Cəmiyyət 

Qida təhlükəsizliyi: düyü haqqında bilmədiklərimiz

“Ümumilikdə düyünün plastikdən hazırlanması həm iqtisadi, həm də fiziki baxımdan məntiqsizdir. Plastik qranulların istehsal xərcləri təbii düyünün becərilməsi və emalı ilə müqayisədə daha yüksəkdir. Belə olan halda heç bir istehsalçı daha baha başa gələn məhsulu ucuz qiymətə satmaz. Saxtakarlıq halları adətən daha ucuz materiallardan istifadə etməklə həyata keçirilir”.

Bunu BiG.AZ-a açıqlamasında qida eksperti Asim Vəliyev bildirib.

O, qeyd edib ki, plastik polimerlər bişirmə zamanı suyu udub şişmir, əksinə müəyyən temperaturda əriyərək yapışqan kütləyə çevrilir. Təbii düyü isə bişirildikdə yumşalır və öz strukturunu qoruyur, çünki o bitki mənşəli nişastadan ibarətdir:

“”Bişmir” deyilən düyülər isə adətən yüksək amiloza tərkibli uzun dənəli düyü növləridir. Amiloza düyünün dən-dən qalmasını təmin edir və onun daha gec yumşalmasına səbəb olur.

Evdə bəzi sadə yoxlama üsulları da tətbiq etmək mümkündür. Məsələn, bir qaşıq düyünü suya atdıqda təbii düyü adətən sudan ağır olduğu üçün dibə çökür. Səthdə qalan dənələr isə çox vaxt keyfiyyətsiz və ya içi boşalmış ola bilər.

Digər üsul olaraq bir neçə dənəni yandırmaq mümkündür. Plastik material yanarkən qara tüstü və kəskin kimyəvi qoxu verir. Təbii düyü isə daha çox qovrulmuş taxıl və ya popkorn qoxusuna bənzər iy verərək kömürləşir.

Qidanın dad və keyfiyyətindəki dəyişikliklər hər zaman saxtakarlıqla izah olunmur. Bu, ümumiyyətlə istehsal və kənd təsərrüfatı proseslərində baş verən dəyişikliklərlə də bağlı ola bilər. Müasir kənd təsərrüfatında bitkilər daha çox məhsuldarlıq və daşınmaya davamlılıq üçün seçildiyindən, dad və aromatik xüsusiyyətlər bəzən ikinci plana keçir.

İntensiv əkinçilik torpaqdakı mineralların azalmasına da səbəb olur. Bitkilər kifayət qədər mineral qəbul etmədikdə onların tərkibindəki aromatik birləşmələr tam formalaşmır.

Eyni hal meyvə və tərəvəzlərdə də müşahidə olunur: uzaq məsafələrə daşınması üçün məhsullar çox vaxt kal yığılır və anbarlarda etilen qazı ilə yetişdirilir. Bu proses təbii günəş altında yetişmə ilə müqayisədə dad və şəkər-turşu balansında fərqlər yaradır.

Düyü bişirməzdən əvvəl onu soyuq suda şəffaflaşana qədər yumaq tövsiyə olunur. Bu, səthdəki artıq nişastanı və saxlanma zamanı yaranan tozu təmizləyir.

Həmçinin düyünü quru və sərin yerdə saxlamaq vacibdir.

Bişmiş düyü isə otaq temperaturunda 2 saatdan artıq saxlanmamalıdır. Çünki bu şəraitdə Bacillus cereus kimi bakteriya sporları inkişaf edərək toksin ifraz edə bilər və bu da qida zəhərlənməsinə səbəb ola bilər”.

Daha çox xəbərlər