Gündəm 

Zakir Həsənov Avropa ölkəsində – BUNA görə gedib

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Slovakiya Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın dəvəti ilə bu ölkədə səfərdədir. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Zakir Həsənov Slovakiya Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakla görüşüb. Görüşdə Azərbaycan ilə Slovakiya arasında hərbi əməkdaşlığın cari vəziyyəti barədə ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Tərəflər, həmçinin hərbi, hərbi-texniki əməkdaşlıqların inkişaf perspektivlərini müzakirə ediblər.

Azərbaycanlı nazir IDE (International Defence Exhibition Bratislava) Beynəlxalq Müdafiə və təhlükəsizlik konfransında və sərgisində iştirak edib. Sərgidə təqdim olunan müdafiə sənayesi məhsulları ilə tanışlıqdan sonra “Robot tərəfindən təkmilləşdirilmiş partlayıcı qurğunun zərərsizləşdirilməsi” və “Patron FPV” PUA-sı vasitəsilə təkərli və tırtıllı texnikaya hücumun nümayişləri izlənilib.

Səfər çərçivəsində Z.Həsənov, həmçinin, Çex Respublikasının Baş nazirinin müavini və müdafiə naziri cənab Yaromir Zuna ilə görüşüb. Görüş zamanı tərəflər iki ölkə arasında qarşılıqlı əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

Qeyd edək ki, Slovakiya hərbi sənaye baxımından dünyanın ən böyük oyunçularından biri olmasa da, keçmiş Çexoslovakiya hərbi sənaye məktəbinin davamçılarından sayılır. Ölkə əsasən artilleriya sistemləri, sursat istehsalı, zirehli texnika modernizasiyası, hava hücumundan müdafiə vasitələri və hərbi texniki təmir-modernizasiya sahəsində müəyyən imkanlara malikdir. Bu baxımdan hesab olunur ki, ölkə Azərbaycanın müdafiə sənayesinin modernləşdirilməsi və silah mənbələrinin diversifikasiyası üçün maraqlı tərəfdaş ola bilər.

Azərbaycanın son illərdə müdafiə siyasətində əsas xətt yalnız bir ölkədən asılılığın azaldılmasıdır. Bakı həm Türkiyə, İsrail, Pakistan kimi strateji tərəfdaşlarla işləyir, həm də Avropa ölkələri ilə hərbi-texniki əlaqələri genişləndirməyə çalışır. Slovakiya ilə münasibətlər də bu siyasətin tərkib hissəsi kimi qiymətləndirilir. Xüsusilə NATO standartlarına uyğun texnologiyalara çıxış, texniki təcrübə mübadiləsi və müdafiə sənayesi əməkdaşlığı Bakı üçün əlavə imkanlar yarada bilər.

Emin Həsənli: “Həqiqi hərbi xidmətə çağırış prosedurası geniş təhlillərlə müəyyənləşdirilir”

Mövzu ilə bağlı hərbi ekspert Emin Həsənli Musavat.com-a danışıb: “Azərbaycan çalışır ki, dünyanın bir çox ölkələri ilə ikitərəfli əməkdaşlıq etsin. Bu əməkdaşlıqlar çox önəmlidir. Bunun həm siyasi, həm iqtisadi, həm də hərbi əhəmiyyəti var. Xüsusilə hərbi əməkdaşlıq bu gün olduqca vacib məsələlərdən biridir. Çünki hazırda dünyanın bir çox ölkələri yeni texnologiyalara əsaslanan silahlar istehsal edir.

Əgər quldarlıq və feodalizm dövründə dövlətlərin hərbi sistemi min illərlə ciddi dəyişmirdisə, istifadə olunan silahlar əsasən qılınc, qalxan və ox kimi vasitələrdən ibarət idisə, kapitalizm dövründən başlayaraq bu sahədə böyük dəyişikliklər baş verdi. Əvvəl tüfənglər meydana çıxdı, daha sonra odlu silahlar sürətlə inkişaf etdi. Bir vaxtlar silah texnologiyaları yüz ildən bir dəyişirdisə, XX əsrdə bu dəyişikliklər artıq onilliklər ərzində baş verməyə başladı. XXI əsrdə isə vəziyyət tamamilə fərqlidir. Demək olar ki, hər il, hətta az qala hər gün yeni silah sistemləri və hərbi texnologiyalar ortaya çıxır”.

Ekspert qeyd edib ki, hazırda dünyada hansı ölkənin daha güclü və şanslı olması, hansı ölkənin hansı texnikaya və texnologiyaya sahib olması çox sürətlə dəyişən məsələyə çevrilib: “Məsələn, qardaş Türkiyədə Rəcəb Tayyib Ərdoğandan əvvəl silah istehsalının təxminən 80 faizi xaricdən alınırdı, yalnız 20 faizi ölkə daxilində istehsal olunurdu. Amma hazırda bu rəqəm 90 faizə yaxınlaşıb. Türkiyə artıq böyük silah alan ölkədən böyük silah satan ölkəyə çevrilib. Bu gün Türkiyənin istehsal etdiyi pilotsuz uçuş aparatları, müasir müdafiə sistemləri və digər hərbi texnologiyalar dünyanın bir çox ölkələrinin diqqət mərkəzindədir.

Bənzər nümunələri başqa ölkələrdə də görmək mümkündür. Artıq bu proses elə bir mərhələyə gəlib çatıb ki, çoxtərəfli və ikitərəfli əməkdaşlıqlar xüsusi əhəmiyyət daşıyır. Çünki sabahkı gün təhlükəsizlik və müdafiə məsələlərində ölkənin strateji maraqlarının qorunması baxımından bu əlaqələr olduqca vacibdir”.

Emin Həsənli həmçinin vurğulayıb ki, Azərbaycan dövləti də bütün bu məsələləri ciddi şəkildə təhlil edir, araşdırır və öyrənir: “Hazırda ölkəmizin çox güclü mütəxəssisləri var və milli maraqlara, dövlətin strateji maraqlarına uyğun addımlar atılır. Azərbaycanın müxtəlif ölkələrlə hərbi, siyasi və iqtisadi əlaqələri genişləndirməsi də məhz gələcək təhlükəsizlik, müdafiə və milli maraqların qorunmasına hesablanmış siyasətin mühüm tərkib hissəsidir”.

Xalidə Gəray,
Musavat.com

Daha çox xəbərlər