Cəbhədən Xəbər 

Hərbi prokuror Müdafiə Nazirliyinin artilleriya hərbi hissəsində

Mayın 4-də Müdafiə Nazirliyinin Raket və Artilleriya Qoşunları Baş İdarəsinin “N” saylı hərbi hissəsində “Ulu Öndər irsi – dövlətçilik və ordu quruculuğunun təməli” mövzusunda tədbir keçirilib.

Hərbi Prokurorluqdan “İki sahil”ə verilən məlumata görə, tədbirdə Hərbi prokuror Bəhruz Əhmədov və Müdafiə Nazirliyinin rəhbər vəzifəli şəxsləri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri dərin ehtiramla yad olunub.

Tədbirdə çıxış edənlər vurğulayıblar ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müasir ordu quruculuğunun təməli qoyulub, dövlətimizin müdafiə qabiliyyəti əhəmiyyətli dərəcədə gücləndirilib, nizami ordu formalaşdırılaraq Silahlı Qüvvələrin inkişafı üçün misilsiz xidmətlər göstərilib. Dahi şəxsiyyətin bizə miras qoyduğu dövlətçilik dəyərlərini yaşatmaq hər birimizin mənəvi borcudur.

Daha sonra çıxış edən Müdafiə Nazirliyinin Raket və Artilleriya Qoşunları Baş İdarəsinin rəisi, Raket və Artilleriya Qoşunları komandanı, general-leytenant Ağamir Sultanov artilleriyaçıların hazırlanması və peşəkarlığının artırılmasının ordu üçün ciddi strateji əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Artilleriyaçıların 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatlarında göstərdikləri qəhrəmanlıqlardan bəhs edilib, ölkə rəhbərliyinin diqqət və qayğısı ilə bu sahədə görülmüş işlər barədə geniş məlumat verilib və artilleriyaçıların Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulacaq bütün əmr və tapşırıqları vaxtında yerinə yetirməyə qadir olduqları bildirilib.

Hərbi prokuror görüş zamanı hərbi qulluqçuların məişət şəraiti ilə tanış olub, artilleriyaçılara nizam-intizamın artırılması ilə bağlı zəruri tövsiyə və tapşırıqlarını verib.

Tədbirin sonunda xidmətdə fərqlənən artilleriyaçılara hədiyyələr təqdim olunub və xidməti fəaliyyətdə uğurlar arzulanıb.

Daha çox xəbərlər