Ukrayna “Turan birliyi”nə qoşulur-daha hansı dövlətlər var?
Rusiya nəşrindən türk dövlətləri liderlərinin bugünkü görüşü, Azərbaycanın təşkilatdakı rolu haqda sensasion yazı
Bu gün – 15 mayda türk dünyasının mənəvi paytaxtı Türküstan böyük geosiyasətin mərkəzinə çevriləcək. Qazaxıstan Türk Dövlətləri Təşkilatının(TDT) qeyri-rəsmi sammitinə ev sahibliyi edəcək. Dəyişən dünya nizamı şəraitində bu görüş yalnız türk əməkdaşlığı üçün yeni istiqamətlər müəyyənləşdirmək deyil, həm də Mərkəzi Asiyanın subyektliyini gücləndirmək məqsədi daşıyır. Təşkilata digər ölkələr də maraq göstərir və onlarla dialoq üçün “TDT+” adlı yeni format yaradılır. Maraqlı tərəflər arasında ABŞ, Yaponiya, İsrail, Çin, Böyük Britaniya və Ukrayna var”. Musavat.com xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” yazır.
“2021-ci ilin martında Türküstana rəsmi şəkildə türk dünyasının mənəvi paytaxtı statusunun verilməsi onun regional mərkəzdən əsas diplomatik xab səviyyəsinə yüksəlməsini simvolizə edib. Bu şəhər artıq mühüm beynəlxalq forum və sammitlərin keçirildiyi ənənəvi məkana çevrilib. TDT ölkələrinin dövlət və hökumət başçılarının iştirak edəcəyi müzakirələrə əsas tonu Astana və Ankara tandemi verəcək” deyə, məqalədə bildirilir. Qazaxıstanlı politoloq Ruslan Maksat nəşrə deyib ki, Rəcəb Tayyib Ərdoğanın Qazaxıstana səfəri Türkiyənin Mərkəzi Asiyada artan diplomatik fəallığının zirvəsində baş verir və TDT- nin inkişafında yeni mərhələni ifadə edir. Onun sözlərinə görə, uzun müddət yalnız mədəni-humanitar müstəvidə qalan “Turan faktoru” artıq real geosiyasi alətə çevrilib: “Avrasiya məkanında yeni düzənin formalaşdığı bir dövrdə Mərkəzi Asiya enerji təhlükəsizliyi, logistika marşrutları və nadir torpaq metalları kimi sahələr üzrə qlobal maraqların kəsişdiyi nöqtəyə çevrilir. Bu kontekstdə TDT çərçivəsində əməkdaşlıq region ölkələri üçün strateji müstəqilliyin möhkəmləndirilməsi baxımından etibarlı baza rolunu oynayır”.
Politoloq Dərya Karayev isə “NQ” açıqlamasında deyib ki, Türküstandakı qeyri-rəsmi sammit, təşkilatın rolunun və üzv dövlətlərin mövqelərinin yenidən qiymətləndirilməsi sammitinə çevrilə bilər. Onun fikrincə,TDT-nin ideya müəllifi və əsas lideri olan Türkiyə son dövrlərdə fəallığını azaldıb və bu rolu müəyyən dərəcədə Azərbaycana ötürüb.
Nəşr ötən il Türkmənistanın lideri Qurbanqulu Berdıməhəmmədov Mərkəzi Asiyanın müqəddəs türk məkanlarına səfər edərək, TDT üzvü olan bütün Mərkəzi Asiya ölkələrinin prezidentləri ilə görüşüb. “Daha sonra isə o, gözlənilmədən Fransaya səfər edərək Emmanuel Makron ilə danışıqlar aparıb. “Bu addım bir növ siyasi jest kimi qəbul olunub. Bundan sonra Türkiyə regionda nisbətən geri plana çəkilib, əvəzində Azərbaycan aktivliyini artıraraq “Mərkəzi Asiya – Azərbaycan” formatında fəal iştirak etməyə başlayıb” deyə, politoloq bildirib.
Karayevin fikrincə, Türkmənistan liderinin Türküstan sammitindən əvvəl Kazanda keçirilən “Rusiya və İslam dünyası” forumuna səfəri də ölkənin TDT daxilində “xüsusi mövqeyini” nümayiş etdirmək cəhdi kimi qiymətləndirilə bilər. “Bu, Türkiyə və Azərbaycanın təşkilat daxilində konsolidasiyanı gücləndirmək səylərinə qarşı müəyyən siqnaldır. Söhbət, eyni zamanda, Şimali Kipr Türk Respublikasının TDT -də müşahidəçi kimi qəbul olunmasından gedir. Türkiyə və Azərbaycanın təzyiqinə baxmayaraq, Qazaxıstan və Özbəkistan bu məsələdə ehtiyatlı mövqe sərgiləyir. Bu ölkələr Şimali Kiprin beynəlxalq təşkilatlarda tanınmasının BMT və ATƏT qərarlarına zidd olduğunu nəzərə alaraq balans siyasəti yürüdürlər. Bundan əlavə, Ukraynanın TDT-yə qoşulması təşəbbüsü də gündəmdədir. Bu təşəbbüs Ukrayna ərazisində yaşayan türk mənşəli xalqlara əsaslanır. Lakin bu məsələ təşkilat üzvlərini Rusiya ilə münasibətlərdə çətin vəziyyətə sala bilər”.
Ekspert həmçinin qeyd edir ki, son dövrlərdə Qərb akademik dairələrində yayılan “dekolonizasiya” narrativi region ölkələrində də təsirini artırır və bu, postsovet məkanında yeni siyasi tendensiyalar yaradır.Nəhayət, TDT-nin İran ətrafında baş verən münaqişələr fonunda da öz mövqeyini müəyyənləşdirməsi zəruridir. “Lakin üzv ölkələrin fərqli yanaşmaları səbəbindən vahid mövqenin formalaşması çətin görünür və ən real ssenari ümumi sülh çağırışları ilə məhdudlaşmaqdır” deyə, “NQ” bildirir.

