımdır. Burada satılan əşyalar köhnə ola bilər, amma onların daşıdığı xatirələr hələ də təzədir. Bu bazar ucuzluğun ünvanı olmaqdan daha çox, unudulmuş əşyaların ikinci şans qazandığı məkandır.

Şahanə Rəhimli
Musavat.com

Daha çox xəbərlər