Bu dəfə toyuqda deyil, paketində təhlükə- XƏBƏRDARLIQ
Marketlərdən toyuq məhsulları alarkən bir çox istehlakçının diqqət yetirmədiyi bəzi məqamlar ciddi sağlamlıq təhlükələrinə yol aça bilər. Məsələn, paketlərin dibində görünən çəhrayı və ya qırmızımtıl maye, əslində, toyuğun təbii protein strukturundan sızan sudur. Lakin bu suyun miqdarı və rəngi məhsulun saxlanma şəraiti haqqında kritik məlumatlar verir.
Bu barədə Baku TV-nin videomaterialında deyilir. Paket zədələnməmiş olmalı, üzərində hər hansı şişkinlik müşahidə edilməməlidir. Xüsusilə məhsulun üzərində qalın buz örtüyü varsa, bu onun donunun dəfələrlə açılıb yenidən dondurulduğunun göstəricisidir. Bəzən toyuğun alt hissəsində çəhrayı rəngli maddə və ya buz olur ki, bunu çox vaxt qanla qarışdırırlar. Bu, əslində, mioqlobin zülalıdır. Əgər maye az miqdardadırsa və kənar qoxu yoxdursa, zərərli deyil. Lakin həmin qat daha qalın və tünd rəngdədirsə, turşumuş qoxu verirsə və yaxud toyuğun üzərində çəhrayı, sarımtıl ləkələr varsa, bu, məhsulun köhnə olmasından xəbər verir.

Qida eksperti İlkin Şirinov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Toyuq məhsulları alarkən qarşıya çıxan ən böyük problemlərdən biri markalanma məsələsidir. Bəzən bəzi işbazlar heç bir markalanması olmayan, kəsim sexi barədə məlumat verilməyən məhsulları mağazalarda satışa çıxarırlar. Həmin markalanmanın üzərində toyuğun hansı müəssisəyə aid olduğu, hansı kəsim sexində emal edildiyi barədə məlumat olmur. Bu isə ciddi problemlərə yol aça bilən amillərdən biridir. Digər mühüm məsələ toyuğun saxlanma şəraitidir. Toyuq məhsullarının satışında soyuq qida zəncirinin pozulması məhsulun keyfiyyətinə birbaşa təsir göstərir. Məsələ ondadır ki, əgər məhsulu mağazalara çatdıran soyuducu avtomobillərdə hər hansı nasazlıq yaranarsa, yaxud dondurulmuş toyuqlar maşınlara yüklənməzdən əvvəl 10-15 dəqiqə açıq hava şəraitində qalarsa, artıq soyuq qida zənciri pozulmuş hesab olunur.
Bundan sonra məhsul yenidən dondurulur ki, bu da toyuğun keyfiyyətini aşağı salır. Satış nöqtəsinə çatdırıldıqdan sonra məhsulların qəbulu adətən 15-20 dəqiqə çəkir. Bu müddətdə donmuş toyuğun buzu açılır. Daha sonra həmin məhsullar yenidən marketlərin soyuducularına yerləşdirilərək dondurulur. Belə hallarda artıq toyuğun keyfiyyətindən danışmaq çətin olur. Məhsulun strukturu dəyişir, dadında və xarici görnüşündə fərqlər hiss olunur”.

Ekspert əlavə edib ki, temperatur rejiminin pozulması salmonella kimi təhlükəli bakteriyaların inkişafı üçün əlverişli şərait yaradır:
“Toyuğun buzu əridikdə, tərkibindəki su, qan və digər mayelər bakteriyaların çoxalmasına səbəb ola bilər. Bu isə məhsulun xarab olmasına, iy verməsinə və insan sağlamlığı üçün təhlükə yaratmasına gətirib çıxarır. Digər problem isə bəzi işbazların mağazalardan geri qaytarılmış toyuqlardan sui-istifadə etməsidir. Belə məhsullar yenidən dondurularaq bu dəfə təzə toyuq kimi deyil, buzlu toyuq adı altında satışa çıxarıla bilər. Bildiyimiz kimi, təzə toyuğun satış müddəti maksimum üç gündür. Bu müddət bitdikdən sonra geri qaytarılan məhsullar bəzən doğranaraq hissələr şəklində yenidən satışa təqdim olunur.
Bu məsələdə Qida Təhlükəsizliyi Agentliyinin nəzarəti son dərəcə vacibdir. Çünki bəzi hallarda işbazlar nəzarətdən yayınmağa çalışırlar. Ona görə də istehlakçılara tövsiyə olunur ki, yalnız AQTA-nın nəzarətindən keçmiş, üzərində markalanma, istehsalçı məlumatları və yararlılıq müddəti göstərilən məhsulları alsınlar. Bundan əlavə, satış nöqtələrində məhsulun saxlanma şəraitinə də diqqət yetirmək lazımdır. Əgər soyuducudakı temperatur göstəriciləri məhsulun üzərində qeyd olunan tələblərə uyğun deyilsə, bu, toyuğun tərkibində və keyfiyyətində dəyişikliklərə səbəb ola bilər. Bu baxımdan, həm satıcıların, həm də alıcıların diqqətli olması son dərəcə vacibdir”.
Afaq Mirayiq,
Musavat.com

