“Həmin il hamı tərəddüddə idi, Heydər Əliyev isə risk etdi..” – Sabiq nazir
“Heydər Əliyev qaldırdığı hər hansı bir məsələnin həlli üçün sona qədər qətiyyətlə çalışırdı. Məsələn, 1994-cü ildə Azərbaycanda ictimai-siyasi vəziyyət kifayət qədər qeyri-sabit idi. Məhz belə bir şəraitdə Heydər Əliyev “Əsrin Müqaviləsi”ni imzalamaqla Azərbaycana milyardlarla vəsaitin gəlişini təmin etdi. Öz siyasi iradəsi, nüfuzu ilə böyük dövlətləri inandıra bildi ki, Azərbaycanın gələcəyi çox yaxşı və uğurlu olacaq”.
Musavat.com xəbər verir ki, bunu vaxtilə ulu öndər Heydər Əliyevlə çalışmış sabiq maliyyə naziri Fikrət Yusifov deyib.
Onun sözlərinə görə, Heydər Əliyev praktik olaraq sıfırdan hər şey yarada biləcək qədər liderlik xüsusiyyətinə malik idi: “Heydər Əliyev bir məsələnin həllində heç vaxt həvəssizlik nümayiş etdirmirdi. Sadəcə olaraq, məsələni təmkinlə araşdırırdı, hər tərəfini öyrənirdi, təhlil edirdi, hər kəsin fikrinə hörmətlə yanaşırdı. Yekunda isə bir qayda olaraq doğru qərar verirdi.
Heydər Əliyev dahi idi. Onun dahiliyi fəaliyyətinin bütün istiqamətində, hər addımında özünü göstərirdi. Biz maliyyəçi idik. Müzakirə etdiyimiz məsələni hərtərəfli araşdırandan sonra bəzən bizə elə suallar verirdi ki, biz heç öz aramızda o sualı bir-birimizə verməmişdik. Bütün bunlar Heydər Əliyevin dahiliyindən, uzaqgörənliyindən, məntiqinin dərinliyindən və idarəçilik bacarığının yüksəkliyindən irəli gəlirdi”.

Sabiq nazir bildirib ki, Heydər Əliyev dünyada gedən siyasi və iqtisadi proseslərə peşəkar baxışları ilə 1993-cü ilin sonları, 1994-cü ilin əvvəllərindən etibarən Azərbaycanda zamanla səsləşən yeni iqtisadi strategiyanın əsasını qoyub: “Ölkə daxilindəki siyasi çəkişmələrin məharətlə nizamlanması, iqtisadiyyatın hiperinflyasiya səviyyəsinin ram edilməsi və onun sonrakı inkişafını təmin edə biləcək qətiyyətli qərarların qəbulu Heydər Əliyev dühasının uğurları idi. Neftin qiymətlərinin dünya bazarlarında 15-16 dollar olduğu bir dönəmdə Azərbaycanın dünya iqtisadi bazarına çıxışını təmin edən “Əsrin müqaviləsi”nin imzalanması isə inqilabi bir dönüşün başlanğıcı idi. Bu müqavilə Azərbaycan iqtisadiyyatının sonrakı illər ərzindəki bənzərsiz uğurlarının təməl daşı hesab olunmalıdır. Məhz “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycan iqtisadiyyatına xarici investisiyaların axınına yol açıldı. Bu müqavilə ciddi iqtisadi tənəzzül yaşayan bir ölkənin iqtisadiyyatına xarici yatırımların cəlb edilməsinin ən uğurlu bir vasitəsinə çevrildi.
Əgər 1993-cü ildə Azərbaycan iqtisadiyyatına heç bir xarici investisiya qoyulmamışdısa, artıq 1994-2000-ci illər ərzində bu yatırımların ümumi həcmi 5,5 milyard dollara bərabər idi. Ən maraqlısı isə bu idi ki, edilən yatırımların 2,2 milyard dolları neftdən kənar sahələrə yönəldilmişdi. Heydər Əliyevin bilavasitə rəhbərliyi altında aparılan islahatlar 1994-cü ildə artıq iqtisadi tənəzzülün qarşısını almağa, sabitliyin əldə edilməsinə gətirib çıxardı.

Ölkə iqtisadiyyatına böyük həcmlərdə investisiya axını hesabına Azərbaycanda sənaye, tikinti, nəqliyyat-kommunikasiya və digər xidmət sahələri dirçəlməyə başladı. Artıq 1996-cı ildən etibarən ümumi daxili məhsul istehsalı hər il sürətlə artmağa başladı.
Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən biri də ictimai və dövlət mülkiyyətinin özəlləşdirilməsinin yeni Dövlət Proqramının hazırlanıb çox sürətlə həyata keçirilməsinə start verilməsi və bununla da ölkədə sahibkar ordusunun yaradılması oldu. Heydər Əliyev özünün uzaqgörən siyasəti ilə çox qısa bir zamanı çərçivəsində nəinki Azərbaycanın kövrək müstəqilliyini qoruyub möhkəmləndirə bildi, eyni zamanda, respublikanın sosial-iqtisadi inkişafında və ölkə iqtisadiyyatının dünya təsərrüfat sisteminə inteqrasiya olunmasında da çox böyük uğurlar qazandı.
Bir sözlə, onun düşünülmüş və uzaqgörən siyasəti nəticəsində bu gün də cənab Prezident İlham Əliyev tərəfindən aparılan iqtisadi islahatların bənzərsiz yeni – Azərbaycan modeli meydana gəldi”.
Şahanə Rəhimli,
Musavat.com

