Əhaliyə XƏBƏRDARLIQ – Bu gün Yeri maqnit qasırğası VURACAQ
Mayın 7-də Yer kürəsində maqnit fırtınası gözlənilir.
Musavat.com xəbər verir ki, bu barədə Britaniya Geoloji Xidməti məlumat yayıb.
Bildirilir ki, son günlər müşahidə olunan koronal kütlə püskürmələrinin təsiri zəifləsə də, bu gün Günəş diskinin mərkəzində yerləşən kiçik koronal dəlikdən yayılan yüksək sürətli axın planetimizə təsir göstərəcək.
Mütəxəssislərin proqnozuna əsasən, gözlənilən maqnit fırtınası zəif – G1 səviyyəsində olacaq. Hazırkı hesablamalara görə, vəziyyət mayın 8-9-da normallaşmalıdır. Həmin günlərdə müəyyən geomaqnit aktivliyi davam etsə də, güclü maqnit fırtınası gözlənilmir.
Özünüzü necə qorumalısınız?
Mütəxəssislər maqnit fırtınaları zamanı daha çox istirahət etməyi, stressdən uzaq durmağı və bol maye qəbul etməyi tövsiyə edirlər. Kofeinli və spirtli içkilərin məhdudlaşdırılması, açıq havada yüngül gəzintilər və kifayət qədər yuxu da orqanizmin bu dövrü daha rahat keçirməsinə kömək edə bilər.
Xroniki xəstəlikləri olan şəxslərə isə istifadə etdikləri dərmanları yaxınlarında saxlamaq və səhhətlərindəki dəyişiklikləri diqqətlə izləmək məsləhət görülür.

