Saqqızın tarixi və zərərləri – niyə mədə üçün təhlükəlidir?
Bu gün saqqız zərərsiz bir vərdiş kimi görünə bilər, amma onun tarixi daha fərqlidir. İlk kütləvi istehsal olunan saqqızlar ağız təravəti üçün deyil, hərbi məqsədlər üçün hazırlanmışdı.
Lent.az xəbər verir ki, hərbçilər saqqızdan stressi azaltmaq üçün istifadə edirdilər. Davamlı çeynəmə narahatlığı azaldır, diqqəti artırır və əsgərlərə uzun yürüşlər və əməliyyatlar zamanı sakit qalmağa kömək edirdi. Çeynəmə prosesi beynin diqqət və reaksiya ilə bağlı hissələrini aktivləşdirir, kortizol səviyyəsini azaldır. Buna görə də əsgərlərə çətin tapşırıqlardan əvvəl saqqız verilirdi. Sonradan saqqız gündəlik istehlak məhsuluna çevrildi, lakin onun orqanizmə təsiri dəyişmədi.
Saqqız niyə mədə üçün təhlükəlidir?
Həkimlər bildirir ki, saqqız mədə şirəsinin ifrazını artırır. Orqanizm bunu qida qəbuluna hazırlıq kimi qəbul edir. Əgər qida qəbul olunmazsa, turşu mədənin selikli qişasını qıcıqlandırır. Bu isə qastrit və yanma hissinə səbəb ola bilər. Xüsusilə acqarına saqqız çeynəmək daha təhlükəlidir, çünki bu zaman turşu daha aktiv ifraz olunur. Bundan əlavə, tez-tez saqqız çeynəmək çənə əzələlərində gərginlik yaradır və baş ağrılarına səbəb ola bilər. Şəkərli saqqızlar diş minasını zədələyir. “Şəkərsiz” saqqızlarda isə bağırsağı qıcıqlandıra bilən süni şirinləşdiricilər olur.
Gizli risklər
Bəzi şirinləşdiricilər köp və ishala səbəb ola bilər. Bu, onların tam həzm olunmaması ilə bağlıdır. Saqqız çeynəmək eyni zamanda beyni aldadır toxluq siqnalı verir, amma real kalori daxil olmur. Bu isə sonradan həddindən artıq yeməyə səbəb ola bilər, çünki orqanizm bu “aldadılmanı” kompensasiya etməyə çalışır. Saqqız yalnız müəyyən hallarda məsələn, yeməkdən sonra dişləri təmizləmək üçün faydalıdır. Lakin daimi vərdiş kimi istifadə edilməsi risklidir.

