Deputatdan aliment narahatlığı
Milli Məclis bu gün keçirilən iclasında bir neçə beynəlxalq sənədi təsdiq edib.
Musavat.com bildirir ki, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi və “Məhkəmə aktlarının, digər səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının məcburi icrası həyata keçirilərkən məlumat mübadiləsi üzrə əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Komitə sədri Siyavuş Novruzov iclasda çıxış edərək alimentlə bağlı məsələlərdən bəhs edib:
“Ola bilsin burada müəyyən məsələlərlə bağlı anlaşmazlıq olsun. Aliment verən tərəfin böyük əksəriyyəti azərbaycanlı olacaq. Çünki bizim həmvətənlərimiz Rusiyada, Ukraynada, Moldovada, Belarusda və digər yerlərdə nikaha giriblər, evləniblər və dünyaya uşaq gəlib. Bir neçə 10 ildən sonra köçüb vətənə qayıdıblar. İndi məhkəmə qaydasında o uşaqların saxlanılması üçün aliment tələb olunanda bu alimenti ödəməlidirlər. Biz də fikirləşirik ki, ölkəmizdə Aliment Fondu yaradaq. Belə bir fond yaransa, həmin fondun vəsaitlərinin böyük əksəriyyəti onlara gedəcək. O baxımdan mən hesab edirəm ki, burada hansısa forma düşünməliyik”.
S.Novruzov qeyd edib ki, Konvensiyaya qoşulmaqla biz insan hüquqlarına olan diqqətimizi göstəririk, amma eyni zamanda ölkəmizin vəsaitlərinin səmərəli xərclənməsinə nəzarət etməliyik.
Müzakirələrdən sonra sənədlər səsverməyə qoyularaq təsdiq edilib.
E.Paşasoy,
Musavat.com

