Şuşa işğal olunanda oynayan Səmədoğlu…
Düşmən və ona dəstək olanların əli yenə tətikdədir, bu qələbələr bizi arxayın salmamalıdır…
8 may tarixinin təqvimdəki qara rəngindən qurtulmasının altıncı ili tamam oldu. Altı ildir “gün o gün olsun ki, Çıdır düzündə konsert verək” ya da “ tezliklə İsa bulağında çay içək” kimi arzuları daha eşitmirik. Çünki onlar daha arzu deyil, gerçəkdir…
O illərə hərdən utanc tarixi demək də bəlkə doğru da deyil. Axı Birinci Qarabağ savaşında Şuşa və digər torpaqlarımız uğ runda canından keçənləri necə unutmaq, “bizim sıraya” necə aid etmək olardı ki?İllər bir-birini əvəz etdikcə, “Şuşa deyəsən, birdəfəlik getdi…” kimi pessimist rəyləri daha çox eşitməkdəydik. “Şuşanı erməni müharibəsiz qaytarmaz”-bu da son illərin ən çox işlədilən fikirlərindən biri, bəlkə də birincisi idi. Elə gerçəkdən də elə oldu…
1992-ci ilin 8 mayından 2020-ci ilin 8 noyabrınadək olan tarixin gətirdiyi utanc qarışıq acını şəxsi olaraq unutmaq mümkünsüzdür, ən azı ona görə ki, kül olmuş evimizi hələ də “kişi kimi qoruyan” hasarımızdan hər gün bir daş düşür…
![]()
İşğalın bu kimi gözdağı azad olunmuş bütün torpaqlarımızda qalır. Minlərlə ailə köçmək üçün sıra gözləyir. Şuşanı yenidən tikirlər, şəhərdə ən müxtəlif tədbirlər keçirilir, amma yaralar o vaxt tam sağala bilər ki, şəhər doğma adamlarına qovuşsun. Dövlət dördqoldan çalışır, həm də təkcə Şuşada deyil, işğaldan azad bütün bölgələrdə. Laçınla Şuşanın məsələn, Ağdamdan və ya Füzulidən fərqli olaraq “çejəyi” qalmışdı. Ona görə tikintilərin hər yerdə eyni masştabda aparılması mümkün də deyil.
Belə bir yanlış təsəvvür də vardı ki, torpaqlarımız işğaldan azad olunandan sonra bütün dünya tökülüşüb evlərin bərpası və tikintisi üçün bizə kömək edəcək. Kömək edən qardaş və dost ölkələr var, amma bu barmaqla sayılacaq qədərdir. İndi bəzi dövlətlər nəinki ərazilərimizin bərpasına dəstək verir, əksinə bizi guya “erməni tarixi abidələrini” dağıtmaqda ittiham edirlər. Demək, düşmən və ona dəstək olanların əli yenə tətikdədir, bu qələbələr bizi qürurlandırmaqla bərabər arxayın salmamalıdır…
İşğal illərində yaşadıqlarımızı xatırlayanda indiki şad günümüzdə hətta qol götürüb oynamaq da olar. Oynamaq demişkən, Şuşa ilə bağlı yaddışımda əbədi həkk olan iki hadisəni də xatırlamağın yeri var. Deyirlər ki, Vaqif Səmədoğlu Şuşanın işğal olunması xəbəri yayılanda Yazıçılar Birliyinin binasında…qol götürüb oynayıb. Şuşanın işğalına bu qədər faciəvi reaksiyanı heç unutmadım. Buna məğlubiyyət acısında havalanmaq da deyirlər. İllər keçəcək, şuşalını(laçınlını da, kəlbəcərlini də) toyda oynadığına görə qınayacaqlar da. Doğurdan da öz payıma deyirəm, Şuşa işğaldaykən, necə oynamaq olarmış?
![]()
İkinci unudulmayacaq hadisə şəhərin işğalı ilə bağlı Bakıdakı məhkəmə prosesində olmuşdu. Şuşanın işğalı ərəfəsində cəmi üç ay daxili işlər naziri olmuş Tahir Əliyevə (24.02.1992 – 25.05.1992) DİN-in müvafiq qoşunlarını niyə şəhərə göndərmədiyi, Laçında saxladığı haqda suallar verilmişdi. O da yaddaşımda qalan kimi beləcədə demişdi: “Yaxşı eləyib Şuşaya girməmişəm…”
Dünya böyük sarsıntılar dövrü yaşayır. Bu xüsusda Prezident İlham Əliyevin gərək ki, Suqovuşanda çıxışı yada düşür. Dünyada müharibələrin, qanlı toqquşmaların kifayət qədər geniş vüsət aldığını deyən dövlət başçısı əlavə etmişdi ki, heç də hər bir ölkə öz maraqlarını, ədalətli maraqlarını özü təmin edə bilmir, ya da öz ərazi bütövlüyü uğrunda mübarizə aparır, amma nəticəyə çata bilmir, ya da hər hansı bir kiçikhəcmli hərbi uğura nail olur, amma tam qələbə əldə edə bilmir. Yəni Prezidentin İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə qazanan ölkə olmadığını dedikdə tam haqlıdır.
27 sentyabrda başlayan Vətən müharibəsində “Şuşa, sən azadsan! ” müjdəsindən sonra Xankəndində hərbi parad da gördük, Xocalıya köç də… Şuşa və digər torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin ruhu qarşısında baş əyirik! Başımızı onların qarşısında əymək böyük qürurdu.
Biz həm də ona görə sevinməliyik ki, uşaqlarımızı Şuşasız Azərbaycan boyda ağır yükün altında qoyub getmədik…
Nazim Sabiroğlu,
Musavat.com

